“Sergey Aksenovun regiona səfəri heç nəyi dəyişməyəcək” Siyasət

“Sergey Aksenovun regiona səfəri heç nəyi dəyişməyəcək”

Rövşən Rzayev: "Bu, adi bir quldurun səfəridir"

Bu yaxınlarda Krım separatçılarının lideri Sergey Aksenovun Dağlıq Qarabağa səfəri gözlənilir. Krımlı separatçının bu addımını şərh edən Dağlıq Qarabağın Azərbaycanlı İcmasının İdarə Heyətinin üzvü, millət vəkili Rövşən Rzayev bu səfərin regionda hansısa məsələyə heç bir təsir göstərməyəcəyini deyib. "Sergey Aksenovun regiona səfəri heç nəyi dəyişməyəcək. Bu, adi bir quldurun səfəridir. Dünənə qədər Rusiyadan, İtaliyadan tanınmış müğənnilər, artistlər Dağlıq Qarabağa səfər edib. Bu gün də bir separatçı səfərə hazırlaşır. Burda heç bir fərq yoxdur. Bunların hamısı eyni düşüncəyə sahib insanlardır. Dünyaya problem bəxş edən insan müsbət xarakterə malik ola bilməz. Onun səfəri barədə ciddi düşünməyə ehtiyac yoxdur".
Millət vəkilinin sözlərinə görə, bu cür səfərlər provokasiya xarakteri daşıyır. "Separatçı rejimin, separatçı qurumun rəhbəri ilə əlaqələrin yaradılması qeyri-legitim, qeyri-qanuni provokativ xarakterdən başqa bir şey deyil. Təəssüf ki, dünyada baş verən problemlərin qarşısını almaq əvəzinə, gərginliyin artırılmasına çalışan qüvvələr var. Bu cür problemləri o cür insanlar yaradırlar".
Rövşən Rzayevin sözlərinə görə, separatçı qüvvələrin hiyləsi baş tutmayacaq. "Azərbaycan çox düzgün siyasət aparır. Bu gün Azərbaycanın güclü siyasəti, güclü iqtisadiyyatı mövcuddur. Cənab prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycanın ərazi bütövlüyü təmin olunacaq. Separatçı qüvvələr nə qədər çalışıb hiylələrə əl atsa da, Azərbaycan Silahlı Qüvvələrinin hazırlığı onların niyyətini puça çıxaracaq.
Azərbaycan münaqişənin sülh yolu ilə həllinə çalışır. Sülh siyasəti öz sözünü deyə bilməsə, birmənalı olaraq Azərbaycan Silahlı Qüvvələri öz sözünü deyəcək".
Qeyd edək ki, Sergey Aksenov həm separatçı lider, həm də Rusiya prezidenti Vladimir Putinin yaxın dostu kimi tanınır.