Dolların hələ də üstün olmasının səbəbi nədir? İqtisadiyyat

Dolların hələ də üstün olmasının səbəbi nədir?

Amerika üstünlüyünün başlıca göstəricisinin ötən il geri qayıtması onun əleyhinə fikir söyləyənlərin təəccübünə səbəb oldu. Qısa müddət əvvəl sıradan çıxdığı düşünülən dollar yenidən uğurlu dövrünü keçir və belə görünür ki, bu vəziyyət uzun müddət davam edəcək.
Dolların birincilik statusuna uzun sürən yüksəlişi qlobal ehtiyat valyutasının xüsusiyyətləri və dolların özünün bu rolda qalması imkanı haqqında çox şey deyir. ABŞ valyutası bu mövqeyi ilk dəfə 1920-ci illərdə qazanmağa başladı, bunun əsas səbəbi də birinci dünya müharibəsinin Avropanı iqtisadi cəhətdən şikəst qoyması və Birləşmiş Krallığı iflasın astanasına gətirməsi idi. Ancaq o vaxtlar belə dollar üstünlük qazanmadı. Yalnız ikinci dünya müharibəsindən sonra dollar mübahisəsiz qəbul edilən mövqe üçün lazım olan bütün xüsusiyyətləri qazandı.
"National Interest" dolların dünyanın valyuta bazarlarında üstünlüyünün səbəblərini təhlil edib.
Dolların bu üstünlüyü köklü vərdişlərdən irəli gəlirdi. XIX əsrin sonlarından etibarən ABŞ iqtisadiyyatının hədsiz böyüməsi və genişlənən ticarət əlaqələri dünya əhalisini dollarla iş görməyə öyrəşdirdi. Biznesmenlər, ayrı-ayrı şəxslər və hökumətlər bu vərdiş ətrafında müəssiələr yaratdılar. Asiyadan Avropa və Latın Amerikasına qədər hər bir böyük şəhər və limanda dollardan on illərlə geniş şəkildə istifadə olundu. İnsanlar uzun müddət idxal və ixrac müqavilələrini dollar üzrə bağlayırdı. Valyutanın bu dərəcədə önə çıxması illərlə müəssisə, maliyyə qurumları və mərkəzi bankları dollar əmanətləri saxlamağa və investisiya qoymağa yönəltdi.
Bundan başqa, dolların 1940-cı illərin sonunda yüksəlməsi təklif etdiyi bənzərsiz zəmanəti əks etdirirdi. ABŞ və onun valyutası mükəmməl sığınacağa çevrildi. Böyük və güclü iqtisadiyyatı olan ABŞ-ın istehsalda da rəqibi yox idi. ABŞ eyni zamanda o dövr üçün nadir olan siyasi stabillik də təklif edir, ehtiyatlı maliyyə və pul strategiyaları vədi verirdi. Amerikanın diplomatiyası və hərbi gücü digərlərində bu ölkənin dollar da daxil olmaqla, öz maraqlarını istənilən yerdə qoruya biləcəyi və qoruyacağı ilə bağlı inam yaradırdı. Amerikanın qanunlar ölkəsi kimi qazandığı reputasiya belə bir düşüncə yaradırdı ki, bu ölkə öz öhdəliklərini yerinə yetirəcək və dollarla yerləşdirilmiş istənilən sərvət sahibinin harda yaşamasından asılı olmayaraq, əsassız vergi və müsadirəyə məruz qalmayacaq. Bretton Vuds razılaşması dolları qızılla əlaqələndirərək bu valyutaya daha çox üstünlük verilməsinə gətirib çıxardı. Bu da ehtiyatlı siyasət izlənilməsi vədi ilə birləşərək insanları bu valyutanın alıcılıq qabiliyyətini saxlayacağına əmin etdi.
