Əsir və girovlarla bağlı hesabat açıqlanıb Siyasət

Əsir və girovlarla bağlı hesabat açıqlanıb

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının və İşçi qrupunun 2015-ci ilin 6 ayı ərzindəki fəaliyyəti ilə bağlı hesabatını açıqlayıb.
Komissiyadan verilən məlumata görə, hesabatda qeyd olunub ki, 2015-ci ilin 6 ayı ərzində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və onun İşçi qrupu qarşısında duran vəzifələrin icrası istiqamətində plana uyğun surətdə fəaliyyətini davam etdirib. Hesabat dövründə Beynəlxalq Qızıl Xaç Komitəsi ilə bir neçə görüş keçirilib, müzakirələr aparılıb. "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı itkin düşmüş şəxslər haqqında Ante Mortem məlumatların toplanması və mərkəzləşdirilmiş şəkildə idarə olunması üzrə" çərçivə sazişindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi, itkin düşmüş şəxslərin ailələrindən DNT nümunələrinin toplanması ilə bağlı nəzərdə tutulmuş işlərin reallaşdırılması, əməkdaşlığın daha da səmərəli qurulması üçün təkliflər müzakirə olunub, görülmüş işlər nəzərdən keçirilib, o cümlədən əsir-girov götürülmüş azərbaycanlıların və ermənilərin azad olunması istiqamətində danışıqlar davam etdirilib.
Qeyd olunub ki, 2014-cü il oktyabr ayının 27-də Azərbaycan və Ermənistan prezidentlərinin Parisdə keçirilmiş görüşündə Fransa prezidenti Fransua Ollandın təklifi ilə BQXK-nın himayəsi altında itkin düşmüş şəxslər barədə məlumat mübadiləsinin aparılması ilə bağlı əldə edilmiş razılıqdan irəli gələn məsələlərin həlli məqsədilə 4 mart 2015-ci il tarixdə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı Nümayəndəliyinin başçısı Deniz Duranla Dövlət Komissiyasının katibinin görüşü olub. Görüşdə bu sahədə vəziyyəti ətraflı təhlil etmək, hansı məlumatların mübadilə edilməsi imkanlarının araşdırılması və ümumiyyətlə, bu sahədə işləri inkişaf etdirmək üçün hər iki qurumun əməkdaşlarının (hər qurumdan bir nəfər olmaqla) müntəzəm texniki görüşlər keçirməsi və müzakirələr aparması barədə razılıq əldə olunub.
Texniki görüşlərin keçirilməsi ilə bağlı 4 mart 2015-ci il tarixdə əldə olunmuş razılığa uyğun olaraq, 4 iyun 2015-ci il tarixdə Beynəlxalq Qızıl Xaç Komitəsinin itkin düşmüş şəxslər və axtarış işləri üzrə regional nümayəndəsi ilə Dövlət Komissiyasının İşçi qrupunda ilk görüş keçirilib. Görüşdə 13-16 iyun 1993-cü il tarixdə Ağdam rayonu, Qalayçılar kəndi və ətraf ərazilərdə itkin düşmüş Azərbaycan vətəndaşları ilə bağlı hər iki qurumda olan siyahı və məlumatlar ətraflı təhlil edilib.
Görüşün nəticəsi olaraq qarşı tərəfə təqdim edilməsi üçün 41 nəfərin adı keçən siyahı, eyni zamanda əsir götürülmüş, qeyri-insani saxlanma şəraitinə və davranışa görə, 1994-cü ilin fevral ayında Şuşa türməsində ölərək yaxınlıqdakı qəbiristanlıqda dəfn edilmiş 2 nəfər barədə şahid ifadələri və digər zəruri məlumatlar BQXK-ya göndərilib.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan Respublikasındakı Nümayəndəliyi arasında imzalanmış "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı itkin düşmüş şəxslər haqqında Ante Mortem məlumatların toplanması və mərkəzləşdirilmiş şəkildə idarə olunması üzrə" çərçivə sazişinə əsasən, cari ilin ötən dövründə də itkin düşmüş şəxslərin yaxın qohumlarından bioloji nümunələrin (bukkal) toplanması işi də davam etdirilib.
