Üç ölkə arasında müdafiə sahəsində birgə Bəyannamə imzalanacaq Siyasət

Üç ölkə arasında müdafiə sahəsində birgə Bəyannamə imzalanacaq

"Türkiyə, Azərbaycan və Gürcüstan arasında müdafiə sahəsində ortaq Bəyannamə imzalanacaq".
Bu sözləri Türkiyə Cümhuriyyətinin milli müdafiə naziri İsmət Yılmaz deyib. Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirlərinin İstanbulda keçirilən ikitərəfli və üçtərəfli görüşlərindən sonra mediaya açıqlama verən İ. Yılmaz bildirib ki, bugünkü görüşlər hərbi təhlükəsizlik sahələrində ikitərəfli və regional münasibətlərin inkişaf etdirilməsi üçün böyük əhəmiyyətə malikdir: "Regional və qlobal dialoqa əvvəlkindən çox ehtiyac olduğu bir vaxtda üç ölkənin apardığı müzakirələrin əhəmiyyəti böyükdür. Bu əməkdaşlıq və dialoq bütün ölkələrə örnək ola biləcək xarakterdədir. Sülh dolu bir gələcəyin hazırlanması nöqtəsindən hərəkət edərək ikitərəfli və üçtərəfli əməkdaşlığımızın bir nişanəsi kimi gördüyümüz müdafiə sahəsində əməkdaşlıq bəyannaməsinin ən qısa müddətdə imzalanmasının önəmini də vurğuladıq".
Gürcüstanın müdafiə naziri Tinatin Xidaşeli isə üç ölkə arasındakı əməkdaşlığın istər bölgədə, istərsə də dünyada sülhə xidmət edəcəyini söyləyib. O, Türkiyə kimi bölgənin digər iki ölkəsi olan Azərbaycan və Gürcüstanın hərbi təhlükəsizlik məkanındakı gələcəkdəki yerinin NATOolduğunu vurğulayıb.
Azərbaycanın müdafiə naziri Zakir Həsənov isə diqqəti bölgə ölkələrinin silahlı qüvvələri arasında təhsil-təlim sahəsindəki əməkdaşlığın önəminə cəlb edib. Regiondakı münaqişələrin ölkələrin ərazi bütövlüyü təməlində və beynəlxalq hüquq normaları əsasında həll edilməsinin lüzumundan bəhs edən Z. Həsənov İstanbuldakı görüşün bölgədə sülh və əmin-amanlığa nail olunmasına xidmət etdiyini bildirib: "Sülhün tam şəkildə bərqərar olması üçün biz regionda güclü olmalı və bəzi layihələri həyata keçirməliyik. Bu gün qəbul etdiyimiz mühüm qərarlar üç dost-qardaş dövlətin silahlı qüvvələrini möhkəmləndirməyə xidmət edir. NATOproqramları çərçivəsində də biz Türkiyənin və Gürcüstanın təcrübələrindən istifadə edəcəyik. Regionda təhlükəsizliyə nail olunması bütün dövlətlərin mənafeyinə uyğun olacaq".
Z. Həsənov növbəti görüşün Bakıda keçiriləcəyini, görüşün tarixinin dəqiqləşdirilərək elan olunacağını əlavə edib.