
“Türk dünyasının strateji inteqrasiyası XXI yüzilin geosiyasi gerçəklikləri fonunda, etnik və ya tarixi yaxınlığın ifadəsi olmaq etibarıyla, ortaq çıxarlara söykənən çoxşaxəli işbirliyi modelidir. Bu inteqrasiyanın formalaşmasına təsir edən amilləri bir neçə əsas yön üzrə qruplaşdırmaq olar. İlk növbədə, siyasi amillər önplana çıxır. Türk dövlətləri müstəqilliklərini gücləndirdikcə, qarşılıqlı güvən, suverenliyə sayğı və çoxtərəfli diplomatik işbirliyi prinsipləri üzərində yeni münasibətlər sistemi qurublar. Türk Dövlətləri Təşkilatının qurumsal (institusional) inkişafı, dövlət başçılarının ardıcıl Zirvə görüşləri, parlamentlərarası, hökumətlərarası və ekspert platformlarının genişlənməsi inteqrasiyanın siyasi bazasını gücləndirir. Burada Azərbaycanın təşəbbüskar və birləşdirici mövqeyi özəlliklə vurğulanmalıdır”.
Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında Beynəlxalq “Alaş” Ədəbiyyat mükafatı laureatı Əkbər Qoşalı bildirib.
O, iqtisadi amillərin də önəmli rolu olduğunu qeyd edib: “Orta Dəhlizin inkişafı, Xəzər hövzəsinin tranzit imkanları, enerji layihələri, yükdaşıma, logistik şəbəkələrin genişlənməsi, rəqəmsal iqtisadiyyat və yatırımlar türk dövlətlərini bir-birinə daha sıx bağlayır. Dünyada tədarük zəncirlərinin yenidən formalaşdığı bir dönəmdə Turan coğrafiyası Avropa ilə Asiyanı birləşdirən böyük iqtisadi məkana çevrilmək, strateji məzmun daşımaq potensialına malikdir. Geosiyasi amillər isə inteqrasiyanın güncəlliyini daha da artırır. Çağdaş beynəlxalq münasibətlər sistemi çoxqütblülüyə doğru inkişaf edir. Bu şəraitdə türk dövlətlərinin koordinasiyalı mövqeyi onların beynəlxalq təsir imkanlarını genişləndirir, bölgəsəl sabitliyə və təhlükəsizliyə töhfə verir. Qarabağ Zəfərindən sonra yaranmış yeni geosiyasi gerçəklik, Zəngəzur dəhlizi perspektivi və Türküstan (Orta Asiya)–Qafqaz–Anadolu xəttində formalaşan yeni işbirliyi mühiti bu baxımdan xüsusi önəm daşıyır”.
Ə.Qoşalı əlavə edib ki, bununla yanaşı, mədəni-humanitar amillər inteqrasiyanın ən dayanıqlı sütunlarından biridir: “Ortaq dil ailəsi, tarixi yaddaş, ədəbi-mədəni irs, mənəvi dəyərlər və ortaq sivilizasiya kodları türk xalqlarını bir-birinə bağlayan təbii platformdur. Təhsil, elm, gənclər siyasəti, media, mədəniyyət və diaspor işbirliyinin genişlənməsi inteqrasiyanın sosial bazasını möhkəmləndirir. Bu baxımdan inteqrasiya həm dövlətlərarası, həm də cəmiyyətlərarası xarakter daşımalıdır. Eyni zamanda, indiki mərhələdə texnoloji və rəqəmsal işbirliyi, süni intellekt, innovasiya ekosistemləri, kibertəhlükəsizlik və ortaq informasiya məkanının formalaşdırılması da strateji inteqrasiyanın yeni ölçülərini müəyyənləşdirir”.
Onun sözlərinə görə, türk dünyasının gələcək uğuru inteqrasiyanı romantik ideyadan daha çox, praqmatik inkişaf modeli kimi qəbul etməkdən keçir: “Bu inteqrasiya heç bir üçüncü tərəfə qarşı yönəlməyən, əksinə, bölgədə barışa, rifaha, qarşılıqlı yararlı işbirliyinə və sabitliyə xidmət edən açıq platform olmalıdır. Türk dünyasının strateji inteqrasiyasını siyasi iradə, qarşılıqlı iqtisadi asılılıq, geosiyasi zərurət və ortaq mədəni kimlik birlikdə şərtləndirir. Bu dörd sütun nə qədər möhkəm olarsa, türk dünyasının qlobal proseslərdə müstəqil və təsirli aktor kimi mövqeyi də bir o qədər güclənəcək”.
Röya İsrafilova