“Kino üçün peşəkar ssenarilər yazmağı bacaran insanlar çatışmır” Müsahibə

“Kino üçün peşəkar ssenarilər yazmağı bacaran insanlar çatışmır”

Cahangir Məmmədov: ""Kinematoqrafiya haqqında" qanuna rəy verəcək hər kəsin ədalətli münasibətinə ümid edirik"

Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiri Cahangir Məmmədovun APA-ya müsahibəsi

- Cahangir müəllim, kino ictimaiyyəti peşə bayramına necə hazırlaşır?

- Fikrimcə, ən yaxşı xəbər ondan ibarətdir ki, ölkədə kino prosesi davam edir: kinoya yeni insanlar qatılır, yeni filmlər çəkilir, ssenaristlər ssenarilər yazır, prodüser və rejissorlar yeni layihələr hazırlayır, kinoteatrların repertuarları durmadan yenilənir və nəhayət, tamaşaçılar kinoya gedir. Əgər konkret olaraq 2 avqust Kino Günündən danışsaq, həmin gün təntənəli gecənin iştirakçılarına xaricdə yaşayan və ya təhsil alan azərbaycanlı gənc rejissorlar tərəfindən çəkilmiş, 5 novelladan ibarət "Şəhər motivləri" adlı kinoalmanax təqdim ediləcək. Layihə fikrimizcə, uğurlu alınıb və "Azərbaycanfilm" kinostudiyası bu istiqaməti davam etdirmək qərarına gəlib. Artıq gənc kinematoqrafçıların iştirakı ilə "Motivlər-2" şərti adlı ikinci almanax istehsal olunur.

- Kino sahəsinin hazırkı inkişaf səviyyəsindən danışmağınızı istəyirəm. Yeni filmlərdən gözlədiyiniz reaksiyanı görürsünüzmü?

- Bu sualı birmənalı cavablandırmaq çətindir. Bir tərəfdən, xüsusilə son zamanlar filmlərimiz beynəlxalq kinofestivallarda iştirak edir və mükafatlar qazanır. Keçən il coğrafiyası 5 qitəni əhatə edən 60-dan çox beynəlxalq festival bizim filmləri öz proqramlarına daxil edib. Bu filmlərin əksəriyyəti "Azərbaycanfilm" kinostudiyasının istehsalıdır. Hələ bizdə belə bir təcrübə olmamışdı: ilk dəfə bədii filmlərimiz Kann və Venesiya kimi dünyanın ən nüfuzlu kino festivallarının müsabiqə nümayişinə seçilib. Bu gün də bir sıra uğurlu işlər mövcuddur. Onlardan biri - vətənpərvərlik mövzusunda çəkilmiş, Qarabağ müharibəsindən bəhs edən "Yarımçıq xatirələr" filminin təqdimatı Nizami Kino Mərkəzində uğurla keçirilib və sentyabr-oktyabr aylarında həmin film kinoteatrlarda nümayiş olunacaq. Filmlərin birgə istehsalı üzrə işlər qaydaya salınır. Gənc rejissorlarla ciddi işlər görülür: ssenari müsabiqələri keçirilir, "Debüt" studiyası tam gücü ilə fəaliyyət göstərir, xarici mütəxəssislərin iştirakı ilə ustad dərsləri təşkil edilir. "Azərbaycanfilm" kinostudiyasında istehsal prosesi dəqiq qurulub. Bu gün biz çəkiliş prosesini və Azərbaycanda çəkilişləri həyata keçirmək istəyən bir çox xarici şirkətlərin fasiləsiz işini təmin etmək gücünə malikik. Digər tərəfdən, bu, yaradıcı kadrların, xüsusilə, yüksək ixtisaslı ssenarist, rejissor və operatorların çatışmazlığıdır. Maddi-texniki baza ilə problem mövcuddur ki, nəticədə kinoçəkiliş avadanlıqlarının icarəsinə böyük vəsait sərf olunur.
Lakin ən əsası odur ki, məsələlər tədricən öz həllini tapır və biz əminik ki, kinematoqrafiyamız bizi maraqlı işlərlə hələ çox sevindirəcək. Əlbəttə, hər çəkilən filmdən uğur gözləmək mümkün deyil, heç yerdə və heç vaxt belə olmayıb və yoxdur. İstədiyimiz səviyyəni saxlamaq hər zaman nəsib olmur. Ümid bəslədiyin ssenari orta səviyyəli və ya sadəcə zəif film alındıqda adama pis təsir edir. Amma bu, təbii prosesdir.

- Kinonun vergidən azad olunması ilə bağlı məsələ müzakirə olunurdu. Bununla bağlı vəziyyət nə yerdədir? Əgər bu baş tutarsa, hansı irəliləyiş gözlənilir?

