“Suraxanı rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər“ Siyasət

“Suraxanı rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər“

Ölkədə abadlıq, quruculuq içləri həmişə prioritet hesab olunub. Xüsusən Bakıda bu sahəyə xüsusi diqqət yetirilir. Suraxanı rayonu da prioritet istiqamətdən kənarda qalmayıb və rayonda bu istiqamətdə ciddi addımlar atılıb.
Qeyd edək ki, "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nda Suraxanı rayonu üzrə 54 tədbir nəzərdə tutulub, onların 4-ü icra olunub, 20-nin icrasına başlanılıb, başa çatdırılan və başlanılan tədbirlər sözügedən dövlət proqramındakı tədbirlərin 44,5 faizini təşkil edibdir.
Ümumiyyətlə, bu dövr ərzində Qaraçuxur qəsəbəsində 146 saylı orta məktəb üçün 25 əlavə sinif otağından ibarət tədris korpusu, idman və akt zalları tikilərək istifadəyə verilib, Əmircan qəsəbəsində 5 saylı və Yeni Günəşli yaşayış sahəsində 262 saylı uşaq bağçaları əsaslı təmir olunub. Qaraçuxur və Bülbülə qəsəbələrində idman zallarının, Yeni Günəşli "V" yaşayış sahəsində idman meydançasının, Əmircan qəsəbəsində RİH tərəfindən 100 yerlik uşaq bağçasının, Yeni Günəşli "D" yaşayış sahəsində şahmat məktəbinin və yanğından mühafizə bölməsinin binasının tikintisi davam etdirilib. Qaraçuxur qəsəbəsində Cəlal Qurbanov, İlqar Musayev, Zaur Şərifov, Abbas Fətullayev, Nizami İsmayılov, Fərman Kərimzadə və Abbasqulubəy Şadlinski küçələrində və Yeni Günəşli yaşayış sahəsində rayonun idarə və müəssisələrin köməkliyi ilə abadlıq-quruculuq işlər görülüb. Küçələrin ətrafında yerləşən qeyri-yaşayış obyektlərinin fasadları müasir üslubda yenidən qurulub, binaların fasadları, hasarlar, müxtəlif dirəklər rənglənib, ətraf ərazilər iri qabaritli tullantılardan təmizlənib. Rayon təsərrüfatının növbəti payız-qış mövsümünə hazırlığını yüksək səviyyədə təmin etmək məqsədilə Suraxanı Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə müvafiq qərargah yaradılıb, həyata keçiriləcək tədbirlər planı təsdiq edilib. Payız-qış mövsümünə hazırlıqla əlaqədar təmir işləri davam etdirilir, məhəllədaxili və binaların zirzəmilərində aşağıpaylayıcı istilik xətləri dəyişdirilir, məhəllədaxili və binadaxili istilik sistemləri yenidən qurulub. Suraxanı rayonunda ekoloji məsələlərin həllinə diqqət artırılıb. Dövlət başçısının müvafiq sərəncamlarına və qəbul edilmiş Dövlət Proqramına əsasən Bakı şəhərində mövcud olan göllərin, o cümlədən, Bülbülə və Zığ göllərinin təmizlənməsinə, ətraflarının abadlaşdırılmasına başlanılıb. Rayonun əməliyyat şirkətləri tərəfindən lay suları və neftlə çirklənmiş 8,17 hektar torpaq sahəsi təmizlənərək texniki rekultivasiya olunub. Ümumi sahəsi 5 hektar olan müxtəlif ölçülü 24 ədəd gölməçə qurudulub. 30 ədəd quyunun işçi meydançası və quyuətrafı sahələri neft tullantılarından təmizlənib, neft kollektorları təmir olunub. Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə keçən ilin noyabr ayında başlayan birinci "Ümumrespublika Yaşıllaşdırma marafonu" çərçivəsində cari ildə də ağacəkmə kampaniyası davam etdirilib, marafon çərçivəsində rayonun idarə və müəssisələrinin iştirakı ilə 11 ümumrayon iməciliyi keçirilərək 7,4 mindən artıq ağac əkilib. Rayon əhalisinin sosial müdafiəsinin gücləndirilməsi məsələləri daim nəzarətdə saxlanılıb. Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində 2015-ci ilin 9 ayı ərzində 7496 nəfərə 4,57 milyon manatdan artıq sosial müavinət ödənilib. 2173 ailəyə 3,04 milyon manatdan artıq ünvanlı sosial yardım verilib. 218 nəfər tənha və əlil vətəndaşa evində sosial xidmət göstərilib. 58 nəfər imtiyazlı vətəndaş reabilitasiya mərkəzində və sanatoriyalarda istirahət ediblər. Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsi tərəfindən 27 min 748 təqaüdçüyə xidmət göstərilib,bir nəfərə düşən orta aylıq təqaüdün məbləği rayon üzrə 194,5 manat təşkil edib. Rayon Məşğulluq Mərkəzinə işlə əlaqədar müraciət etmiş 992 nəfərdən 476 nəfəri işlə təmin olunub. 71 nəfərə işsiz statusu verilib. 71 nəfərə işsizlik müavinəti verilib. 44 nəfər peşə hazırlıq kurslarına cəlb olunub. Rayonun ümumtəhsil məktəblərində 906 nəfər peşəyönümünə cəlb edilib.

