“Azərbaycanda Atatürk liseylərinin sayını artırmaq istəyirik” Müsahibə

“Azərbaycanda Atatürk liseylərinin sayını artırmaq istəyirik”

Türk Dünyası Araşdırmaları Vəqfinin başqanı: "Sentyabrda simpozium keçirərək təhsil sahəsində əlaqələrin 22 ilini təhlil edəcəyik"

1980-ci ildə qurulan və türk dünyasında önəmli təhsil qurumları yaradan Türk Dünyası Araşdırmaları Vəqfinin (TDAV) başqanı Közhan Yazqanın APA-ya müsahibəsi

- Vəqfinizin Azərbaycanda açdığı lisey və fakültədə işlər necə gedir?

- Bildiyiniz kimi, Azərbaycanda Atatürk liseyimiz və İqtisad Universitetində fakültəmiz var. Hər iki qurumdakı fəaliyyətimiz uğurla davam edir. Fakültəmiz yeni binaya köçdü, rektorumuz dəyişdi, işlər yolunda gedir. Keçən dərs ilinin əvvəlində liseyimizə yeni direktor təyin etdik. Lisey binasını əsaslı şəkildə təmir etdirdik. İndi dərs ilinin sonuna yaxınlaşırıq, mayda məzuniyyət mərasimi keçirəcəyik. Yeni dərs ili üçün şagird qeydiyyatı başlayıb.

- 1992-ci ildə açılmış Atatürk liseyi Türkiyənin Azərbaycanda açdığı ilk məktəbdir. TDAV-ı 1980-ci ildə quran mərhum atanız, professor Turan Yazqanın əsas məqsədlərindən biri başda Azərbaycan olmaqla, türk dünyasının hər yerində təhsil ocaqlarının sayını artırmaq idi. Bununla bağlı planlarınız gündəmdə qalırmı?

- Azərbaycan müstəqil olan kimi Türkiyədən orada ilk məktəbi mərhum atam açdı. Müstəqil Azərbaycan dövlətinin Təhsil Nazirliyinin yaradılması prosesində vəqfimizin Bakıda liseyi açılıb və 22 ildən bəri uğurla fəaliyyətini davam etdirib. İndi bizim əsas məqsədimiz xocamızın ideallarının yarımçıq qalmış bölümlərini həyata keçirməkdir. Sentyabrda simpozium keçirərək təhsil sahəsində Azərbaycanla Türkiyə arasında əlaqələrin 22 ilini təhlil edəcəyik. Simpoziumda bri çox universitetin iştirak etməsini planlaşdırmışıq. Azərbaycandakı liseyimizin fəaliyyət sahəsini genişləndirmək, onu böyütmək istəyirik. Məktəbimizi böyütmək üçün bizə gələn tələblərə, təəssüf ki, müsbət cavab verə bilmirik. Hal-hazırkı binamız fəaliyyətimizi genişləndirməyimizə imkan vermir. Çünki binanın dörddə üçündən başqa bir məktəb, dörddə birindən isə biz istifadə edirik. Bizim 700, o biri məktəbin isə 130 şagirdi var. Azərbaycanın təhsil naziri ilə görüşüb bu məsələni həll edə biləcəyimizə inanıram, hörmətli nazirdən görüş istəmişik. Rəhmətlik atamın ən böyük xəyallarından biri də Azərbaycanın müxtəlif bölgələrində məktəblər açmaq idi. Azərbaycanda yetişdirdiyimiz gənclər sırf qardaş xalqın, oradakı dövlətimizin mənafeyinə xidmət etmək üçün həyata atılırlar, biz onları sırf Azərbaycana faydalı olmaları üçün yetişdiririk, ondan başqa heç bir gizli niyyətimiz ola bilməz. Orada yetişdirdiyimiz övladlarımızın iki qardaş ölkə arasındakı əlaqələrin daha da inkişaf etməsinə xidmət etməsi bizi həmişə məmnun edir. Gəncədə məktəb açmaq istəyirik, orada bir binaya ehtiyacımız var, o məsələdə bizə kömək edilərsə, Gəncə bölgəsində də sevə-sevə təhsilə başlayacağıq. Azərbaycan miqyasında Atatürk liseylərinin sayını artırmaq istəyirik.

