“Moskva Bakının bu layihəsinə mane ola bilməyəcək” İqtisadiyyat

“Moskva Bakının bu layihəsinə mane ola bilməyəcək”

Qabil Hüseynli: "Türkmənistan qazının Azərbaycan qazına qoşulmaqla TANAP vasitəsilə Avropaya çıxarılması reallaşacaq"

Cavid

Bu yaxınlarda Türkmənistan, Azərbaycan, Türkiyə və Avropa Birliyinin energetika sahələrinin rəhbərlərinin iştirakı ilə Aşqabadda dördtərəfli müzakirələr aparılıb.
Məsələ ilə bağlı açıqlama verən politoloq Qabil Hüseynli bildirib ki, Rusiya və İran nə qədər çalışsa da, buna mane ola bilməyəcək: "Rusiyanın iki arqumeti var: birincisi, Xəzərin statusunun müəyyən edilməməsi, ikincisi, ekoloji cəhətdən çirklənməsi. Ancaq Moskvanın əsas gətirdiyi bu arqumentlər işləməyəcək. Çünki BMT Transxəzər layihəsinin ekspertizası ilə Rusiyanın qarşısına çox mühüm bir nəticə qoyub. İstifadə ediləcək borular minumum 100 ilədək yararlıdır. Məsələnin Xəzərin statusuna da bir dəxli yoxdur. Rusiya və İranın layihənin əleyhinə olması regionunda heç bir müharibə ocağının yaranmasına səbəb olmayacaq. Bunun əksini iddia edənlər yanılırlar. İşin arxasında Amerika və Avropanın azı 30 dövləti dayanır. İran da hər hansı bir hərəkətə keçə bilməz. Rusiya vaxtilə Bakı-Ceyhan neft kəmərinin çəkilişində də bu cür münasibət sərgiləmişdi. O zaman işin arxasında heç bu qədər dövlət durmurdu. Transxəzər qaz kəməri layihəsi Qərbin strateji maraqlarının ən mühüm hissəsidir. Qərb lazım gələrsə, Rusiyanı yerində oturtmaq üçün istənilən vasitəyə gedə bilər. Rusiya get-gedə zəifləməkdə və mövqelərini təhvil verməkdədir".
Politoloq bildirb ki, o dövrə qədər Rusiyada çox arzuolunmaz hadisələr baş verəcək və heç o zaman Putin də hakimiyyətdə olmayacaq: "Çox güman ki, Moskvanın bu layihəyə səsini çıxarmaq imkanı belə qalmayacaq. Üstəlik, Türkmənistan dəfələrlə Rusiya tərəfindən aldadılıb və illər boyu türkmən qazı 120 dollara alınaraq Avstriyaya 450 dollara satılıb. Yəni Rusiya bu dövlətlərin hər birini incitmiş ölkədir. Ona görə də Moskvanın əlindəki arqumentlər tənqidlərə dözməyəcək. Transxəzər üçün Avropada artıq lazımı maliyyə vəsaitləri tapılıb, kəməri çəkəcək şirkətlər bəllidir. Transxəzər layihəsi Avropanın qaz təchizatını tamamilə yerinə yetirəcək və əminəm ki, 2019-cu ildə TANAP və TAP layihəsi də işə düşəcək".