BAXCP İdarə Heyətinin iclası keçirilib Siyasət

BAXCP İdarə Heyətinin iclası keçirilib

Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda ictimai-siyasi vəziyyət və cari məsələlər müzakirə olunub.
BAXCP İdarə Heyətinin üzvləri Günəşli yatağında baş verən və insan tələfatı ilə nəticələnən qəzadan sarsıldıqlarını bildiriblər. Bununla bağlı qəbul olunan açıqlamada deyilir: "BAXCP İdarə Heyəti Günəşli yatağında baş vermiş qəza nəticəsində ölənlərin doğmalarına və yaxınlarına, bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir, xəsarət alanlara Allahdan şəfa diləyir.
BAXCP ümid edir ki, Dövlət Komissiyası baş vermiş qəzanın səbəblərini tez bir zamanda araşdıraraq ictimaiyyətə məlumat verəcək, əgər hadisədə günahı olan, yaxud vəzifə səhlənkarlığına yol verən şəxslər varsa, onlar da öz layiqli cəzalarını alacaqlar".
BAXCP İdarə Heyətinin müzakirəsinə çıxarılan növbəti məsələ partiyanın Ali Məclisinin dekabrın 26-da keçiriləcək sessiyasının gündəliyi ilə bağlı olub. Ali Məclisin gündəliyinə tövsiyyə olunan məsələlərin müzakirəsindən sonra yekun qərar qəbul olunub.