- Söhbət konkret 3 ildən 5 ilədək olan müddətə kinematoqrafiyaya dəstəkdən gedir. Bu müddətə biz kinonun əlavə dəyər vergisindən, kinoçəkiliş avadanlıqlarının və kinoplyonkaların idxalının gömrük rüsumundan azad olunmasını təklif edirik. Bu müddət ərzində kino istehsalçıları öz maddi-texniki bazasını möhkəmləndirə biləcək, dövriyyə vəsaitlərini artıracaq, bu isə yeni layihələr, yeni filmlər, yeni adlar deməkdir.
"Kinematoqrafiya haqqında" yeni Qanun layihəsi Milli Məclisə təqdim olunub. Və biz bu sənədə rəy verəcək hər kəsin ədalətli münasibətinə ümid edirik.

- Ssenarilər necə seçilir? Müəlliflərin hansısa "qapalı bazarı" mövcuddurmu, və ya hansısa indiyə qədər naməlum müəllif prosesə qatıla bilərmi?

- "Bazar" ifadəsi mənə o qədər də aydın deyil. Əgər siz bu və ya digər ssenarinin seçilməsi üçün "minnətdarlığ"ı nəzərdə tutursunuzsa, bu yoxdur. Materialın seçilməsi sisteminin şəffaflığına görə bu mümkün deyil. Bunun üçün öz sahəsində kifayət qədər nüfuzlu yaradıcı mütəxəssislərdən ibarət Məşvərət Şurası mövcuddur. Şura tərəfindən materiallar nazirlikdə təsdiqlənməsi üçün seçilir.
Kino yazarları dairəsinin qapalılığı ilə bağlı sualınıza gəlincə, belə dairə nəinki mövcud deyil, hətta ola da bilməz, çünki bizdə kino üçün peşəkar ssenarilər yazmağı bacaran insanlar çatışmır. Buna görə biz onların axtarışındayıq, hər zaman ssenari müsabiqəsi keçiririk, xaricdən müəlliflər cəlb etmək məcburiyyətindəyik. Bu səbəbdən hansısa ssenaridə onun inkişafı üçün bir ipucu olduqda, dərhal qeydə alınır və müəllifi ilə onun materialı üzərində fərdi iş aparılır. Biri-birinin ardınca kinodramaturgiyanın şah əsərini yaradacağını güman edən bir çox həvəskar yazarlar da mövcuddur. Məhz onlar əmindirlər ki, həmin adamları sadəcə olaraq, həmin "əlçatmaz dairə"yə buraxmırlar. Debütlər üçün gənc insanların axtarışı prosesində başa düşürsən ki, kinoda işləmək üçün maraqlı şəxsiyyət tapmaq necə çətindir.

- Azərbaycan kinosunda senzura varmı? Bəzən rejissorlar azadlıq sərhədlərinin daralmasından şikayətlənirlər...

- Baxır, bu anlayışa hansı mənada yanaşılır. Əgər biz dövlət sifarişi ilə film çəkiriksə, o zaman sifarişçinin istəyini nəzərə almamaq olmaz. Və bəziləri bunu senzura adlandırırsa, düzgün deyil. Tutaq ki, siz haranısa təmir etdirir və ustaya divarları boz rəngdə boyamağı tapşırırsınızsa, axı fikirləşmirsiniz ki, o divarları yaşıl rəngə boyayacaq. Bəs nə üçün kimsə fikirləşir ki, bunu kinoda etmək olar? Əgər rejissor və prodüser digər mənbələrin vəsaiti hesabına film çəkərsə və biz bu filmi Filmlərin Dövlət Reyestrində qeydiyyata almayıb yayım hüququ vermədiyimiz halda qanun pozuntusundan danışmaq olar. Senzura ölkəmizdə qanunla ləğv edilib.

- Kinostudiyada aparılan islahatlar Sizi qane edirmi?

- "Azərbaycanfilm" kinostudiyasında kino istehsalı prosesində ciddi dəyişikliklər etmək zərurəti çoxdan yaranmışdı. İki il öncə həyata keçirilən kadr dəyişikliyi nəhayət bu işə başlamağa imkan yaratdı. Müşfiq Hətəmov dəqiq istehsal mexanizmini yoluna qoymaqla studiyanın bütün texnoloji bölmələrinin ahəngdar işləməsinə, maliyyə intizamının güclənməsinə, kadrların məsuliyyətinin artmasına, işçilərin əmək haqlarının artırılmasına və s. nail oldu. Eyni zamanda, burada vəsaitə əhəmiyyətli qənaət edilərək yeni layihələrin həyata keçirilməsinə yönəldilir.

- Cahangir müəllim, yeni filmlər telekanallarda nümayiş olunmur. Olunursa da, bu, fikrimcə, qənaətbəxş deyil...

