“Təhsil proqramları müasir tələblərə uyğunlaşmalıdır” Cəmiyyət

“Təhsil proqramları müasir tələblərə uyğunlaşmalıdır”

“Azərbaycanda elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarının hazırlanması istiqamətində müəyyən müsbət təşəbbüslər olsa da, bu sahədə hələ də ciddi boşluqlar qalmaqdadır”.

Bunu Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli xalqcəbhəsi.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, əsas problemlərdən biri bu proqramların maarifləndirməkdən daha çox məlumat ötürməyə yönəlməsidir:

“Halbuki təhsil məzmunu insanlarda düşünmə bacarığını, tənqidi yanaşmanı, araşdırma vərdişini və öyrənməyə marağı formalaşdırmalıdır. Bu istiqamət gücləndirilmədən proqramların real təsiri məhdud qalacaq. Digər mühüm çatışmazlıqlardan biri proqramların hədəf auditoriyasına uyğun hazırlanmamasıdır.Məktəb yaşlı uşaqlar, yeniyetmələr, valideynlər, müəllimlər və gənclər üçün eyni təqdimat üslubundan istifadə olunur. Halbuki hər yaş qrupunun psixoloji xüsusiyyətləri, maraqları və məlumatı qəbul etmə forması fərqlidir. Məzmun da buna uyğun qurulmalıdır.”

Ekspert hesab edir ki, müasir təqdimat üsullarından kifayət qədər istifadə olunmaması da proqramların cəlbediciliyini azaldır:
“Bugünkü auditoriya uzun mühazirələrdən daha çox vizual təqdimata, animasiyalara, real həyat nümunələrinə, eksperimentlərə, debatlara və interaktiv müzakirələrə üstünlük verir. Proqramlar bu tendensiyaya uyğunlaşmasa, xüsusilə gənc nəslin marağını cəlb etmək çətin olacaq.”

TİHA sədri ekspert seçiminin də xüsusi əhəmiyyət daşıdığını vurğulayıb:
“Bəzən efirlərdə mövzunun peşəkarı olmayan şəxslərə üstünlük verilir. Elmi-kütləvi və təhsil proqramlarında sahəni dərindən bilən alimlər, müəllimlər, təhsil ekspertləri, psixoloqlar və praktiki təcrübəsi olan mütəxəssislər daha çox iştirak etməlidirlər. Bu, həm proqramın etibarlığını artırır, həm də ictimai inamı gücləndirir. Regional uğurlar və yerli nümunələr də daha geniş işıqlandırılmalıdır.
Azərbaycanın müxtəlif bölgələrində uğurlu müəllimlər, istedadlı şagirdlər, innovativ məktəblər və maraqlı təhsil təşəbbüsləri var. Onların təcrübəsinin ictimaiyyətə çatdırılması həm cəmiyyətdə motivasiya yaradır, həm də müsbət nümunələrin yayılmasına xidmət edir. Proqramların daha effektiv hazırlanması üçün televiziya kanalları, Elm və Təhsil Nazirliyi, ali təhsil müəssisələri, elmi institutlar və müstəqil ekspertlər arasında davamlı əməkdaşlıq modeli formalaşdırılmalıdır.
Məzmun hazırlanarkən beynəlxalq təcrübə öyrənilməli, eyni zamanda milli dəyərlər və ölkənin təhsil prioritetləri də nəzərə alınmalıdır.”

Sonda Əmrah Həsənli vurğulayıb ki, elmi-kütləvi, mədəni-maarif və təhsil proqramları cəmiyyət üçün sadəcə efir məhsulu deyil, strateji maarifləndirmə vasitəsidir:

“Keyfiyyətli hazırlanmış belə proqramlar yalnız bilik vermir, eyni zamanda oxuyan, düşünən, araşdıran və məsuliyyətli vətəndaşın formalaşmasına töhfə verir. Məhz buna görə də bu istiqamətə uzunmüddətli investisiya kimi yanaşılmalı, ardıcıl və ciddi addımlar atılmalıdır.”

Günel Elxan