Millət vəkili türkiyəli deputatları qınadı Siyasət

Millət vəkili türkiyəli deputatları qınadı

"Bu hərəkət ilk növbədə Türkiyənin maraqlarına uyğun deyil"

AŞPA-nın qış sesiyasında Türkiyəni təmsil edən 4 deputatın Robert Volterin "Dağlıq Qarabağ və Azərbaycanın ətraf rayonlarında zorakılıq hallarının artması" haqda hesabatı gündəliyə çıxarılarkən səsverməyə qatılmamaları iki qardaş ölkə arasındakı strateji müttəfiqliyə xələl gətirən olmasa da, yaraşmayan hərəkətdir. Belə bir açıqlama ilə çıxış edən millət vəkili Sahib Alıyev bildirib ki, bu hərəkət ilk növbədə Türkiyənin maraqlarına uyğun deyil: "Ümid edirəm ki, orada bununla bağlı araşdırmalar aparılacaq. Həm də ona görə aparılacaq ki, sözü gedən hesabatın keçməsi üçün cəmisi elə 4 səs çatmadı. Orası da var ki, biz bu sesiyada Türkiyəni təmsil edən erməni əslli deputat Markar Yesayanın Ermənistanın əleyhinə yönələn hər iki qətnaməyə səs verdiyini də gördük. Bu əslində Yesayanın özünün deyil, təmsil etdiyi dövlətin mövqeyi idi. Dağlıq Qarabağ məsələsində Türkiyənin nə dərəcədə Azərbaycanın yanında yer aldığını biz məhz Markar Yesayanın sözü gedən qətnamələrin lehinə səs verməsi prizmasından qiymətləndirməliyik. Həm də ona görə ki, 4 nəfəri çıxmaqla qardaş ölkəni təmsil edən bütün millət vəkiləri bu cür davranmışdılar. Bir sözlə, biz olayı bardağın dolu hissəsindən baxıb qiymətləndirməliyik".