“Rusiya başqa dövlətlərin işinə qarışmaq əvəzinə öz daxili etnik problemlərini yoluna qoysun” Siyasət

“Rusiya başqa dövlətlərin işinə qarışmaq əvəzinə öz daxili etnik problemlərini yoluna qoysun”

Yeganə Mehdibəyli: "Moskva artıq öz dövlətçiliyi barədə düşünməlidir"

"Aprelin 1-dən 2-nə keçən gecə Ermənistan silahlı qüvvələri işğal altında saxladıqları Azərbaycan ərazilərindən atəşkəs rejimini növbəti dəfə pozdu. Azərbaycanın Milli Ordusu düşmənə layiqincə cavab verdi. Elə bir cavab ki, Azərbaycan xalqı bunun illərdir həsrətində idi. İllərdir xalqımız "məğlubiyyət" yükünü çiyinlərində daşıyırdı, bu yük çiyinləri əymişdi. Ancaq Milli Ordunun əsgər və zabitləri düşmənin illərdir torpaqlarımızda qurduqları istehkamlarını yararaq irəliləməklə, strateji yüksəklikləri ələ keçirməklə buna son verdi. Çiyinlərimiz qalxdı, üzümüz güldü və torpaqlarımızın azad olması üçün hər kəs əlindən gələni əsirgəməyəcəyini bəyan etdi. 3 gün davam edən müharibə göstərdi ki, xalqımız Dağliq Qarabağı nəinki unudub, ümumiyyətlə, bir qarış torpağını belə güzəştə getməyəcək. Hətta əsrin əvvəllərində itirilmiş torpaqlarımızın da geri qaytarılması barədə fikirlər səsləndi". Bunu "Xalq Cəbhəsi"nə açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədri Yeganə Mehdibəyli dedi.
O, bildirdi ki, cəmiyyətdə hər kəs Ermənistan silahlı qüvvələrinin 20 ildən artıqdır işğalı altında olan Dağlıq Qarabağ və ətraf rayonların azad eilməsi üçün silaha sarılıb müharibə etməyə hazır olduğunu istəyirdi ki, bu da qürurverici bir hal idi: "Bu onu göstərdi ki, qadınlı, kişili hamı döyüşə atılmaq və işğalda olan torpaqlarımızı düşmən tapdağından xilas etmək arzusundadır. Bu təbii ki, beynəlxalq ictimaiyyətin, eləcə də əksər dövlətlərin və beynəlxalq təşkilatların da diqqətindən qaçmadı".
BAXCP MNTK sədri vurğuladı ki, bu faktorlar həm də onu deməyə əsas verdi ki, qısa müddətli müharibə strateji əhəmiyyət daşıdı və dünyaya bir daha mesaj verildi-güzəştdən söhbət gedə bilməz: "Məhz bundan sonra Azərbaycan danışıqlar prosesində psixoloji üstünlük qazandı. Artıq Ermənistanın cinayətkar rəhbərliyi əvvəlki görüşlərdə olduğu kimi özünü amiranə şəkildə apara bilməyəcək. Bu da çox önəmli faktordur. Hər şey bizim lehimizədir. İstər hərbi gücümüz, istər xalqın mənəvi psixoloji ruh yüksəkliyi, istər beynəlxalq və regional siyasi durum Azərbaycanın maraqlarına tam cavab verir".
O, əlavə etdi ki, müharibənin gedişində belə bölgə dövlətləri Azərbaycanın maraqlarına uyğun bəyanatlar verdilər ki, bu da siyasi baxımdan Ermənistanı çıxılmaz duruma saldı: "Ona görə də, hesab edirəm ki, danışıqlar prosesində üstün tərəf Azərbaycan olacaq. Əminik ki, bundan sonra da qətiyyətli mövqe davam etdiriləcək".
BAXCP funksioneri bir məqamı xüsusi olaraq vurğuladı:"Azərbaycan Prezidenti heç vaxt xalqın maraqlarının əksinə olan sülh müqaviləsinə imza atmaz. Çünki Prezident dəfələrlə öz çıxışlarında bir məsələni dönə-dönə vurğulayıb. Bu da ondan ibarətdir ki, "Azərbaycanın torpaqlarında ikinci erməni dövləti yaranmasına icazə verməyəcəyik", "Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır" və s. Hətta Prezident İlham Əliyev ötən əsrin əvvəlində İrəvanın güzəştə getməsini də bağışlamır. Və bu addımı çıxışlarında hər zaman tənqid edib. Halbuki, Azərbaycan Cümhuriyyəti yenicə qurulmuşdu və elə bir gücü-qüdrəti yox idi ki, xarici basqılara hər hansı förmada cavab versin. O zaman tam rahatlıqla deyə bilərik ki, işğal altında olan 20 faiz torpaqlarımızı erməni cinayətkarlarından, qəsbkarlarından Milli Ordumuzun gücü və apardığımız siyasətin nəticəsində azad edəcəyik".
Y.Mehdibəyli dedi ki, bəzən Ermənistanın Azərbaycana qarşı terrorundan danışılır: "Düzdür, dəfələrlə Ermənistanın terroruna maruz qalmışıq. Amma bu, Ermənistanla Rusiyanın Azərbayacana qarşı savaşıdır. Bütün dünya ölkələrinin siyasi dairələri bunu çox yaxşı bilirlər. Bu yaxınlarda Rusiyanın siyasi eksperti Sergey Markov dedi ki, "yaxın günlərdə bir neçə rayon qaytarılacaq və köçkünlər öz tarixi yurdlarına dönəcəklər". Sən axı kimsən ki, Azərbaycanla bağlı iddia formasında çıxış edirsən? Mən hesab edirəm ki, biz torpaqlarımızı yalnız müharibə yolu ilə qaytara bilərik. Necə ki, bunu aprelin əvvəlində sübut edə bildik. Rusiya öz təhdidlərindən əl çəkməli və Azərbaycanın haqq işinə əngəl yaratmamalıdır".
O, həmçinin bildirdi ki, Rusiya başqa dövlətlərin işinə qarışmaq əvəzinə öz daxili etnik problemlərinin həllinə çalışsın: "Rəsmi Moskva artıq öz dövlətçiliyi barədə düşünməlidir ki, imperiya dağılandan sonra sərhədlərini necə müəyyən edəcəklər. Oradakı respublikalar gec-tez öz müstəqilliyinə qovuşacaqlar".