Azərbaycan dramaturgiyasında “Koroğlu” motivləri Ədəbiyyat

Azərbaycan dramaturgiyasında “Koroğlu” motivləri

1-ci yazı

Azərbaycan xalqı çox zəngin ağız ədəbiyyatı yaradıb. Bu ədəbiyyat yaddaşlardan-yaddaşlara ötürülə-ötürülə, ağızdan-ağıza keçə-keçə cilalanıb, zənginləşib, gözəlləşib, gəlib günümüzə çatıb. Azərbaycan yazılı ədəbiyyatının qidalandığı ən zəngin qaynaqlardan biri, bəlkə də birincisi həmişə xalqın yaratdığı söz xəzinəsi olub. Şair və yazıçılarımız bədii əsərlərini yazarkən şifahi xalq ədəbiyyatının motiv, süjet və obrazlarından ustalıqla bəhrələnib, sözün poetik siqlətini artırmaq, fikri gücləndirmək, obrazlılıq yaratmaq məqsədilə onlardan istifadə ediblər.
Dahi Nizami Gəncəvinin bütün əsərləri xalq yaradıcılığının ən gözəl örnəklərindən bəhrələnməklə yazılıb. Azərbaycan yazılı ədəbiyyatının ən dəyərli ilkin qaynaqlarından biri "Dədə Qorqud", digəri isə "Koroğlu" dastanı olub. Azərbaycan poeziyası, nəsri, dramaturgiyası "Dədə Qorqud" motivləri ilə olduqca zəngindir. Bu baxımdan "Dədə Qorqud" dastanı ilə qoşa yalnız "Koroğlu" dastanının adını çəkmək olar. "Koroğlu" dastanının Azərbaycan poeziyasına təsiri geniş tədqiq olunub. İmadəddin Nəsimidən üzü bəri Azərbaycan şairlərinin çoxunun yaradıcılığında "Koroğlu" motivlərinə rast gəlinir. Bir çox şairlərimiz isə "Koroğlu" dastanından geninə-boluna bəhrələniblər. Elə mövzular var ki, həmin mövzuda şeir yazan şairlərimiz istər-istəməz "Koroğlu"ya üz tutmalı olublar. Bu ənənə Azərbaycan şairlərinin yaradıcılığında bu gün də davam etdirilir.
"Koroğlu" dastanının təsiri baxımından Azərbaycan dramaturgiyasının araşdırılması da böyük maraq doğurur. "Koroğlu" dastanından dram əsərlərində istifadə olunması bir çox mühüm amillərlə bağlıdır. Onlardan ən əsasları bunlardır: "Koroğlu" dastanının xalq arasında çox geniş yayılması; Koroğlunun bir qəhrəman kimi xalqın dilinin əzbəri olması, güvənc, ümid, inam yerinə çevrilməsi; "Koroğlu" dastanının mövzu, süjet və motivlərlə zənginliyi; "Koroğlu" dastanının dilinin gözəlliyi, saflığı, obrazlılığı, idiomlarla və s. zənginliyi; "Koroğlu" dastanındakı şeirlərin poetik siqləti, xalq ruhunu ifadə etməsi; "Koroğlu" dastanındakı ayrı-ayrı hadisələrin təsvirindəki səhnə elementləri, əsərin bütövlükdə tamaşa təsiri bağışlaması.
"Koroğlu" dastanının Azərbaycan dramaturgiyasına təsirində yuxarıda sadalanan amillərin hər birinin öz rolu olub. Sonuncu amil isə bu işdə ikiqat çox rol oynayıb, çünki dastanın hər bir qolu əslində bir mükəmməl səhnə əsəridir və onların əksəriyyəti baş vermiş gerçək olayların təsvirindən başqa bir şey deyil. Bilirik ki, bəzi səfərlərdə Koroğlu aşıq paltarı geyinib sazla xanların, bəylərin, paşaların məclisinə girir və çalıb-oxuyurdu. Dastanda bunlar o qədər canlı və təbii təsvir olunur ki, bir teatr səhnəsini xatırladır. "Koroğlu dastanının Azərbaycan dramaturgiyasına təsirinin birinci səbəbini məhz bunda axtarmaq lazımdır.
