“Avropa Parlamentinin Azərbaycandakı parlament seçkiləri öncəsi şərə xidmət edən bu qətnaməsi...” Siyasət

“Avropa Parlamentinin Azərbaycandakı parlament seçkiləri öncəsi şərə xidmət edən bu qətnaməsi...”

Vahid Əhmədov: "Bizi dostumuzla düşmənimizi bir daha saf - çürük etməyə vadar edir"
Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədovun sözlərinə görə, Avropa Parlamentinin Azərbaycan əleyhinə qətnamə qəbul edəcəyini gözləyirdi: "Etiraf edim ki, son illər Avropada, ümumiyyətlə, Qərbdə normal məntiqlə izah olunmayan proseslər yaşanır". O, deyib ki, Avropa, Qərb bir tərəfdən insan haqlarını, söz və mətbuat azadlığını əsas gətirərək Azərbaycan kimi ölkələrə təzyiq edirlər, digər tərəfdən özləri heyrət doğuracaq dərəcədə qərəzli və fitnəkar siyasət yürüdür: "Bununla da yarım əsr ərzində söykəndikləri Avropa dəyərlərinə sarsıdıcı zərbə vururlar. Bununla da Avropaya inteqrasiya istəyində olan dövlətlərin və xalqların inamı sarsılır".
Vahid Əhmədovun fikrincə, Azərbaycan müstəqilliyini əldə etdiyi ilk illərdən Avropa məkanının bərabərhüquqlu üzvü olmaq istiqamətində səmimi siyasət yürüdüb: "Rusiya faktorunu nəzərə alaraq həmişə balanslı siyasət yürütməsinə baxmayaraq, Azərbaycan hakimiyyəti birmənalı olaraq Qərbə inteqrasiyada maraqlı olduğunu təkcə bəyanatlarında deyil, əməli fəaliyyətində ortaya qoyub. Azərbaycanın da əsas iştirakçı olduğu transmilli enerji və nəqliyyat layihələrini xatırlamaq kifayətdir ki, bizim Avropa məkanı üçün necə əvəzolunmaz bir ölkə, bir strateji müttəfiq olduğumuz bəlli olsun. Amma görünür, Azərbaycanın bu qədər səmimi tərəfdaşlıq təşəbbüsləri onlara azlıq edir və buna görə də ikibaşlı siyasət yürüdənlər, bulanıq suda balıq tutmaq həvəsinə düşən ermənipərəst dairələr hər addımda Azərbaycanı gözdən salmaq siyasəti yürütməyə cəhd edirlər. Amma hər şərdə bir xeyir olduğu kimi, Avropa Parlamentinin Azərbaycandakı parlament seçkiləri öncəsi şərə xidmət edən bu qətnaməsi bizi dostumuzla düşmənimizi bir daha saf - çürük etməyə vadar edir. Azərbaycan erməni işğalına məruz qalsa da hələ də Avropadan, Qərbdən real dəstək əldə edə bilməyib və bu o deməkdir ki, əslində həmin dairələr də erməni dəyirmanına su tökürlər. Biz bu cür qətnamələrdən usanmamalıyıq, əksinə, daha da güclənməliyik. Nəticədə onlar öz əməllərindən peşman olacaqlar".