Dolların yüksəlişini tamamlayan başqa bir mühüm xüsusiyyət də var idi. ABŞ dünyaya geniş və güclü kapital bazarları təklif edirdi. Böyük ölçüyə malik olan və dayanmadan fəaliyyət göstərən bu bazarlar dünyada hər bir kəsə bu vədi verirdi ki, onlar istədikləri vaxt dollar investisiyalarını nəğdə, həmin nəğd pulu isə digər valyuta və ya qızıla çevirə bilərlər. Bu bazarlar eyni zamanda fyuçer və opsion müqavilələri ilə də işlədiklərinə görə, dollar sahiblərinə dolların dəyəri və əmtəələr, yaxud da dollarla bu sahiblərin ölkələrindəki valyuta arasında dəyişiklik olması riskinə qarşı tədbir görmək imkanı verirdi.
İkinci dünya müharibəsindən sonrakı iyirmi beş il ərzində bu qüsursuz xüsusiyyətlər dolların mübahisəsiz üstünlüyünü davam etdirdi. Qəribədir ki, dolların yeganə qüsuru Amerika iqtisadiyyatının ticarət balansının müsbət saldosunu yaradan nisbi gücündən yarandı. Ehtiyat valyuta buraxan ölkənin ticarət kəsiri olmalıdır. İdxalın ixracı üstələməsi qlobal bazarlara ehtiyat axınını təmin edir, bu da genişlənən beynəlxalq ticarətdə artan likvidlik ehtiyaclarını ödəyə bilər. Bununla belə, bu dollar çatışmazlığı 1960-cı illərin sonunda yoxa çıxmağa başladı, bunun səbəbi xaricdə təkmilləşən rəqabət qabiliyyətlərinin Amerikanın xarici ticarətində kəsir yaratması idi. Lakin bu irəliləyiş beynəlxalq səviyyəli maliyyə problemini həll etsə də, ölkə daxilində problem yaratmaqla sistemin süqutu üçün zəmin hazırlayırdı. Siyasi təzyiqi hiss edən prezident Riçard Nikson Bretton Vuds razılaşması ilə müəyyənləşdirilmiş sabit xarici valyuta məzənnələrini dəyişməklə bu təzyiqi azaltmağa çalışdı. Almaniya və Yaponiya müqavimət göstərdikdə isə birtərəfli şəkildə fəaliyyət göstərərək 15 avqust, 1971-ci il tarixində dollarla qızıl arasındakı əlaqəni kəsdi.
Buna baxmayaraq, dollar qlobal ehtiyat valyutası kimi mövqeyini saxladı. Dolların davamlılığı müəyyən dərəcədə əvvəlki illərdən gələn uzunmüddətli vərdişin və bu vərdiş əsasında yaradılan müəssisələrin təsirini əks etdirirdi. Dollar əksər beynəlxalq ticarət və bank müəssisələrində üstünlüyünü qorudu. Dollar təhlükəsiz dəyər mənbəyi kimi müvəqqəti mövqeyini itirsə də, digər valyutaların çox azı üstünlük iddiası irəli sürə bilər. Bəzi valyutalar həqiqətən də dollara qarşı üstünlük qazanmış ola bilər, ancaq, demək olar, bütün ölkələr kəskin inflyasiyadan ABŞ qədər əziyyət çəkdi. Digər aspektlərdən baxdıqda isə alternativ valyutaların təklif edəcəyi çox şey yoxdur. Şübhəsiz ki, bəzi valyutaların qlobal ehtiyat valyutası üçün lazım olan xüsusiyyətləri var. 1970-ci illərə qədər 1940-cı illərdə olduğundan daha çox ölkə siyasi stabillik və qanun aliliyi tələb edə bilərdi. Bununla belə, bu ölkələrin heç biri Amerikanın diplomatik və hərbi gücünə, iqtisadiyyatı və ticarətinin miqyasına yaxınlaşa bilmirdi. ABŞ-ın maliyyə bazarları da dolların statusunu qorumasına kömək etdi. Yalnız London bu bazarların gücü, genişliyi, likvidliyi və çoxtərəfli olmasına rəqib ola bilərdi, ancaq həmin vaxta qədər funt sterlinqdə artıq ehtiyat valyutası xüsusiyyətləri yox idi.
