“İstərdik ki, namizədlərin təşviqatı şouya çevrilməsin” Siyasət

“İstərdik ki, namizədlərin təşviqatı şouya çevrilməsin”

Nuşirəvan Məhərrəmli: "Seçkilərə həsr olunmuş ümumi xarakterli verilişlərlə namizədlərin təbliğatına həsr olunmuş verilişlər bir-birindən ayrılmalıdır"



"Televiziya və radio kanallarında parlament seçkilərinə həsr olunmuş ümumi xarakterli verilişlərlə namizədlərin təbliğatına həsr olunmuş verilişlər bir-birindən ayrılmalıdır. Bəzən ümumi xarakterli verilişlərdə namizədlərin təbliğatı ilə bağlı qarışıqlığa yol verilir".

Bunu dünən Prezident Administrasiyası, Mərkəzi Seçki Komissiyası və Mətbuat Şurasının birgə təşkil etdiyi "Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər: seçkiqabağı təşviqat prosesində KİV-nin rolu və vəzifələri" mövzusunda keçirilən seminarda Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.

N. Məhərrəmli bildirib ki, bəzən namizədlərə təbliğatlarını aparmaq üçün 10 dəqiqədən çox vaxt ayrılır: "Mən bunu düzgün saymıram, seçki qanunvericiliyinə uyğun olaraq normalar müəyyənləşdirilməlidir. Digər tərəfdən, regionlarda televiziya və radio kanallarında namizədlərin təbliğatının aparılması, namizədlərin bu televiziya və radioların imkanlarından istifadə etməsini zəruri sayıram. Digər tərəfdən, namizədlərin təbliğatının şouya çevrilməsinə yol verilməməsi yaxşı olardı".

N. Məhərrəmli son vaxtlar MSK-dan və namizədlərdən televiziya və radio kanalları ilə bağlı MTRŞ-ə şikayət daxil olmadığını nəzərə çatdırıb: "Heç bir telekanaldan tələb edilə bilməz ki, seçkilərin təşviqatı prosesinə daxil olsun, bu, onların öz hüququdur. Bu seçki fürsətindən lazımınca yararlanmağı zəruri sayıram".