Parlament hökumətə 6 gün vaxt verdi Siyasət

Parlament hökumətə 6 gün vaxt verdi

Dünən Milli Məclisin plenar iclasında 2016-cı il üçün büdcə zərfinin müzakirəsi davam etdirilir.
Qeud edək ki, büdcə zərfinə "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında", "Azərbaycan Respublikasında 2016-cı il üçün yaşayış minimumu haqqında" və "Azərbaycan Respublikasında 2016-cı il üçün ehtiyac meyarının həddi haqqında" qanunları, "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında" qanunu, Milli Məclisin və Hesablama Palatasının 2016-cı il üçün xərclər smetaları daxildir.
Büdcə zərfinin müzakirəsi zamanı millət vəkili Jalə Əliyeva deyib ki, müzakirə etməkdə olduğumuz büdcə layihəsi real proqnozlara əsaslanaraq hazırlanmış əhəmiyyətli bir sənəddir.
O bildirib ki, gələn ilin dövlət büdcəsi layihəsinin dünyada baş verən neqativ iqtisadi hadisələr fonunda hazırlanması bu sənədi xüsusilə əhəmiyyətli edir. Büdcə layihəsinin bütövlükdə milli maraqları əks etdirdiyini deyən Jalə Əliyeva qeyd edib ki, ölkədəki iqtisadi sabitliyin bundan sonra da davam edəcəyinə əminlik yaradan bu layihə akademik səviyyədə hazırlanıb: "Layihə əvvəlki illərin büdcəsindən öz yığcamlığı ilə fərqlənsə də, tam əminliklə deyə bilərik ki, ötən illərdə olduğu kimi, bu büdcə layihəsində də bir daha insan amili ön plana çəkilib. Bununla belə, layihə hazırlanarkən bu gün dünyada baş verən qeyri-sabitliklər, qeyri-müəyyənliklər, ehtimallar nəzərə alınıb. Büdcə gəlirlərinin azaldığı bir zamanda sosial yönümlü xərclərə 8,6%, sosial tədbirlərə 4,3%, təhsil xərclərinə 2,4%, səhiyyəyə 0,9%, beynəlxalq fəaliyyətə 22,1%, mədəniyyət, incəsənət, idman xərclərinə 8,4% daha çox vəsait ayrılması əlbəttə ki, ölkədə hökm sürən ictimai-iqtisadi, siyasi sabitliyin, eləcə də maliyyə sabitliyinin başlıca göstəricisidir. Bu göstəricilər ondan xəbər verir ki, ölkədə cənab prezident tərəfindən həyata keçirilən düşünülmüş, gələcəyə istiqamətlənən siyasətin bütün sahələri üzrə hər zaman adekvat tədbirlər planı mövcuddur".
Millət vəkili xərclərin mümkün olduğu qədər azaldılmasını tələb edən bugünkü reallıqlar zəminində müxtəlif sahələri əhatə edən təkliflər üçün büdcədən daha çox vəsait ayrılmasını gündəmə gətirməyi doğru saymır. Bununla belə, o qeyd edib ki, bəzi həlli vacib məsələlərə mütləq diqqət ayrılmalıdır: "Aztəminatlı ailələrin mənzil probleminin həlli üçün sosial evlərin tikintisi ilə bağlı olaraq əvvəlki illərdə nəzərdə tutulan layihələrin maliyyələşdirilməsi işinin davam etdirilməsi, yenə həmin təbəqədən vətəndaşlar üçün ipoteka şərtlərinin dəyişdirilməsi, yəni asanlaşdırılması, eyni zamanda təhsil və tibb işçilərinə güzəştli ipotekaların verilməsi məsələləridir. Dövlətimizin qüdrəti bu, çox da böyük vəsait tələb etməyən layihələri həll etməyə qadirdir".
