“31 Mart - Azərbaycanlıların Soyqırımı Günü erməni cinayətinin tarixi sübutudur” Siyasət

“31 Mart - Azərbaycanlıların Soyqırımı Günü erməni cinayətinin tarixi sübutudur”

Toğrul Məmmədli: "Ermənilər 1918-ci il 31 mart tarixində Bakı və ətraf kəndlərdə 30 minə yaxın azərbaycanlını qəddarlıqla qətlə yetiriblər"


"31 Mart - Azərbaycanlıların Soyqırımı Günü erməni cinayətinin tarixi sübutudur". Bunu açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının eksperti Toğrul Məmmədli deyib. O diqqətə çatdırıb ki, hər zaman xalqımıza qarşı şovinist siyasət yürüdən erməni daşnak birlikləri 1918-ci il 31 mart tarixində Bakı və ətraf kəndlərdə 30 minə yaxın azərbaycanlını qəddarlıqla qətlə yetiriblər: "Bu cinayətin üzərindən bir əsrə yaxın vaxtın keçməsinə baxmayaraq, dünya ictimaiyyəti hələ də bu soyqırımı düzgün qiymətləndirməyib. Lakin XXI əsrin bu günü Qubada aşkarlanmış kütləvi məzarlıqlar, ermənilərin törətdiyi bu cinayətin əyani sübutudur". Ekspert qeyd edib ki, mərhum prezident Heydər Əliyevin "Azərbaycanlıların soyqırımı haqqında" 1998-ci il 26 mart tarixli fərmanında bu hadisələrə siyasi qiymət verilib: "Bununla da azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qaldıqları ilk dəfə rəsmi surətdə bəyan olunub. 18 ildir ki, 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı hər il dövlət səviyyəsində anım mərasimləri və s. tədbirlər keçirilir". Toğrul Məmmədli bu soyqırımın beynəlxalq aləmdə tanınması istiqamətində ölkə Prezidentinin 2014-cü ildə Quba Soyqırımı Memorial Kompleksini açmasını xüsusi qeyd edib. Onun sözlərinə görə, 31 Mart Soyqırımına aid bütün maddi sübutların toplandığı bu kompleks bir çox elmi araşdırmalar üçün əvəzolunmaz məkandır. Ekspert vurğulayıb ki, 31 Mart - Azərbaycanlıların Soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında gənclərin də önəmli rola var: "Bu soyqırımı terror kimi qiymətləndirmək lazımdır. Terror siyasətini yürüdən, terroru dəstəkləyən və ya ondan əks təsir qüvvəsi kimi istifadə bir ölkə beynəlxalq hüquq normalarına görə cəzalandırılmalıdır".