- Əgər ən yeni filmləri nəzərdə tutursunuzsa, filmi təqdimatından dərhal sonra televiziya ekranlarına çıxarmaq olmaz. Bu, hər yerdə tətbiq edilən təcrübədir. Nizami Kino Mərkəzi filmi göstərməlidir və digər kinoteatrlar istədikləri halda onu öz repertuarlarına daxil edə bilərlər. Filmlərin kinofestivallarla bağlı öz qaydaları var: filmin festivalda iştirakdan öncə televiziya kanallarında nümayişi məqbul sayılmır. Əslində verdiyiniz bu sual daha çox televiziya rəhbərlərinə aiddir. Bir çox filmimizin nüsxələri bütün telekanallarda mövcuddur. Onları proqrama daxil edib-etməmək telekanalların istəyindən asılıdır.

- Növbəti ilə hansı layihələr var, bu barədə məlumat verə bilərsinizmi?

- Mirsadıq Ağazadə romantik komediya janrında "Eviniz abad" şərti adlı bədii filmin istehsalına başlamalıdır. Çingiz Abdullayevin "Quba kapriçiosu" romanının motivləri əsasında rejissor Yavər Rzayevin "Xeyir ilə Şərin rəqsi" filminin istehsalı başa çatmaq üzrədir. Artıq neçə ildir ki, başa çatdırılmamış istehsal və təşkilati məsələlər səbəbindən "Qırmızı bağ" müştərək filmini yekunlaşdırmaq mümkün olmayıb. İndi nəhayət bütün təşkilati məsələlər həll edilib və Mirbala Səlimli öz filminin final mərhələsi üzərində işləməyə başlaya biləcək. Kamran Şahmərdan Elçin Əfəndiyevin eyniadlı əsəri əsasında gürcü kinematoqrafçıları ilə lentə aldığı "Qatil" filmi üzərində işləri başa çatdırmaq üzrədir. Daha bir neçə adlarını hələ ki, açıqlamaq istəmədiyim tammetrajlı film layihələri mövcuddur.

- Bəzən kinematoqrafçılarımızın kəskin fikirləri ilə rastlaşırıq ki, çəkilişlərə xarici mütəxəssislər, aktyorlar, operatorlar dəvət edilir və bizim mütəxəssislər kənarda qalır...

- Belə bir əhvalat danışılır: kinostudiyanın direktoru Adil İsgəndərovun yanına bir rejissor gəlir və deyir ki, öz yeni filmində rollara Gürcüstan, Özbəkistan və Rusiyadan aktyorlar dəvət etmək istəyir. İsgəndərov ona cavabında deyir ki, bəlkə mən rejissoru da Moskvadan dəvət edim? İlk baxışdan hər şey düzdür və bu əhvalat sizin dediyiniz insanların narazılığını təsdiqləyir. İndi isə vəziyyətə o vaxtdan 50 il sonrakı baxış bucağından nəzər salaq. İndi biz başqa mühitdə yaşayırıq. Hazırda film bir studiyanın texniki və yaradıcı gücü ilə çəkilirsə, bu artıq filmin dəyərini artıran amil kimi qəbul olunmur. "Birgə kino istehsalı haqqında" Beynəlxalq Konvensiya mövcuddur. Yeri gəlmişkən, Azərbaycan da həmin Konvensiyanı imzalayıb. Birgə istehsalın hansı fayda gətirdiyi barədə çox danışılıb, bu, kinoprokat sahəsinin, maliyyə, texniki, yaradıcı imkanların genişlənməsi deməkdir.

- Bizdə sınanmış səsyazma rejissorları var. Amma tutalım, bir rejissor İtaliyadan hansısa operatorun bir neçə filminə baxır və düşünür ki, onun filmi üçün tələb olunan vizual xətti məhz həmin adam qura bilər...

- Müasir kino aləmində bu mənada hər şey sıx bağlıdır. Bu proses getdikcə sürətlənməkdədir. Titrlərdə prodüserlərin, xaricdən olan çəkiliş qrupu üzvlərinin, ifaçılarının və s. göstərilməməsi xaricdə qəribə qarşılanır. Demirəm ki, bizdə bu, hələ lazımı səviyyəli mütəxəssislərinin çatışmazlığından irəli gəlir. Qabaqcadan etiraz görürəm: nəyə görə hazırlamırsınız, oxutmursunuz? Oxuduruq. Mədəniyyət və İncəsənət Universitetində kinematoqrafiyanın bütün əsas ixtisasları üzrə mütəxəssis hazırlığı aparılır. Nazirlik həmçinin, gəncləri xaricə təhsil almağa göndərir, öncə dediyim bir çox digər lazımı işlər həyata keçirir. Buna baxmayaraq, sabah kinostudiyanın direktorunun otağına gəlib "mən xaricdən öz filmim üçün operator, səs rejissoru, rəssam tapmışam" deyən rejissor tapılacaq. Və onun təklifini qulaqardına salmaq olmayacaq.