Hesabatda bildirilir ki, bu işə aprel ayından start verilib və BQXK mütəxəssislərinin təlim-kurs keçdiyi hər iki qurumun əməkdaşları tərəfindən hazırkı vaxta qədər 715 donordan (244 ailə) nümunələr götürülüb. Nümunələrin götürülməsi məqsədilə həmçinin mobil qruplar da təşkil edilib. Bu qruplar nümunələrin götürüldüyü müəssisəyə gəlmək imkanı olmayan şəxslərin evlərinə gedərək prosesi orada həyata keçirirlər.
2011-ci ilin yanvar ayında Beynəlxalq Qızıl Xaç Komitəsi ilə Dövlət Komissiyası arasında imzalanmış "AnteMortem / PostMortem məlumat Bazasının istifadəsi" üzrə Proqram Təminatı Müqaviləsi ilə bağlı ardıcıl işlər davam etdirilib. Cari ilin 6 ayı ərzində 200 nəfər barədə anket Komissiyaya təhvil verilib. Onlardan 170 nəfər barədə məlumat bazaya əlavə olunub. Prosesin əvvəlindən keçən müddət ərzində isə 2178 nəfər barədə anket Komissiyaya təhvil verilib. Onlardan 2138 nəfəri barədə məlumatlar bazaya yüklənib. Bundan başqa, Dövlət Komissiyası və BQXK-da itkin düşmüş şəxs kimi qeydiyyata alınmış şəxslərlə bağlı mövcud olan siyahılar arasında dəqiqləşmənin aparılması və fərqin ortadan qaldırılması istiqamətində işlər davam etdirilib. Dövlət Komissiyasının İşçi qrupunda aparılmış işlərin nəticəsi kimi 15 nəfərlə bağlı dəqiqləşdirilmiş məlumatlar BQXK-nın Azərbaycandakı Nümayəndəliyinə göndərilib. Bundan başqa, axtarış işi müxtəlif səbəblərə görə, BQXK-da bağlanmış 27 nəfərlə bağlı bu qurumdan göndərilmiş material həmin şəxslərlə bağlı Komissiyada olan məlumatlarla tutuşdurularaq ətraflı təhlil edilib və araşdırmanın nəticəsi ilə bağlı geniş arayış tərtib edilərək işə əlavə edilib.
Bu ilin 6 ayı ərzində aparılmış araşdırma zamanı 9 nəfərin atəşkəsə qədərki döyüşlərin gedişində itkin düşməsi faktı aşkar edilərək Dövlət Komissiyasında qeydiyyata alınıb və adları müvafiq siyahıya salınıb.
Bu müddətdə 15 itkinin taleyi müəyyənləşdirilib. Onların adının siyahıdan çıxarılması üçün Komissiya sədrinə məruzə edilməsi nəzərdə tutulur. 1 iyul 2015-ci il tarixə olan məlumata görə, 4013 nəfər itkin düşmüş şəxs kimi Dövlət Komissiyasında qeydiyyata alınıb.
Bundan başqa, aparılmış axtarış və araşdırma tədbirləri nəticəsində 6 Azərbaycan vətəndaşının hərbi əməliyyatların gedişində Ermənistan hərbçiləri və erməni terror-quldur birləşmələri tərəfindən əsir-girov götürülməsi və sonradan müxtəlif yollarla azad edilməsi faktı aşkarlanıb və onlar müvafiq qeydiyyata götürülüb. 1 iyul 2015-ci il tarixə olan məlumata görə, 1434 nəfər əsir və girovluqdan azad olunmuş şəxs kimi Dövlət Komissiyasında qeydiyyata alınıb. Araşdırmalar nəticəsində Dövlət Komissiyasında itkin düşmüş şəxs kimi qeydiyyata alınmış 65 nəfərin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərdə sağ-salamat qalması və əsir-girov aparılması ehtimalını yaradan faktlar müəyyənləşdirilib. Bu faktlar, o cümlədən itkin düşmüş və əsir-girovluqdan azad edilmiş 30 şəxslə bağlı aparılmış araşdırmanın nəticəsi olaraq ümumiləşdirilmiş arayışlar tərtib edilib. Dövlət Komissiyasında olan məlumatların dəqiqləşdirilməsi və itkin düşmüş şəxslərin axtarışı, o cümlədən əsir-girovluqdan azad edilmiş şəxslərlə bağlı məlumatların dəqiqləşdirilməsi məqsədilə müxtəlif dövlət orqanlarına və beynəlxalq təşkilatlara 147 nəfər barədə 173 sorğu göndərilib. 157 itkin barədə toplanmış əlavə məlumatlar aidiyyəti üzrə bazaya, 518 nəfər barədə toplanmış materiallar onların "axtarış-araşdırma iş"lərinə əlavə olunub.

XC