İndi isə Çin dolların mövqeyinə qarşı fəaliyyətə keçib. Pekindəki rəsmilər açıq şəkildə məqsədlərini bildirərək deyiblər: "Bəlkə də, çaşqınlığa düşmüş dünya üçün Amerikanın üstün olmadığı bir dünya qurmağın vaxtıdır." İyirmilər qrupunun (G-20) 2014-cü ilin fevralında keçirilən görüşündə Çin nümayəndələri ABŞ-ı dolların ehtiyat statusundan istifadə etməkdə ittiham etdilər. Pekin Çinin həm dövlətə məxsus, həm də özəl şirkətlərini xarici sövdələşmələrdə dollar əvəzində yuandan istifadə etməyə məcbur edib. Son hesablamaya görə, yetmiş minə yaxın şirkət buna əməl edib. Pekin Yaponiya, Rusiya, Hindistan, Braziliya, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və başqa ölkələrlə ikitərəfli ticarətin dollarla yox, öz valyutaları ilə aparılması haqda sazişlər imzalayıb. Çin Afrikanın ən böyük ticarət tərəfdaşı kimi burda da ticarətdə yuandan istifadəni təşviq edib.
Bütün bu cəhdlərə baxmayaraq dollar hələ də üstünlüyünü qoruyur. Dolların bu davamlılığı heç də Amerikanın iqtisadi və ya maliyyə idarəçiliyindən irəli gəlmir. Bu nə də ölkənin iqtisad gücünə və ya maliyyə stabilliyinə olan inam göstəricisi deyil. Bu üstünlük Çinin böyüyən iqtisadiyyatı və ticarətinə kölgə də salmır. Əsas səbəb odur ki, Amerikanın nisbətən zəifləməsinə və digərlərinin nisbətən güclənməsinə baxmaraq, başqa heç bir valyuta dolların qlobal ehtiyat mövqeyi üçün lazım olan xüsusiyyətlərinə yaxın dura bilmir.
Avronun məsləhət görülməsi üçün isə çox səbəb var. Avrozonada qanun aliliyi var. Dollardan sonra mərkəzi banklarda ən çox saxlanılan valyuta avrodur. Maliyyə bazarları da bu rol üçün kifayət qədər böyükdür və inkişaf etmişdir. Bu bazarlar dolların əsas götürüldüyü bazarlarla miqyas baxımından rəqabət aparırlar. Maliyyə amilindən başqa, avro bölgəsinin iqtisadiyyatı və ticarətinin əhatə dairəsi də ABŞ-la müqayisə edilə bilər. Avropada maliyyə böhranı isə əsas maneədir. Heç şübhəsiz, təəccüblüdür ki, mövcud şəraitdə belə avronun xarici valyuta dəyəri nisbətən stabil olaraq qalır. Böhran isə vahid valyutanın davam gətirib-gətiməyəcəyi, davam gətirərsə, neçə ölkənin bu valyutadan istifadə edəcəyi suallarını ortaya qoyur. Bu məsələlər həll olunana qədər avronun qlobal ehtiyat valyutası olması ehtimalını müzakirə etməyə dəyməz. Böhranın miqyası isə bunun uzun çəkəcəyini göstərir.
Çinin yuanı qarşısında daha böyük maneələr var. Əlbəttə, ölkənin iqtisadiyyatı kifayət qədər böyük və dinamikdir. Avro bölgəsi istisna olmaqla, istənilən alternativdən daha böyükdür. Ticarət miqyası qeyri-mütənasib şəkildə daha böyük olan Çin bu baxımdan artıq ABŞ-a yaxınlaşır. Bunlara baxmayaraq, siyasi stabillik və qanun aliliyi ilə bağlı ciddi problemlər var. Çin nə diplomatik, nə də hərbi baxımdan qlobal səviyyədə olduğunu iddia edə bilməz. Çin Şərqi Asiyada reputasiya qazansa da, nadir hallarda regiondan kənarda özünü göstərə bilir. Çinin Yaxın Şərqdə neftdən başqa, Afrika və Amerikada isə xammaldan başqa rol oynadığı bir sahə yoxdur.