- Mərhum atanızın ideallarından biri də Türkiyənin türk dünyası ilə iqtisadi baxımdan inteqrasiyasına nail olmaq idi. Son illərdə Azərbaycandan Türkiyəyə təxminən 20 milyard dollarlıq birbaşa investisiya gəldi və hal-hazırda Türkiyəyə birbaşa xarici investisiya sahəsində Azərbaycan birinci yerdədir. Bunu necə dəyərləndirirsiniz?

- Bunu çox müsbət dəyərləndirirəm. Atamın dünyaya baxışının çıxış nöqtəsini İsmayıl bəy Qaspralının "Dildə, fikirdə, işdə birlik"- idealı təşkil edirdi. Son illərdə Azərbaycandan Türkiyəyə gələn və ölkəmizin maliyyə sisteminə inteqrasiya olan investisiyalar həm Türkiyə iqtisadiyyatının, həm də ölkələrimiz arasındakı qardaşlıq əlaqələrinin daha da inkişaf etməsi baxımından atılmış misilsiz addımlardır. Bu baxımdan Azərbaycanın möhtərəm prezidenti cənab İlham Əliyevin siyasətini hərarətlə dəstəkləyirik. Rəhmətlik atam iqtisadiyyat professoru idi, deyirdi ki, türk dünyası arasındakı iqtisadi münasibətlərin inkişafı buradan oraya corab və ya dəzgah satmaqdan ibarət olmamalıdır, iri həcmli birbaşa investisiyalar ölkələrimiz arasındakı əməkdaşlığın onurğa sütununu təşkil etməlidir. İzmirin Əliağa yarımadasına Azərbaycandan gəlmiş iri həcmli investisiyalar və TANAP layihəsi hamımızın ideallarımıza tərcüman olan, qürur duyduğumuz işlərdir. İdealların çərçivəsini həmişə geniş tutmalıyıq.

- İqtisad Universitetində fəaliyyət göstərən fakültələrinizlə bağlı hansı planlarınız var?

- Fakültəmizi qəbul imtahanlarında yüksək bal almış gənclər tərcih etdiyinə görə, bundan çox məmnunuq. Fakültəmizə daxil olan gənclər tələbə ikən və ya məzun olan kimi yaxşı işlərə girirlər. Fakültəmizdən dəstəyimizi əsirgəmirik, onunla qürur duyuruq, müəllim kollektivimiz çox yaxşıdır. Gələcəkdə tələbələrimizə həm Bakıda, həm də Türkiyədə təhsil vermək ən böyük arzumuzdur. Bununla bağlı çalışmalarımız davam edir. İnanıram ki, yaxın günlərdə Azərbaycanın təhsil naziri ilə görüşüb məktəbimizə və fakültəmizə indiyə qədər verilmiş dəstəyə görə təşəkkür edəcəyik və eyni zamanda, yeni planlarımızın həyata keçirilməsi ilə bağlı cənab nazirlə fikir mübadiləsi aparacağıq.

- Vəqfiniz 1994-cü ildən bəri Türk Dünyası Uşaq Şənliyi keçirir. Bu ənənəni davam etdirəcəksinizmi?

- Bu il Türk Dünyası Uşaq Şənliklərinin 20-ci ilidir. Bu şənliyi Turan Yazqan xocamız olmadan keçirəcəyik, buna üzülürük. Ancaq əmin olun ki, 20-ci Türk Dünyası Uşaq Şənliyimiz daha təmtəraqlı olacaq və türk dünyasında daha çox əks-səda oyandıracaq.

- Türk Dünyası Universiteti açmaq üçün də çalışmalarınız davam edirmi?

- O da mərhum atamın başlıca ideallarından biriydi. Mərkəzi Türkiyədə olan və türk dünyasının istedadlı və çalışqan övladlarının vəqfimizin hesabına oxudulmasını hədəfləyən bir ali təhsil qurumu açmaq üçün fəaliyyətimiz davam edir.

- Azərbaycana nə vaxt getməyi planlaşdırırsınız?

- Hər il mayın axırında Bakıda liseyimizin və universitetimizin məzuniyyət mərasimlərini keçiririk, oraya mütləq gedəcəyəm. Cənab təhsil naziri ilə görüş istəyimizə cavabı gözləyir, ən qısa müddətdə Bakıya getmək üçün səbirsizlənirəm. Həm yeni tədris ilin planlarını hazırlamaq, həm də qardaş ölkəmizdə məktəblərimizin sayını artırmaq üçün buna çox ehtiyacımız var.