Jalə Əliyeva hökumət üzvlərinin diqqətinə deputat seçildiyi dairənin seçicilərinin bir xahişini də çatdırıb: "Hökumət üzvlərinin tam tərkibdə burada olmasından istifadə edərək son günlərdə seçicilərim tərəfindən daxil olan bir xahişi səsləndirmək istəyirəm. Ölkədə uğurla həyata keçirilən qazlaşdırma siyasətinin tərkib hissəsi olaraq deputatı olduğum Zərdab rayonunun Sarıqaya kəndinə də qaz xətti çəkilməkdədir. Lakin həmin kənddə evlərin bir çoxu Kür çayının keçdiyi bəndin ərazisində yerləşir və bu vəziyyət layihəyə görə həmin ərazidən keçməsi nəzərdə tutulan qaz xəttinin çəkilməsini mümkünsüz edir. Hazırda həmin kənddə qaz çəkilişi işləri yarımçıq qalıb və bu vəziyyət bir neçə aydan bəridir ki, davam edir və heç bir şəkildə hələlik həllini tapmır. Qarşıdan qış gəlir. Hökumətimizdən həmin kəndin ərazisindən keçən layihənin ən qısa zamanda yenidən nəzərdən keçirilməsi üçün mümkün olan köməkliklərini əsirgəməməyi xahiş edirəm".
Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib ki, bir neçə gün öncə Prezident İlham Əliyevin doqquz ayın yekunları ilə bağlı geniş və əhatəli çıxışı 2016-cı ilin dövlət büdcə layihəsinin birbaşa səsə qoyularaq qəbul olunmasına kifayət edir.
O, prezidentin həm dünyada, həm ölkədə gedən hadisələri, həm beynəlxalq, həm də ictimai-siyasi vəziyyəti əhatəli şəkildə şərh etdiyini, bu çıxışdan sonra müzakirələrə ehtiyac qalmadığını qeyd edib: "Prezident İlham Əliyev 2016-cı ilin büdcəsinin gələcəkdə necə formalaşması, hansı istiqamətlərə xərclənməsi, iqtisadiyyatımızın hansı sferalarına diqqət yetirilməsi, neftin qiyməti ilə bağlı, xüsusi olaraq ictimaiyyəti maraqlandıran bütün məslələrə münasibətini bildirdi. Bundan sonra əlavə fikir söyləmək istəmirəm". Deputat 2016-cı ilin dövlət büdcəsində müdafiə xərclərinin artırıldığını və bunun vacib məsələ olduğunu vurğulayıb: "Təhlükəsizlik və müdafiə məsələsi vacib şərtlərdəndir. Bu sahəyə diqqət biraz da artırılsa, daha məqsədəuyğun olar. Ətrafımızda baş verən hadisələr, təhdidlər, ayrı-ayrı terror qruplarının qarşısının alınması üçün Azərbaycan hüquq-mühafizə orqanları ciddi-cəhdlə çalışır və ölkəmizdə prezidentimizin rəhbərliyi altında böyük bir ictimai-siyasi sabitlik hökm sürür. Azərbaycan bir sabitlik adasıdır. Onun qorunması və daha da möhkəmlənməsi üçün büdcədən bu sahələrə vəsaitlərin biraz daha çox ayrılmasına ehtiyac var". Daha sonra deputat parlament seçkiləri ilə əlaqədar həmkarlarına qanunvericiliyə riayət etmələrini bildirib. O, müzakirələri dayandırmağı vurğulayıb. YAP rəsmisi bildirib ki, bununla da hökumətə büdcəni nəzərdən keçirməyə imkan yaratmaq lazımdır.
Xatirladaq ki, Milli Məclisin dünən keçirilən plenar iclasında "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi başa çatıb.
Parlamentdə səslənən təklifləri dəyərləndirmək üçün hökumətə 6 gün vaxt verilib.
Müzakirələrdən sonra spiker Oqtay Əsədov deyib ki, deputatların əksəriyyəti seçki kampaniyasında iştirak etdiyindən əvvəlki illərdən fərqli olaraq hökumətə 10 gün yox, 6 gün vaxt veriləcək: "İnanırıq ki, hökumət oktyabrın 20-nə kimi burada qaldırılan məsələlərə baxa biləcək və oktyabrın 20-də büdcə layihəsi səsverməyə çıxarılacaq".