"Koroğlu" dastanına Azərbaycan dramaturqlarından ilk dəfə Əbdürrəhim bəy Haqverdiyev müraciət edib. Yazıçı "Yoldaş Koroğlu" adlı bir pyes yazıb. Bu əsər 1932-ci ildə Bakıda qələmə alınıb. Onun bir adı da "Azərbaycan kəndində inqilab gedişinin etapları"dır. Hazırda AMEA Məhəmməd Füzuli adına Əlyazmalar Ġnstitutunun Ə.Haqverdiyevə məxsus 9 saylı fondunda bu əsərin üç əlyazması saxlanır. Bu pyes ilk dəfə Ə.Haqverdiyevin iki cildlik "Seçilmiş əsərləri"nin birinci cildində çap olunub.
Ə.Haqverdiyevin "Yoldaş Koroğlu" pyesinin ilk baxışda "Koroğlu" dastanı ilə o qədər də sıx bağlılığı yoxdur. Yalnız hər iki əsərin qəhrəmanının adı Koroğludur. Əlbəttə, bu zahirən belədir. Yazıçı pyesin qəhrəmanının adını da təsadüfən Koroğlu qoymayıb. Pyesdəki hadisələri diqqətlə çözələyəndə Ə.Haqverdiyevin bu pyesdə "Koroğlu" dastanından çox böyük ustalıqla bəhrələndiyi açıq-aydın nəzərə çarpır. Bu bəhrələnməni üzə çıxarmaq üçün dastanın və pyesin ruhunu dərindən duymaq, bir çox motivləri yanaşı qoyub, onları müqayisəli şəkildə araşdırmaq kifayətdir. "Yoldaş Koroğlu" pyesinin qəhrəmanı Koroğludur. Bu adın "Koroğlu" dastanından gəldiyinə heç bir şübhə ola bilməz. Pyesin qəhrəmanı Koroğlunun əsl adı Salmandır. Yazıçı Salmanı Koroğlu eləmək üçün hər şeyi irəlicədən ölçüb-biçib, süjetin başlanğıcını məhz bu motivin açılması üzərində qurub. Əsərin ilk səhnəsindən bilinir ki, Salmanın atasının hər iki gözü kordur. O, çiçək xəstəliyinə tutulub və gözlərinin işığını itirib. Sonrakı səhnələrdən bəlli olur ki, Salmana təkcə atasının gözləri kor olduğuna görə yox, həm də qoçaq, igid, diribaş və mərd bir oğlan olduğuna görə, xalq Koroğlu deməyə başlayır. Göründüyü kimi, həm dastanda, həm də pyesdə Koroğlu adının yaranma səbəbi bir-birinin eynidir.
Ə.Haqverdiyevin pyesin qəhrəmanının adını Koroğlu qoymağının və Salmanın bu adı böyük sevinclə qəbul edib, qürurla daşımağının arxasında çox böyük maraq doğuran bir mətləb durur ki, onun açılmağına ciddi ehtiyac var. Bu mətləbi açmaq üçün pyesdən bir parçaya diqqət yetirmək kifayətdir:
Güldəstə (Salmana):
- Sənin adın Koroğludur?
Salman:
- Yox, Salmandır. Mahmud dayı mənim adımı Koroğlu qoydu. Mən, kor İsrafil kişinin oğluyam. Amma bu ad mənim xoşuma gəldi. İstəyirəm elə bundan sonra hamı mənə Koroğlu desin.
Güldəstə:
- Mən də Koroğlu deyim?
Salman:
- Elə hamı desin.
