Qazaxıstan iqtisadi əlaqələrin inkişafına maraq göstərir Siyasət

Qazaxıstan iqtisadi əlaqələrin inkişafına maraq göstərir

Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov bu ölkənin investisiya və inkişaf naziri Aset İsekeşevlə görüşüb.
Görüşdə nazirliyin yeni tərkibdə formalaşdığı diqqətə çatdırılıb, Azərbaycanla nəqliyyat, İKT, xidmət və digər sahələrdə əməkdaşlığın imkanları və perspektivləri barədə məlumat verilib.
Nazir ölkəmizin dinamik inkişaf etdiyini, iqtisadiyyatın müxtəlif sahələrində həyata keçirdiyi layihələr barədə məlumatlı olduğunu vurğulayıb, Azərbaycana səfər etmək istədiyini bildirib. Qeyd edib ki, Qazaxıstanın qərb vilayətləri ilə Azərbaycanın uğurlu ticari-iqtisadi əlaqələri var və bu əlaqələrin bütün ölkə üzrə inkişaf etdirilməsi vacibdir. Nazir nəqliyyat sahəsində əməkdaşlıqda xüsusilə maraqlı olduqlarını, "İpək yolu" marşrutu üzərində yerləşən ölkələr arasında tarif siyasətinin razılaşdırılmasının zəruriliyini diqqətə çatdırıb.
Görüşdə xüsusi olaraq vurğulanıb ki, Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin Qafqaz regionunda məhz Azərbaycanı ölkəsinin strateji tərəfdaşı adlandırması tərəflər arasında münasibətlərə verilən dəyərin bariz nümunəsidir.
Səfir Rəşad Məmmədov Azərbaycanla Qazaxıstan arasında ikitərəfli əməkdaşlığın böyük tarixə malik olduğunu və bu gün iqtisadi əlaqələrin daha da genişləndirilməsi istiqamətində lazımi tədbirlər görüldüyünü bildirib. Görüşdə Azərbaycanda yaradılan sənaye parkları barədə məlumat verilib və bu parkların imkanlarına dair Qazaxıstan şirkətlərinin məlumatlandırılması məqsədilə materiallar təqdim olunub.
Tərəflər qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə ediblər.