Amerikalı həmsədr XİH rəhbərlərilə görüşəcək Siyasət

Amerikalı həmsədr XİH rəhbərlərilə görüşəcək

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik sabah Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşəcək. Bu barədə amerikalı həmsədr öz "Twitter" səhifəsində yazıb.
C.Uorlik həmçinin bildirib ki, o, ATƏT-də keçiriləcək müzakirələrdə iştirak etmək üçün Vyanaya yola düşür: "ATƏT-də keçiriləcək müzakirələrdə iştirak etmək üçün Vyanaya yola düşürəm. Cümə günü isə Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşmək üçün Moskvaya yola düşəcəyəm".
Qeyd edək ki, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan XİN rəhbəri Edvard Nalbandyan iki ölkənin prezidentlərinin yaxın gələcəkdə görüşünü hazırlamaq məqsədilə Moskvada görüşəcəklər. Bundan əlavə, ATƏT-in Minsk qrupunun həmsədrləri səfir İqor Popov (Rusiya), Jak For (Fransa) və Ceyms Uorlik (ABŞ) martın 23-dən martın 24-dək Haaqada Azərbaycan prezidenti İlham Əliyevlə və Ermənistan prezidenti Serj Sarksyanla görüşlər keçiriblər.
Həmsədrlər noyabrda yüksək səviyyədə görüşün gedişatında qaldırılmış məsələlər üzrə xarici işlər nazirləri ilə görülmüş işlər haqqında prezidentlərə məlumat veriblər.
Həmsədrlər sərhəddə və təmas xəttində zorakılığa yol verilməməsinin vacibliyini vurğulayıblar və tərəfləri regionda gərginliyi artıra biləcək təcavüzkar ritorikadan uzaq olmağa çağırıblar.