Yazıçı bu kiçik parçada "Koroğlu" dastanına və Koroğlu obrazına xalq arasındakı sevginin, məhəbbətin çox aydın ifadəsini verib. Salmanın ona Koroğlu deməyindən qürur duymağı və bu adı sevinclə qəbul edib, fəxrlə, qürurla daşımağı bunu aydın göstərir. Yazıçı burada başqa adlar da seçə bilərdi. Salmanın öz adını da saxlamaq olardı. Bütün bunlar pyesin məzmununa o qədər də güclü təsir göstərməzdi. Lakin yazıçı əvvəldən öz qarşısına məqsəd qoymuşdur və onu pyesdə dolğun vermək üçün "Koroğlu" dastanına üz tutmalı olub.
Pyesin mövzusu Azərbaycanda sovet hakimiyyətinin yaranmasından, kolxoz quruculuğundan götürülsə də, burada dastanla səsləşən çox maraqlı motivlər var. Bunlardan ən birincisi hər iki əsərin qəhrəmanının eyni idealla yaşamağıdır. Dastan qəhrəmanı Koroğlu kimi, pyesin qəhrəmanı Koroğlu da kasıb-kusubun, fağır-füqəranın, zəiflərin, gücsüzlərin tərəfində durur, onların haqqını qoruyur. Pyesin qəhrəmanı Koroğlunun da başlıca məqsədi "Koroğlu" dastanındakı ideal insan cəmiyyətini öz doğma kəndində yaratmaqdır. Doğrudur, pyesdə Koroğlunun nə idealı, nə də məqsədi haqqında heç nə deyilmir. Lakin pyesi, orada baş verən hadisələri diqqətlə çözələyəndə qəhrəmanın idealını və məqsədini aydın görmək olur.
Ə.Haqverdiyevin "Yoldaş Koroğlu" pyesində yazıçının həqiqətən "Koroğlu" dastanından bəhrələndiyini təsdiqləyən daha bir neçə motiv var ki, onlardan biri də qəhrəmanın kəndinin Dumanlı adlanmasıdır. "Koroğlu" dastanından bilirik ki, Çənlibel dumanlı, çənli, çiskinli bir dağ belidir. Buna əsaslanıb deyə bilərik ki, Ə.Haqverdiyev pyesin qəhrəmanı Koroğlunun kəndinin adını təsadüfən Dumanlı qoymamış, onu Çənlibelə uyğunlaşdırıb. Koroğlu-Çənlibel və Koroğlu-Dumanlı paralelləri də bir-birinə uyğun gəlir.
Hər iki əsərdə eyni olan əsas motiv, əvvəldə deyildiyi kimi, qəhrəmanların atalarının kor olmasıdır. Dastanın qəhrəmanı Rövşənin atası Alı kişinin gözlərini Həsən xan çıxartdırıb onu işıqlı dünyaya həsrət qoyub. Pyesin qəhrəmanı Salmanın atası İsrafilin gözləri isə çiçək xəstəliyindən sonra kor olub. Dastan da, pyes də gələcək qəhrəmanın atasının gözlərinin kor olması motivi ilə başlayır. Bunun özü də dastanla pyes arasındakı üzvi bağlılığı göstərən amillərdən biridir. Dastan və pyesin hər ikisi eyni motivlə başladığı kimi, onların sonluğunun da eyni motivlə qurtardığını görürük. "Koroğu" dastanıda Koroğunu Qıratsız, Misri qılıncsız və sazsız təsəvvür etmək mümkün deyil. Koroğlu həmişə döyüşə də qılıncla yox, sazla başlayır. Əksər qollarda Koroğlu işi davasız yoluna qoymaq istəyir, saz çalıb-oxuyur. Bundan başqa, Koroğlu bütün səfərlərdən Çənlibelə qayıdandan sonra Nigar xanımın xahişi ilə sazı döşünə basıb başına gələnləri danışır. Dastanın bütün qolları sazla bağlanır. Ə.Haqverdiyev də pyesin sonunda sazı səhnəyə təsadüfən gətirməyib. Aşıq sazla səhnəyə çıxır və pərdə bağlanır.
