“Ermənilər atəşkəsdən sonra məntiqsiz iddialar irəli sürməyə başlayıblar” Siyasət

“Ermənilər atəşkəsdən sonra məntiqsiz iddialar irəli sürməyə başlayıblar”

Elşad Mirbəşiroğlu: "Onilar beynəlxalq ictimaiyyətin çaşdırılması istiqamətində informasiyalar yaymağa çalışırlar"

"Cəbhədə böyük uğursuzluğa düçar olan ermənilər atəşkəsdən sonra məntiqsiz iddialar irəli sürməyə başlayıblar. Ermənilər beynəlxalq ictimaiyyətin çaşdırılması istiqamətində informasiyalar yaymağa çalışırlar". Bunu politoloq Elşad Mirbəşiroğlu deyib. O qeyd edib ki, cəbhədə vəziyyətin gərginləşməsində birbaşa Serj Sarkisyanın özü məsuliyyət daşıdığı halda, günahı Azərbaycanın üzərinə atmağa cəhd göstərir. Politoloq bildirib ki, S.Sarkisyan Almaniyaya səfəri zamanı da tamamilə həqiqətdən uzaq fikirlər irəli sürürdü: "S.Sarkisyan Almaniyada olarkən Rusiyadan narazılığını ifadə edirdi. O, Rusiyanı Ermənistanı dəstəkləməmək və Azərbaycana silah satmaqda günahlandırır". E. Mirbəşiroğlu deyib ki, Ermənistan qəsdən münaqişənin tənzimlənməsi istiqamətində irəliləyişə səbəb olacaq addımların atılmasının qarşısını alır: "Ermənistan Dağlıq Qarabağa nə Rusiyanın, nə də beynəlxalq sülhməramlıların yerləşdirilməsinə razı deyil. Vaxtilə bu məsələlər ətrafında müəyyən müzakirələr aparılanda da Ermənistan tərəfi qeyri-müəyyən mövqe nümayiş etdirmişdi. İndi Sarkisyanın beynəlxalq sülhməramlıların Dağlıq Qarabağda yerləşdirilməsi haqda fikirləri Rusiyadan narazılığını ifadə etməyə hesablanıb. Çünki Ermənistan tərəfi gözləyirdi ki, rəsmi Moskva birmənalı olaraq onları dəstəkləyəcək və Azərbaycanı qınayacaq. Bu isə baş vermədi və əsas beynəlxalq instansiyalar kimi, Rusiya da neytral mövqe tutmağa çalışdı. Bu da o deməkdir ki, onlar Azərbaycanın Ermənistanın təxribatının qarşısını alması faktını qəbul edirlər. Sarkisyanın belə mövqedən çıxışı Rusiyaya etirazını bildirməyin müəyyən formasıdır". Politoloqun sözlərinə görə, Azərbaycanın razılığını verdiyi Madrid prinsiplərinə uyğun olaraq Dağlıq Qarabağ ətrafı rayonlar işğaldan azad edildiyi, növbəti mərhələdə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağın statusu haqda ciddi ideyalar ortaya qoyulduğu halda, ərazidə sülhməramlıların yerləşdirilməsi müzakirə oluna bilər.