Yuanın ən böyük uğursuzluğu isə maliyyə sahəsindədir. Çinin bazarları qlobal ehtiyat valyutasını dəstəkləyə bilməyəcək qədər qapalıdır. Bu günlərdə Pekin liberallaşma haqqında çox danışsa da, hələ də xarici maliyyə qurumlarının Çində sərbəst fəaliyyətinə imkan verməkdən imtina edir və ölkəyə gələn və ölkədən çıxan maliyyə axınını idarə etməyə davam edir. Çində maliyyə də yaxşı inkişaf etməyib. Ölkənin nə bunun üçün lazımi maliyyə vasitələri, nə də likvidlik təmin edilməsi üçün ticarət həcmi var. Çində beynəlxalq ticarətlə məşğul olanlar, bankirlər və investorların əldə edə biləcəyi maliyyə vasitələrinin 250 milyard dollar dəyərində olması haqda məlumat verilir. Bu rəqəm funt sterlinqlə götürülən vasitələrin qarşılığı olan 9 trilyon dollar, yenlə 15 trilyon dollar, avro ilə 29 trilyon dolların kölgəsində qalır. Yuanın ən qədim və ən yaxşı inkişaf etmiş ticarət mərkəzi Şanxay isə bu yaxınlarda yuanın 11 valyuta ilə birbaşa alınıb-satıla biləcəyi ilə öyünüb. Bu, irəliləyişdir, ancaq ehtiyat valyutası ticarətlə məşğul olanlara bazarlarda likvidliyin daima saxlanması üçün kifayət edəcək qədər yerdə istənilən valyutadan istifadə etmək imkanı verməlidir.
Çin, bəlkə də, yuanın qlobal ehtiyat valyutası statusu qazanmasını heç istəmir. Şübhəsiz ki, Pekin beynəlxalq səviyyədə daha çox istifadə olunan valyutanın gətirəcəyi faydaları görə bilir. Başlıca ehtiyat valyuta statusuna yüksəlmənin də potensial faydaları aydındır. Ancaq Çin onu da bilir ki, ehtiyat valyuta statusunun Çinə inkişafının bu mərhələsində heç də lazım olmayan zərər verə biləcək tərəfləri də var. Hər şeydən əvvəl, bu status açıq maliyə bazarlarının olmasını tələb edəcək və yuanın xarici valyuta dəyərini artırmaqla Çinin ixrac potensialına zərər verəcək.
Beynəlmiləlləşdirmə ticarəti həm ucuzlaşdırır, həm də çətinləşdirir. Bir ölkənin idxalatçı və ixracatçıları öz valyutaları ilə ticarət apar bilirlərsə, sövdələşmə zamanı xarici valyutanın əks hərəkət etmələri riskindən yayınırlar. Dollar üzrə bağlanan müqavilələr Çin ixracatçılarını müqavilə əsasında edilən dollar ödənişlərinin yuan dəyərini yuana əsaslanan daxili istehsal xərclərinə nisbətən aşağı sala biləcək xarici valyuta dəyişikliklərinə məruz qoyur.
Xüsusilə Çin olmaqla, bu ölkələr beynəlmiləlləşdirmədən ehtiyat valyuta statusuna yüksəlməyin gətirdiyi əlavə üstünlüklərə qarşı həssasdırlar. Onlar görürlər ki, dolların hakim ehtiyat statusu ABŞ-a satdığından daha çox mal və xidmət almağa imkan verir. Dolların ehtiyat valyuta statusu ABŞ-ın daha çox istiqraz buraxmasına və digər ölkələrdən daha çox kredit almasına imkan yaradır. Çin, Rusiya və digərləri isə bu üstünlüklərə sadəcə uzaqdan baxa bilirlər. Ancaq Çin liderləri bu statusun özü ilə gətirəcəyi problemlərdən də xəbərdardır.