“Ən böyük problemlərimizdən biri qadına qadın dəstəyinin olmamasıdır“ Müsahibə

“Ən böyük problemlərimizdən biri qadına qadın dəstəyinin olmamasıdır“

Mehriban Zeynalova: "Qadınların icra başçılarının müavini qoyulması təqdirəlayiq haldır"

Bir-birinə qarışmış sənədlərin, kitabların içində nəsə oxuyurdu. Üstəgəl tez-tez çalınan telefon zəngini, dəqiqəbaşı yanına cuman əməkdaşların suallarını cavablandırmaq, müxtəlif tapşırıqlar vermək və onların həllini nəzarətdə saxlamaq, müxtəlif qayğıların öhdəsindən gəlmək... Məni görən kimi dikələrək dərindən nəfəs aldı. Şikayətli nəzərləri ilə sanki "görürsən də" dedi... Elə mən də onun həllində çalışdığı problemlərdən danışmasını xahiş etdim. İki xanım qarşı-qarşıya oturaraq xanımların düşdüyü durumu müzakirə etdik; mən və QHT rəhbəri Mehriban Zeynalova...
Ümumiyyətlə qadınlarla baş verən hadisələrin kökünda qadınların iqtisadi asılılığı durur. Qadın nə qədər iqtisadi cəhətdən asılı olursa, o dərəcədə kişilər tərəfindən manipulyasiyaya, zorakılığa və digər qeyri-insani müasibətə məruz qalır. Əgər şəxsin iqtisadi imkanları olarsa, öz iqtisadi imkanlarını idarə etmək səlahiyyətinə malik olarsa, o halda öz həyatını idarə etməkdə heç kimdən asılı olmaz. Bax bu düşüncə tərzini formalaşdırmış ənənədən, mövcud dünya görüşündən, ümumiyyətlə, ictimai mədəni qruluşun özünün içindən gəlir. Yəni bu gün maliyyəni daha çox kişilər əllərinə toplayırlar, idarəçiliyi daha çox kişilər əllərinə cəmləşdirirlər və bütün bunların nəticəsi olaraq qadınlar müxtəlif problemlərlə üzləşməli olurlar.

