MSK şikayətləri əsassız sayıb Siyasət

MSK şikayətləri əsassız sayıb

Mərkəzi Seçki Komissiyasının iclasında (MSK) daxil olan müraciətlərə baxılıb.
MSK katibi Arifə Muxtarova bildirib ki, 94 saylı Bərdə Kənd Seçki Dairəsindən Müsavat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Dadaş Əhməd müvafiq dairə seçki komissiyasının namizədliyini qeydə almaması ilə əlaqədar MSK-ya şikayət edib. MSK-nın işçi qrupu tərəfindən aparılan araşdırma zamanı təqdim edilən 550 imzadan 192-si etibarsız sayılıb. Məsələ səsverməyə çıxarılıb və MSK şikayəti əsassız sayıb.
MSK üzvü Ramiz İbrahimov 82 saylı Ağcabədi Seçki Dairəsindən Müsavat Partiyası tərəfindən namizədliyi irəli sürən Rəşid Nəcəflinin namizədliyinin 82 saylı Ağcabədi Dairə Seçki Komissiyası tərəfindən qeydə alınmamasından şikayət etdiyini nəzərə çatdırıb. Aparılan araşdırma zamanı 550 imza təqdim edildiyini, sonradan 224 nəfərin yazılı ərizə ilə dairə seçki komissiyasına ərizə verərək imzalarının Müsavat Partiyasının namizədi üçün alındığından xəbərsiz olduqlarını bildirdikləri üzə çıxıb. MSK-nın iclasında iştirak edən Rəşid Nəcəfli deyib ki, ona imza verən 224 nəfər təzyiq və şantajla ərizə yazaraq imzalarını geri götürüb. MSK sədri Məzahir Pənahov imza verən şəxslərin imzalarını geri götürməsindən sonra MSK-nın atacağı bir addımın olmadığını söyləyib. MSK 82 saylı Ağcabədi Dirə Seçki Komissiyasının qərarını qüvvədə saxlayıb, Rəşid Nəcəflinin şikayətini təmin etməyib.
MSK üzvü Qabil Orucov 61 saylı Neftçala Seçki Dairəsindən namizədliyi irəli sürülən Kamran Əsədovun müvafiq dairə seçki komissiyası tərəfindən namizədliyinin qeydə alınmamasından şikayət etdiyini bildirib. MSK şikayəti əsassız sayıb.
MSK üzvü Bəxşeyiş Əsgərov 74 saylı Lənkəran Kənd Seçki Dairəsindən namizədliyi irəli sürülən Tural Süleymanovun namizədliyinin 74 saylı Lənkəran Dairə Seçki Komissiyası tərəfindən qeydə alınmadığını nəzərə çatdırıb. MSK-nın işçi qrupunun apardığı araşdırma zamanı Tural Süleymanov üçün imza toplayan şəxslərin namizəd üçün yox, kəndə yol çəkdirmək adı altında imza topladıqları üzə çıxıb. MSK Tural Süleymanovun şikayətini əsassız sayıb.