“Qardaşlığımız böyük sınaqlardan çıxıb” Siyasət

“Qardaşlığımız böyük sınaqlardan çıxıb”

Prezident İlham Əliyev: "Dünyada Azərbaycanla Türkiyə kimi bir-birinə bağlı ölkələr tapmaq çox çətindir"

Azərbaycan prezidenti İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəmanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlət başçısı noyabr ayında Türkiyədə keçirilən parlament seçkilərində qazanılan qələbə və Türkiyə Böyük Millət Məclisinin sədri kimi mötəbər vəzifəyə seçilməsi münasibətilə İsmayıl Qəhrəmanı təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.
Prezident İlham Əliyev İamayıl Qəhrəmanın ilk xarici səfərini qardaş ölkəyə etməsindən məmnunluğunu bildirib. Bu ayın əvvəlində Türkiyə baş naziriƏhməd Davudoğlunun ölkəmizə səfərini xatırlayan dövlət başçısı bunun gözəl ənənə olduğunu vurğulayaraq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın prezident seçiləndən sonra ilk səfərini Azərbaycana və özünün 2013-cü ildə prezident seçiləndən sonra ilk xarici səfərini qardaş ölkəyə etməsini məmnunluqla xatırlayıb və bunu Azərbaycan-Türkiyə birliyinin yaxşı nümunəsi kimi dəyərləndirib.
Prezident İlham Əliyev bir daha qeyd edib ki, dünyada Azərbaycanla Türkiyə kimi bir-birinə bağlı olan ölkələr tapmaq çox çətindir. Dövlət başçısı Azərbaycanın 24 illik müstəqilliyi dövründə ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin böyük sınaqlardan çıxdığını vurğulayıb. Prezident İlham Əliyev bu gün ölkələrimizin bütün istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi və digər sahələrdə uğurla əməkdaşlıq etdiklərini və bir-birinə verdikləri qarşılıqlı dəstək sayəsində daha da gücləndiklərini qeyd edib. Azərbaycan-Türkiyə iş birliyinin və dostluğunun regionda mühüm amilə çevrildiyini bildirən dövlət başçısı ölkələrimizin beynəlxalq təşkilatlarda bir-birini daim dəstəkləmələrinin önəmini də qeyd edib. Prezident İlham Əliyev Türkiyənin G20-yə ev sahibliyi edən bir dövlət kimi Azərbaycanı bu tədbirə dəvət etməsindən məmnunluğunu bildirib və Azərbaycanla Türkiyənin bir-birinə ən yaxın müttəfiq ölkələr olduğunu deyib.
Əlaqələrimizin inkişafında parlamentlərarası əməkdaşlığın mühüm yer tutduğunu vurğulayan prezident İlham Əliyev bu əməkdaşlığın həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurla inkişaf etdiyini bildirib. Avropa Şurasında Azərbaycan nümayəndə heyətinə rəhbərlik etdiyi dövrü xatırlayan dövlət başçısı ölkəmizin bu təşkilata üzv olduğu ilk vaxtlardan başlayaraq nümayəndə heyətləri arasında sıx əməkdaşlığın qurulduğunu məmnunluqla qeyd edib. Prezident İlham Əliyev İsmayıl Qəhrəmanın ölkəmizə səfərinin əməkdaşlığımızın gələcəkdə daha da genişləndirilməsi işində önəmli rol oynayacağına ümidvar olduğunu bildirib.
İsmayıl Qəhrəman isə Türkiyə ilə Azərbaycanın qardaş ölkələr olduğunu vurğulayaraq "Bir millət, iki dövlət" fikrinin artıq hər iki xalqın şüurunda möhkəm yer tutduğunu deyib. O, Türkiyə rəhbərlərinin ilk xarici səfərlərini Azərbaycana etmələrini məmnunluqla vurğulayıb. Azərbaycana əvvəlki səfərlərini xatırlayan İ. Qəhrəman ötən dövrdə Bakıda gedən böyük inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını deyib. Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanın birinci Avropa Oyunlarını mükəmməl şəkildə təşkil etdiyini də vurğulayıb. Noyabrın 1-də hər iki qardaş ölkədə parlament seçkilərinin uğurla başa çatdığını deyən İ. Qəhrəman əməkdaşlığın və həyata keçirilən müştərək layihələrin bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini söyləyib.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.