"Gələcəyimizi qoruyaq"

Cari ilin may ayının 1-dək bütün ölkə vətəndaşlarının pulsuz tibbi müayinədən keçirilməsi ilə bağlı Prezident İlham Əliyevin tapşırığı Suraxanı rayonunda müvəffəqiyyətlə icra edilib. Rayon əhalisinin 67,4 faizi və 124 kollektiv tibbi müayinədən keçib. Aşkarlanmış xəstəliklər nəticəsində 6751 nəfər vətəndaş ambulator müalicəyə və 570 nəfər stasionar müalicəyə qəbul olunub. 704 nəfərin sağlamlığı bərpa edilib, rayon əhalisi tibbi müayinədən keçirilib. Suraxanı rayonun sosial iqtisadi vəziyyəti, görülən işlər və qarşıda duran vəzifələr haqqında çox danışmaq olar. Suraxanı rayonunda gənc nəslin sağlam böyüməsi də xüsusi diqqət mərkəzindədir. Rayonda gənc nəslin sağlam böyüməsinə xidmət edən narkomaniyaya qarşı mübarizə həftəsi çərçivəsində "Gələcəyimizi qoruyaq" adlı və Ümumdünya QİÇS-lə mübarizə gününə həsr edilmiş tədbirlər əhali tərəfindən məmnunluqla qarşılanıb.
Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən rayondakı Heydər Əliyev Mərkəzində bu ilin 9 ayı ərzində 14 ümumrayon tədbiri keçirilib. Bu tədbirlər rayonun sosial-iqtisadi, təhsil, elm və digər sahələrinin inkişafında önəmli rol oynayıb.

Neft rayonu

Suraxanı Azərbaycanın neft rayonlarından biri hesab edilir. Burada bir ildə 338,3 min ton xam neft, 232,1 milyon kubmetr qaz istehsal edilir. Rayon ərazisində neft və qaz istehsalı ilə "Bahar Enerji" və "Suraxanı Oyl" əməliyyat şirkətləri, "Qaraçuxur iriləşdirilmiş neft mədəni", "Abşeron Operating Company", "Qazmaservis və Logistika" İdarəsi, Tamponay və Layların Neftveriminin Artırılması İdarəsi məşğul olurlar. Neft və qaz istehsalı isə, öz növbəsində, rayonda minlərcə insanın işlə təmin edilməsində və onların sosial-iqtisadi rifahlarının yaxşılaşdırılmasında önəmli rol oynamaqdadır. Suraxanı həm də iri sənaye rayonudur. Burada 60-a yaxın sənaye müəssisəsi fəaliyyət göstərir. Suraxanı rayonu ərazisindəki müəssisələrdə istehsal edilən məhsullar həm Azərbaycanın daxili tələbatının ödənilməsində önəmli rol oynayır, həm də onlar xaricə ixrac edilir. Məsələn, rayonda fəaliyyət göstərən Transformator və Müxtəlifnöv Elektrotexniki Avadanlıqlar İstehsalı Zavodunun məhsulları dünyanın müxtəlif ölkələrinə, o cümlədən qonşu Türkmənistan, Gürcüstan, Qazaxıstan, həmçinin Ukrayna, Bəhreyn, Cənubi Afrika Respublikası, İraq, Rusiya və Kanadaya ixrac edilir. Bu da Suraxanı rayonunun Azərbaycanın sosial-iqtisadi inkişafına özünün əvəzsiz töhfəsini verməsinə gətirib çıxarıb. Belə ki, bu ilin ilk 9 ayı ərzində Suraxanı rayonunda 198,1 milyon manat həcmində sənaye məhsulu istehsal edilib. Buna paralel olaraq, rayonda 34,2 milyon manat həcmində tikinti-quraşdırma işləri görülüb. Rayonda əsas kapitala yönəldilən investisiyalar isə 30,2 milyon manat olub. Həmin müddət ərzində pərakəndə ticarət dövriyyəsi 238,8 milyon manata çatdırılıb, əhaliyə 184,3 milyon manat məbləğində pullu xidmətlər göstərilib. Həyata keçirilən tədbirlər nəticəsində yeni istehsal sahələri istifadəyə verilib. Bu da 2355 yeni daimi iş yerinin yaradılmasına gətirib çıxarıb. Yeni iş yerlərinin yaradılması isə, öz növbəsində, əhalinin maddi rifahının daha da artmasına və orta aylıq əməkhaqqının 546,4 manata çatdırılmasına yol açıb.
Problemlər necə həll olunur?


