“Bakı həm də özünəməxsus tərzdə xəbərdarlıq etdi ki, bundan oyana dözmək mümkün deyil” Siyasət

“Bakı həm də özünəməxsus tərzdə xəbərdarlıq etdi ki, bundan oyana dözmək mümkün deyil”

Tofiq Abbasov: "Odur ki Rusiya, digər tərəflər bildirdilər ki, problemin ölü nöqtədən çıxmasına çalışacaqlar"

"Rəsmi Bakı əvvəl gündən deyirdi ki, status-kvo olduğu kimi qala bilməz. Rusiyanın son hadisələrə yanaşması, o mövqeyə dəstək verən digər tərəflərin reaksiyası təsdiqlədi ki, nüfuzlu qüvvələr Azərbaycanın mövqeyinə şərik çıxıb onu dəstəkləyirlər". Bu fikri politoloq Tofiq Abbasov Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair son zamanlar Rusiyanın səsləndirdiyi bəyanatları şərh edərkən deyib. Politoloq bildirib ki, münaqişə bölgəsindəki durğunluq heç Ermənistanın da uzunmüddətli yanaşması üçün yararlı deyil: "Lakin sağlam düşüncədən uzaq duran bu ölkənin rəhbərliyi özünün bədgümanlığından qıc olub qalmışdı. Nə irəli gedə bilirdi, nə də arxaya, çünki Sarqsyan hakimiyyəti artıq Qarabağ avantürasının girovuna çevrilib".
T. Abbasov qeyd edib ki, aprelin əvvəlindəki hərbi fəallıq nümayiş etdirdi ki, artıq bu problemin həllinə böyük ehtiyac var. Onun fikrincə, dəyişikliklər bütün maraqlı tərəflərin könlüncədir.
Politoloq hesab edir ki, təbii ki, bu ilk növbədə Azərbaycanın planlarına cavab verir: "Çünki bundan sonra işğal şəraiti saxlanıla bilməz. Azərbaycan özü, təkbaşına problemi həll edə bilər və mini-müharibənin gedişatı bunu təsdiqlədi. Lakin beynəlxalq birlik, vasitəçilər bunu arzuolunmaz hesab edirlər və rəsmi Bakı hələ ki onların münasibətini eşidir".
T. Abbasov xatırladıb ki, Bakı həm də özünəməxsus tərzdə xəbərdarlıq da etdi ki, bütün tərəflər anlasınlar - bundan oyana dözmək mümkün deyil: "Odur ki Rusiya, digər tərəflər dərhal qərarlar qəbul edib bildirdilər ki, onlar öz imkanlarını işə salıb problemin ölü nöqtədən çıxmasına çalışacaqlar".
Politoloq hesab edir ki, buna görə də müxtəlif mənbələrdən sızan məlumatlar göstərir ki, danışıqlar prosesi bərpa olacaq və müzakirə olunacaq məsələlər gündəmə gələcək: "Söhbət münaqişənin ədalətli həllindən gedir və Bakı çalışıb elə vəziyyət yarada bildi ki, özünün səsi eşidilsin. Buna müsbət dönüş demək olar".