- Nə təklif edirsiniz?
- İlk növbədə qadınların iqtisadi cəhətdən güclənməsi məsələsi gündəmdə durmalıdır. Bu gün ölkədə icra başçılarının müavinləri kimi qadınların qoyulması təqdirəlayiqdir. Lakin müavin olmaq üçün qadınların özlərinin də müəyyən imkanları olmalıdır. Qadının liderlik keyfiyyəti, bacarıqları olsa belə, onu tənzimləmək üçün heç olmasa, müəyyən kapital imkanları, maliyyə imkanları olmasa, o kifayət qədər öz potensialını ortaya qoya bilməyəcək. Ən azından görüşlərin təşkili, tədbirlər təşkil etmək üçün özünü tanıtmaq, eləcə də öz ideyalarını reallaşdırmaq üçün ona iqtisadi imkanlar gərəkdir. Təəssüflər olsun ki, bu gün Azərbaycanda əmlak hüququ daha çox kişilərə məxsusdur. Ölkə üzrə adına əmlak olan qadınların sayı haqda məlumatım yoxdur, hər halda bu sahədə araşdırılma aparılsa, yaxşı olar. Ola bilər Dövlət Statistika Komitəsində bununla bağlı informasiya olsun. Amma tam əminəm ki, əmlakı olan qadınların sayı çox azdır. Üstəlik kişilər adətən əmlakı alan qadınlara özəlləşmə prosesində imza atdırırlar ki, bütün əmlakı yoldaşıma verdim. Sonra baş verən əmlak bölgüsü, boşanma kimi proseslərdə qadınlar kənarda qalır. Bu dəqiqə ən ciddi məsələlərdən biri də boşanmadan sonra qadının əmlak məsələsidir. Ailə ayrıldıqdan sonra əmlak qaynatanın, qaynananın və yaxud bir başqasının adına olduğundan qadının həmin əmlaka qeydiyyata salınması onlardan asılı məsələ olur. Bu halda qadın yalnız öz valideynləri tərəfindən dəstəklənir, çünki artıq uşaqları var və bu bir iqtisadi məsələdir. Məsələ bununla bitmir. Ölkədə sosial yataqxanalar mövcud deyil ki, boşanmış və getməyə heç bir yeri olmayan qadınlar maddi cəhətdən vəziyyətlərini düzəldənə qədər orada yaşasınlar. Ölkədə növbəli ev alma sistemi yeni bərpa edilib və növbəyə duranlara neçə illərdən sonra ev veriləcəyi də məlum deyil. Yəni bu yeni tendensiyadır. Bu keçiddə isə kifayət qədər həssas qadınlar və onların uşaqları var ki, onlar kriminal qruplaşmalar üçün olduqca əlverişli bir obyektdirlər. Narkotik, insan alveri, fahişəliyə cəlb etmə kimi müxtəlif məsələlərdə həmin qadınlardan kifayət qadər yararlana bilirlər. Çünki bunlar iqtisadi cəhətdən asılı, iqtisadi həssas, peşə bacarığı və əmlakı olmayan, yaşamaq imkanları minimumdan aşağı olan şəxslərdir ki, elementar yaşamaq hüquqlarını təmin etmək üçün mücadilə aparırlar.
- Necə bilirsiniz, həssas qruplara aid edilən qadınların kriminal qruplardan qorunması üçün nə lazımdır?
- Ən vacib məsələlərdən biri normal uşaq bağçalarının olmamasıdır. Bunu dəfələrlə mən qışqıra-qışqıra deyirəm. Hər dəfə bu məsələni qaldırıram. İndi bu bağçalarla bağlı Milli Məclisdə nə isə müzakirə getdi. Amma əmək fəaliyyəti ilə məşğul qadınların uşaqlarını məcburən küçəyə atmayıb yiyə durması üçün uşaq bağçalarının olması vacibdir ki, bu deyilən mənfi hallar aradan qalxsın. Bu gün dildə hamı fahişəliklə mübarizə aparır. Hər kəs qadını günahlandırır. Amma kimsə fərqinə varmır ki, ölkədə bununla bağlı ən praktik addımlardan biri elementar uşaq bağçalarının olmasıdır. Həm də bu uşaq bağçaları pulsuz olmalıdır. 500-600 manata və ya 200-300 manata uşaq bağçası olmaz. Bu hədəf qrupu üçün xüsusi bağçalar olmalıdır ki, xanımlar uşaqlarını bu bağçalara qoya bilsinlər və həftədə bir dəfə görüşə bilsinlər. Hesab edirəm ki, hazırda sadaladıqlarımızın hamısı ən ciddi problemlərdir. Qadınların insan alverçilərinin, fahişəliyin, narkotik alverçilərinin qurbanına çevrilməməsi üçün həlli vacib olan məsələlərdir.
- TV verilişlərdə çox zaman ekrana çıxarılan qurbanlara yanaşma tərzi, bir çox hallarda onların efirdəcə təhqir edilməsi barədə nə deyə bilərsiniz?
- Bu insan haqlarının kobud şəkildə pozulmasıdır və ümumi ictimai şüura xərçəng xəstəliyi kimi yeridilmiş bir şeydir. Məhz o verilişlərin nəticəsində qadınlara qarşı münasibət köklü şəkildə dəyişilib. Bu gun kişilər istənilən qadınla istənilən formada rəftar etməyə haqlı bilir. Çünki bunu təbliğ edə televiziyadır. Televiziya isə məhz bunu deyir; sən kobud rəftar elə, sən ələ sal, təhqir elə, diskriminasiya yarat və bu normal bir haldır. Hesab edirəm ki, ölkədə Azərbaycan qadınına olan münasibətin dəyişilməsində televiziya verilişləri "qəhrəmanlıq" göstəriblər. Bu gün ölkədə qadınların öldürülmə hallarının artması, onlarla pis rəftar, qadınların fahişəliyə cəlb edilməsində bu cür verilişlərin özəl xidməti var. Yəni problem aktualdır və bu tendensiya təkcə bir verilişdə deyil, bütün verilişlərdə təkrarlanır. Verilişlərdə elə bil aparıcılar insan haqlarını pozmaq üçün yarışa giriblər. Bu hallar ekspertlər tərəfindən də tətbiq edilir, hamı ittiham etmək, hamı qınamaq, hamı məsləhət verməyə can atır. Təbii ki, bu yanlış addımdır. Bu qadın hüquqlarının ciddi şəkildə pozulmasıdır. Hesab edirəm ki, ayrıca bir media-monitorinq qrupu olmalıdır və bu qrup faktları toplamalı, məhkəmələrə müraciət edərək bu cür verilişlər hazırlayan şirkətlərin cərimələnməsinə nail olmalıdır. Bu ən yaxşı üsullardan biridir, əks təqdirdə TV ekranlarda mövcud zorakılığın qarşısını almaq mümkün olmayacaq.