Ə.Haqverdiyev "Koroğlu" dastanına təsadüfən üz tutmayıb. O, 1899-cu ildə Peterqburqdan Şuşaya qayıtmış, burada yaşadığı iki il ərzində həm də xalq yaradıcılığı örnəklərini toplamaqla məşğul olmuşdu. Yazıçı 1923-1925-ci illərdə Azərbaycanı Tədqiq və Tətəbbö cəmiyyətinin sədr mavini və sədri işlədiyi illərdə də xalq yaradıcılığı örnəklərinin toplanması və nəşri işlərində yaxından iştirak etmişdi. Ə.Haqverdiyev Səbri Salehin "Abbas və Gülgəz" dastanının motivləri əsasında yazdığı 5 məclisdən ibarət eyni adlı operettanı dilimizə çevirib. Onun arxivində əlyazma şəklində çoxlu atalar sözləri, tapmacalar, xalq mahnıları və s. saxlanılır. Bütün bunlar Ə. Haqverdiyevin xalq yaradıcılığına, folklora nə qədər bağlı olduğunu aydın göstərir. Pyesin sonuncu şəklində Koroğlu Hacı Bayrama müraciətlə deyir: "Hacı, söz bayaqkıdır". Bu ifadə də "Koroğlu" dastanındakı "söz dəyirmandakıdır" deyimindən götürülüb pyesə daxil edilib.
Ağız ədəbiyyatından geninə-boluna bəhrələnən şairlərimizdən biri Səməd Vurğun olub. Səməd Vurğun yaxşı bilirdi ki, xalq ədəbiyyatını bilmədən, ondan qidalanmadan böyük ədəbiyyat yaratmaq olmaz. Xalq ədəbiyyatına sevgi, maraq körpəlikdən Səməd Vurğunun iliyinə, qanına hopmuşdu. Şair sazlı-sözlü bir mühitdə doğulub, boya-başa çatmışdı. Onun laylası sazla çalınmışdı. Səməd Vurğunu hamıdan yaxşı tanıyan qardaşı Mehdixan Vəkilov yazırdı: "Səməd Vurğun kiçik yaşlarından başlamış xalq ədəbiyyatına, Vaqif və Vidadi şeirinə vurğun idi". Çünki Səməd Vurğun bilirdi ki, "bizim aqil babalar bir dastan yaradır ikicə sözlə". Səməd Vurğunun ən çox bəhrələndiyi ağız ədəbiyyatı örnəklərindən biri, bəlkə də birincisi "Koroğlu" dastanıdır. Şairin şeirləri "Koroğlu" dastanından gələn motivlərlə olduqca zəngindir. Bunlar ayrıca araşdırılıb.
Səməd Vurğun dram əsərlərində "Koroğlu" motivlərindən yeri gəldikcə, böyük ustalıqla istifadə etmişdir. Bunun da çox dərin qaynaqları var. Səməd Vurğun "Koroğlu" dastanının bədii dəyərini çox gözəl bilirdi. Onun şeirlərini əsl sənət nümunəsi kimi qiymətləndirirdi. 1943-cü il sentyabr ayının 29-da Moskvada İttifaqlar Evinin böyük salonunda keçirilən "Azərbaycan şeir və musiqi gecəsi"ndə söylədiyi nitqdə "Koroğlu" dastanından böyük sevgiylə danışaraq demişdi: "Bizim xalqımızın təfəkküründə yaşayan bədii söz, məfhum, insanlığın böyük idealları, humanizm və idrakın təntənəsi uğrunda aparılan mübarizədə hər zaman mübariz bir vasitə olub. Heç də təəccüblü deyil ki, Azərbaycanın bir çox məşhur dövlət xadimləri və el qəhrəmanları, eyni zamanda, öz dövrünün qabaqcıl şairləri olub.


İslam SADIQ
filologiya üzrə fəlsəfə doktoru