“İşimizi davam etdiririk” Siyasət

“İşimizi davam etdiririk”

Robert Sekuta: "İstəyimiz ondan ibarətdir ki, bu ilin sonunadək prezidentlərin görüşünü təşkil edək"

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Bərdə rayonuna səfər edib.
Səfərdə məqsəd Bərdə və Ağcabədi rayonlarında ABŞ-ın maliyyələşdirdiyi 3 humanitar layihənin təməlqoyma mərasimində iştirak etməkdir.
İlk olaraq Bərdənin Yeni Daşkənd kəndinə gedən səfir yeli sakinlərlə görüşdükdən sonra kənd ərazisində məskunlaşan məcburi köçkünlərin həyat şəraiti ilə tanış olub. Jurnalistlərin suallarını cavablandıran Robert Sekuta bildirib ki, ABŞ-ın Avropadakı hərbi idarəsinin köməyi ilə Yeni Daşkənd, Alxaslı və Ərdüşlü kəndlərində su sistemlərinin təkmilləşdirilməsi üzrə layihə həyata keçiriləcək. Layihəyə ABŞ səfirliyinin hərbi əməkdaşlıq idarəsi nəzarət edəcək. Layihə reallaşdıqdan sonra 700-ə yaxın ailənin su təchizatı yaxşılaşdırılacaq.
Robert Sekuta ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həlli yolunu sülhdə gördüyünü və həmsədrlərin bu ilin sonunadək Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etməyə çalışdıqlarını deyib: "Başda Minsk Qrupunun həmsədrləri olmaqla, bütün həmsədrlər Dağlıq Qarabağmünaqişəsini dinc, sülh yolu ilə nizamlanması üçün öz səylərini artırıblar. Bizim amerikalı həmsədrimiz, səfir Uorlik bu il ərzində bir neçə dəfə bu bölgəyə səfər edib. Sonuncu dəfə o, keçən həftə Azərbaycana gəlib. Səfir Uorlik haqlı olaraq bildirib ki, bu münaqişəyə dondurulmuş münaqişə kimi baxmaq olmaz, çünki insanlar qətlə yetirilir. Biz nizamlanma istiqamətində işimizi davam etdiririk. İstəyimiz ondan ibarətdir ki, bu ilin sonunadək hər iki ölkə prezidentinin görüşünü təşkil edək".
Qeyd edək ki, ABŞ-ın Avropadakı hərbi idarəsi 2003-cü ildən etibarən dəyəri 4 milyon ABŞ dolları olan 17 humanitar yardım layihələrini maliyyələşdirib. Əsasən məcburi köçkün icmalarını əhatə edən bu layihələrə məktəblərin və su təchizatı sistemlərinin təkmilləşdirilməsi və tikintisi daxil olub. 1993-cü ildən etibarən Amerika Birləşmiş Ştatları Azərbaycandakı qaçqın və məcburi köçkünlərə dəstək olaraq 115 milyon ABŞ dollarından çox yardım ayırıb.