- Mehriban xanım, çox zaman problemlərdən danışılanda "namuslu qadın" və ya "qeyrətli kişi" kimi pafosdan istifadə edilərək məsələnin qapadılmasına üstünlük verilir. Pafoslarla mövcud durumun ört-basdır edilməsinin nəticəsini necə görürsünüz?
- Əslində kimin günahkar, qəhrəman, namuslu və ya namussuz olması mücərrəd bir anlayışdır. Yəni burada insan və bir qadın haqqına hörmət faktoru var. Biz əsasən insan haqlarına hörmət prinsiplərini rəhbər tutaraq danışırıq. Onun hansı kateqoriyaya mənsub olması əsas şərt kimi götürülməməlidir. Hər bir insana insan olduğu üçün hörmət və sayğı ilə yanaşılmalıdır. Yəni bu gün kimsə gəlib mənə QHT rəhbəri olduğuma görə yox, qadın olduğuma, insan olduğuma görə hörmətlə yanaşmalıdır. Sabah hansısa yüksək mənsəb sahibi olub olmayacağımdan asılı olmayaraq bu münasibət dəyişməməlidir. Yəni bu normal cəmiyyətdə insanlara qarşı münasibət bu cür formalaşır. Bu başqa məsələdir ki, Azərbaycanda istənilən vəzifədə olan qadına da münasibət bir anda dəyişə bilər. Hesab edirəm ki, bu bakirəlik pərdəsi kimi çox kövrəkdir. Qəhrəman qadından günahkar qadına çevrilmək Azərbaycan şəraitində bir saniyəlik işdir. Şahidi olduğum hadisədir. Bir dəfə ANS kanalına verilişə dəvət edilmişəm. Tanınmış idmançı xanımlardan biri ekspert kimi çıxış edirdi. Müzakirə edilən məsələ axıra qədər dinlənilmədən, mahiyyətə varılmadan hamı bu qərara gəldi ki, problemi müzakirə edilən xanım günahkardır. Qadın studiyaya gəlməmişdən hamı başladı onu ittiham etməyə. Xanım öz əhvalatını danışandan sonra bayaq onu ittiham edən kəslərin hamısı bir ağızdan dedilər ki, "sən qəhrəmansan". O verilişdə axıra kimi mən susmalı oldum. Çünki sonadək mənə aydın olmayan məqamlar oldu və mən şou yaratmaq xatirinə danışmağı sevmirəm. Yeri gəlmişkən bu proqramlarda yalan ümid vermək kimi tendensiya da var. Dəvət olunan ekspertlərin bir qismi zərərçəkmiş insana "sənə filan cür kömək edərəm" deyə yalandan ümid verə bilər. Onlar fərqinə varmırlar ki, verdikləri yalançı ümid həmin insanın problemlərinin daha da dərinləşməsinə gətirib çıxarır. Mən bu zərərçəkmişləri həm də televiziya qurbanları hesab edirəm. Onlar TV verilişlərə ümidlə gəlirlər və hesab edirlər ki, hansısa problemlərini həll edə biləcəklər. Bunun əvəzində isə ikiqat zorakılığa məruz qalırlar və sonrakı proseslərdə onların problemləri daha ağır və çətinliklə həll edilə biləcək hala düşür.
- Yerli TV verilişlərdə nədənsə, əksər hallarda qadınlar qınanılır və əksər hallarda günahkar kürsüsündə qadın əyləşdirilir...
- Yükü yalnız qadınların üzərinə qoymaq lazım deyil və bu düzgün deyil. Yalnız əxlaqı ilə seçilən xanımlar deyil, həm də əxlaq normaları ilə fərqli olan kişilər icra başçısı və müavinləri seçilməlidir. Bütün bunlar məsələnin görünməyən bir hissəsidir.
- Xanımlar tez-tez seksual təklif və təzyiqlərlə üzləşdiklərini bildirirlər...
- Cəmiyyətdə belə bir yalnış fikir formalaşıb ki, "qadınların hamısı əlçatandır". Vəzifəsindən və sosial statusundan, iqtisadi imkanından asılı olmayaraq istənilən şəxs sanki qadına belə təklif verə bilər. Halbuki 25 il bundan əvvəl qadın əlçatmaz və müqəddəs hesab edilirdi. Bu gün əlçatanlılıq tendensiyasını şüurlarda formalaşdırmaqla qadına münasibəti dəyişdiriblər. Bu gün sosial şəbəkədə 17 yaşlı yeniyetmə özündən qat-qat yaşlı xanıma seksual təklif edə bilər. Əlavə də edə bilər ki, bu təklifə görə sən minnətdar olmalısan ki, sən yaşda qadınla münasibət qurmaq istəyirəm. 17 yaşlı yeniyetmə anlamır ki, onun bu təklifi əslində cinayətdir. Bax insanlara "sosial şəbəkədə oturan qadınların hamısı əxlaqsızdır" kimi şüur yeridilir. Hesab edirəm ki, bu məsələlərin həllində həm də qadın həmrəyliyi olmalıdır. Bu məsələdə bir-birlərinə dəstək verməlidirlər. Təəssüf ki, ən böyük problemlərimizdən biri də qadına qadın dəstəyinin olmamasıdır.

Ülviyyə Tahirqızı