“Sərhədlərin açılma mövzusu bir daha gündəmə gətirilməməlidir” Müsahibə

“Sərhədlərin açılma mövzusu bir daha gündəmə gətirilməməlidir”

Əhməd Kənan Tanrıqulu: "Türkiyənin hazırki iqtidarı Azərbaycanın xarici siyasətinə zərər verəcək addımlardan uzaq durmalıdır"

Bu günlərdə Ankara Universiteti ilə "Hrant Dink Fondu"u birgə "Möhürlü qapı: Türkiyə-Ermənistan sərhədlərinin gələcəyi" adlı konfransı keçirməsi həm Türkiyədə, həm də Azərbaycanda etirazla qarşılandı. Bəzi ekspertlərin fikrincə, Türkiyədə belə konfransların keçirilməsi bir daha onu göstərir ki, Türkiyənin dövlətçiliyinə düşmənçilik bəsləyən qüvvələr var. Bəzi fikirlərə görə isə, bu, Türkiyə ictimaiyyətini Türkiyə-Ermənistan sərhədlərinin açılmasına hazırlamaq cəhdidir. Türkiyə Milliyətçi Hərəkat Partiyasının (MHP) sədr müavini və Türkiyə Böyük Millət Məclisinin (TBMM) İzmir millət vəkili Əhməd Kənan Tanrıqulu BayMediaya müsahibəsində proseslərə aydınlıq gətirməyə çalışdı.

- Bu tədbir Ankarada mövcud iqtidara yaxın bir qrupa aid oteldə gerçəkləşdirilib. "Möhürlü Qapı:Türkiyə-Ermənistan Sərhədinin Gələcəyi" tədbirini ağır siyasi fəaliyyətimə görə, tam olaraq taqib edə bilmədim, amma bu barədə məlumatım var...

- Sizcə bu forumun keçirilməsi təsadüfi idimi və ya bunu təşkil edənlər kimlərdir, məqsəd nə idi?

- Bir zamanlar "Aqos" qəzetinin rəhbəri olan və silahlı hücum nəticəsində hayatını itirən Hrant Dink adına qurulmuş olan vəqfin bu toplantını təşkil etməsi heyrətamizdir. Mövcud iqtidar, eyni qəzetin bir yazarını da (Ethem Mahçupyan) Baş nazirin Başdanışmanı olaraq vəzifəyə gətirib. Bütün bunları nəzərə alaraq demək istəyirən ki, Türkiyənin hazırki iqtidarı Azərbaycanın xarici siyasətinə zərər verəcək addımlardan uzaq durmalıdır.

- Bəzi ekspertlərin fikrincə, bu forumun keçirilməsi əslində ictimaiyyətə hesablanmış addımdır. Türkiyə ictimaiyyətinin Türkiyə-Ermənistan sərhədlərinin açılmasına hazırlandığı iddia edilir. Bu iddia nə qədər həqiqəti əks etdirir?

- Türkiyənin Qarabağ problemi öz ədalətli həllini tapmadan belə bir addım atması, tam bir diplomatik bacarıqsızlıq olar. Gözləntilərimiz mövcud iqtidarın belə bir səhvə yol verməməmsidir.

- Ümumiyyətlə sərhədlərin açılma ehtimalı nə qədərdir?

- Qarabağ problemi ədalətli həll olunmadan nəinki sərhədlər açılmamalı, ümumiyyətlə sərhədlərin açılma mövzusu bir daha gündəmə gətirilməməlidir.

- Rəsmi Ankaranın hazırki Qafqaz siyasətini necə dəyələndirirsiniz?

- Qafqazda həll olunmamış problemlər Yuxarı Qarabağ, Güney Osetiya və Abxaziya münaqişələri, həm bu bölgənin, həm də Avrasiyanın təhlükəsizliyi baxımından ciddi təhdid mənbəyidir. Türkiyə, Qafqaz ölkələrindəki bütün konfliktlərin həll olunmasının bu ölkələrdə siyasi sabitliyə və iqtisadi rifaha təkan verəcəyinə inanır. Bundan başqa ikili və regional işbirliklərində yeni üfüqlər açılması üçün daha ciddi səy göstərməlidir.

- Konkret olaraq Qarabağ problemi ilə bağlı Ankaranın apardığı siyasət qaneedicidirmi?

- Mövcud iqtidar bu istiqamətdə daha aktiv rol almalı, gərəkli addımlar atmalıdır...

Əli Zülfüqaroğlu