Onu da deyək ki, Suraxanı rayonunda həllini gözləyən problemlər də mövcuddur. Bu problemlərdən biri - rayon ərazisində qəzalı evlərdə yaşayan sakinlərə, xüsusilə Zığ qəsəbəsində qəzalı vəziyyətə düşmüş yaşayış evlərinin sakinlərinə köməklik göstərilməsidir. Ərazidə yaranmış vəziyyətin ciddiliyi və hər an insan tələfatı ilə nəticələnə biləcək bədbəxt hadisələrin baş vermə ehtimalının yüksək olduğu nəzərə alınaraq sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə 26 qəzalı evin boşaldılmasına dair Suraxanı RİH tərəfindən rayon məhkəməsində qaldırılmış iddialar təmin edilib, 22 ailə RİH-in daxili imkanları hesabına kirayə evlərə köçürülüb. Suraxanı rayonunun sosial-iqtisadi inkişafı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, geniş abadlıq və quruculuq işlərinin aparılması, onlara göstərilən kommunal və digər xidmətlərin səviyyəsinin yüksəldilməsi istiqamətində işlər davam etdirilir. Hazırda rayon təsərrüfatının növbəti payız-qış mövsümünə hazırlığını yüksək səviyyədə təmin etmək məqsədi ilə rayon icra hakimiyyəti başçısının sərəncamı ilə müvafiq Qərargah yaradılıb, həyata keçiriləcək tədbirlər planı təsdiq edilmiş, payız-qış mövsümünə hazırlıqla əlaqədar təmir işləri davam etdirilir, məhəllədaxili və binaların zirzəmilərində aşağıpaylayıcı istilik xətləri dəyişdirilir, məhəllədaxili və binadaxili istilik sistemləri yenidən qurulur...
Suraxanı rayon rəhbərliyi tərəfindən sakinlərin şikayət və təkliflərinə diqqətlə yanaşılır, onların problemlərinin həlli, şikayətlərinin araşdırılması operativ şəkildə həllini tapır. Bu məqsədlə də "qaynar xətt" fəaliyyət göstərir. Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov vətəndaşların şikayət və problemlərini yerindəcə həll etmək üçün mütəmadi olaraq səyyar görüşlər keçirir. Bu müstəvidə də 1715 nəfərin iştirakı ilə 27 səyyar görüş keçirilib, bu ilin yanvar-sentyabr aylarında rayon icra başçısı tərəfindən 759 nəfər qəbul edilib. Bu görüşlərdə və qəbullarda ortaya çıxan problemlərin və şikayətlərin həlli məqsədi ilə rayon rəhbərliyi tərəfindən müvafiq qurumlara göstəriş və tövsiyələr verilib...

Əli İbrahimov

Yazı Suraxanı Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə keçirdiyi müsabiqəyə təqdim olunur.