AŞ PA-nın yaz sessiyası keçirilir Siyasət

AŞ PA-nın yaz sessiyası keçirilir

An Brassör: "Yay sessiyasında Azərbaycan prezidentinin assambleya qarşısında çıxışı gözlənilir"
AŞPA-da Rusiyanın səsvermə hüququnun dondurulması müzakirə olunacaq

Dünən Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasının ilk günü qurumun sədri, xanım Ann Brassör mətbuat konfransı keçirərək Assambleyanın yaz sessiyasının gündəliyi və müzakirə olunacaq əsas məsələlər haqda ətraflı məlumat verib.
APA-nın Avropa müxbiri xəbər verir ki, AŞPA-nın Dağlıq Qarabağa üzrə Alt Komitəsinin gələcək fəaliyyətinə dair sualına cavab verən xanım Brassör Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin rəhbərləri arasında görüşlərin davam edəcəyini bildirib.
"Bilirsiniz, burada ələ düşən hər fürsətdə dialoq aparmaq lazımdır. Gərək bir-birinə qarşı ittihamlar irəli sürməyəsən, bir yerdə oturub danışmaq lazımdır. Bunun üçün mən də məndən öncəki sədrlər kimi bu ənənəyə sadiq qalaraq, hər iki ölkənin nümayəndə heyətləri arasında bu dialoqu davam etdirməyə çalışacağam. Nümayəndə heyətləri rəhbərlərinin hər ikisini öz otağıma dəvət edib, onlarla birgə bu haqda fikir mübadiləsi aparmaq niyyətindəyəm. Çox təəssüf ki, ötən sessiyada onlarla ayrı-ayrılıqda görüşdüm, bir araya gəlmədilər. Bundan sonra çalışacağam ki, birgə görüşlərin keçirilməsinə nail olum. Çünki bu dialoqu daha da gücləndirmək lasımdır. Bu sessiya ərzində yenidən cəhd edəcəyəm ki, nümayəndə heyətlərinin rəhbərlərini birgə dəvət edim. Çalışacağam ki, onlar arasında ümumi anlaşma mühitini yaradım. Biz müəyyənləşdirməliyik ki, gələcəkdə müzakirələri davam etdirmək üçün hansı addımları ata bilərik", - deyə xanım sədr qeyd edib.
AŞPA sədri Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsindəki sədrliyi ilə bağlı suala da cavab verib. Xanım Brassör bu sədrliyin həm Azərbaycan, həm də Avropa Şurası üçün olduqca vacib olduğunu bildirib: "Bu sədrlik eyni dərəcədə Azərbaycan üçün və təşkilatımız üçün o qədər də asan keçməyəcək. Çünki ortada aydınlıq gətirməmizə ehtiyac olan bir çox məsələlər var. Mən assambleyadakı ənənəmizə sadiq qalaraq Azərbaycanın Avropa Şurasındakı sədrliyi zamanı keçirəcəyimiz ilk sessiyamıza Azərbaycan Respublikasının prezidenti İlham Əliyevi dəvət etmişəm. Azərbaycan prezidenti də öz növbəsində bu dəvətimizi qəbul edib. AŞPA-nın iyun ayında keçiriləcək növbəti yay sessiyasında İlham Əliyevin assambleya qarşısında çıxışı gözlənilir".
Qeyd edək ki, dünən Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasının ilk günü qurumun Bürosunun iclası keçirilib.
İclasda Ukrayna üzrə fövqəladə müzakirələrin keçirilməsi və Rusiyanın AŞPA-dakı nümayəndə heyətinin hüquqlarının dondurulması, bu ölkəyə qarşı sanksiyaların tətbiqi məsələləri müzakirə olunub. Büro qərara alıb ki, Ukrayna üzrə fövqəladə müzakirələr qurumun 3-cü gün keçiriləcək plenar iclasında keçirilsin, Rusiyanın səsvermə hüququnun dondurulması məsələsinə isə 4-cü iş günü, səhər baxılsın.
Rusiyanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Aleksey Puşkov ölkəsinin səsvermə hüququnun dondurulması məsələsinin müzakirəyə çıxarılmasının təsdiqlənəcəyi təqdirdə, Rusiya nümayəndə heyətinin assambleyanın plenar iclasını tərk edəcəyini bildirib: "Hesab edirəm ki, vəziyyət olduqca mürəkkəb olacaq, amma indi assambleyada ab-hava elədir ki, hesab etmirəm, Rusiyanın hüquqları ləğv olunsun. Çünki belə olduqda, bu, AŞPA ilə Rusiya arasındakı münasibətlərin müvəqqəti də olsa, bu ilin sonunadək tam qırılması deməkdir. Başqa sanksiyaların tətbiqinə gəldikdə, bu da Rusiyanın AŞPA "meydança"sından getməsinə səbəb ola bilər. Görünən odur ki, assambleyada Rusiya ilə dialoqun saxlanmasına tərəfdar olan çox böyük qüvvələr var və biz də bunun nə dərəcədə baş verəcəyini dördüncü gün qətnamə üzrə səsvermədə görəcəyik. Qətnaməni qurumun Monitorinq Komitəsi tərtib edəcək və bu gün qurumun iclasında bu məsələ üzrə məruzəçi də təyin olunacaq. Qətnamənin düzgün və obyektiv tərtib olunması məruzəçinin kimliyindən də asılıdır. Bildiyiniz kimi, Rusiyanın səsvermə hüququnun əlindən alınması təşəbbüsü əsasən britaniyalı parlamentar Robert Valterə məxsusdur. Əgər məruzəçi o olarsa, hesab edirəm ki, vəziyyət çox çətin ola bilər".