“Sarkisyan məsuliyyətini özündən başqa hər kəsdə görür” Siyasət

“Sarkisyan məsuliyyətini özündən başqa hər kəsdə görür”

Aydın Mirzəzadə: "Hərbi məğlubiyyətini təchizat və rabitənin pis olması ilə izah edib"

Millət vəkili Aydın Mirzəzadə son günlər SSRİ-nin keçmiş rəhbəri Mixail Qorbaçov və işğalçı Ermənistanın prezidenti Serj Sərkisyanın həm sovetlər birliyinin dağılması, həm də Qarabağ probleminin meydana gəlməsi ilə bağlı söylədiyi sərsəm fikirlərə münasibətini açıqlayıb. Millət vəkili qeyd edib ki, bu iki şəxsin son günlər verdiyi bəyanatlar onların oxşar düşüncəli olduğunu ortaya çıxarıb: "SSRİ-nin keçmiş lideri bir neçə gün əvvəl gənclərlə görüşündə ilk dəfə olaraq SSRİ-nin dağılmasında öz günahını etiraf etdi. Ancaq bu etiraf da ənənəvi olaraq "qorbaçovsayağı" baş verdi. O, bildirdi ki, ittifaqın son illərində öz komandasının müqavimətini qıra bilməyib". Aydın Mirzəzadənin sözlərinə görə, bu tip izahatlar bir qayda olaraq ambisiyalı və yarımçıq adamlara xas olan xüsusiyyyətdir: "Son sovet lideri nədənsə bütün fikirlərini ancaq iitifaq dövlətinin dağılması faktı üzərində qurur. SSRİ-nin keçmiş çar Rusiyasının işğal etdiyi torpaqlar üzərində qurulduğunu və həmin torpaqların tarixi sahibləri olan xalqların müqəddaratını təyin etmə və müstəqil dövlət qrurmaq hüququna malik olması həqiqətini isə bu uğursuz siyasətçi qəbul etmək istəmir. Eyni zamanda Qorbaçov düşünülməmiş və avantürist eksperimentləri nəticəsində SSRİ-ni dərin böhrana saldığını, 250 milyon əhalini aclığa düçar etdiyini, Azərbaycana 20 yanvar 1990-cı il, Gürcüstana 9 aprel 1989-cu il Tiflis, Özbəkistana 1989-cu il Fərqanə, Litvaya 13 yanvar 1990-cı ilə faciləri yaşatdığının məsuliyyətini boynuna almaq istəmir. Bir sözlə Qorbaçov bütün məslələrdə özündən başqa hər kəsi günahkar bilir və real həqiqəti qəbul etmək istəmir". Millət vəkili deyib ki, eyni yanaşmanı bu günlər Ermənistan prezidenti Serj Sarqsyan da nümayiş etdirir: "2-5 aprel 2016-cı il Ermənistan-Azərbaycan cəbhəsində yaşanan hərbi əməliyyatlarını, nəticədə Ermənistandan 300 nəfər insanın həlak olmasını və bütün Ermənistanın fəlakət yaşaması məsuliyyətini o özündən başqa hər kəsdə görür. İmzaladığı ərəncamla ölkəsinin müdafiə nazirliyinin maddi-texini təchizata məsul generalını, rabitə rəhbərini və hərbi kəşfiyyat rəhbərini işdən azad edib. Bununla da hərbi məğlubiyyətinin təchizat və rabitənin pis olması ilə izah edib. Xarici mətbuata verdiyi müsahibələrdə isə Azərbaycanı işğal altında olan torpaqlarının bir hissəsini azad etdiyinə görə ittiham edir. Qorbaçov kimi Sərkisyan da öz şəxsi məsuliyyətini etiraf etmək istəmir. Özünün bilavasitə iştirakı ilə ötən əsrin 90-cı illərdə xaricdəki bəzi dairələrin dəstəyi ilə Azərbaycan torpaqlarının bir hissəsinin işğal edilməsi, 1 miyondan çox azərbaycanlının ğz yaşadıqları yerdən çıxarılması, əsrin faciəsi olan Xocalı faciəsinin törədilməsini nədənsə Ermənistan rəhbəri yada salmaq istəmir. Eyni zamanda etiraf etmək istəmir ki, Azərbaycan və Türkiyə torpaqlarına iddia və düşünülməmiş siyasət Ermənistanın dərin böhrana düçar olması, 1991-ci ildə 3,5
milyon əhalisi olan Ermənistan əhalisinin 2016-cı ildə rəsmi şəkildə 2, 8 milyon nəfərə düşməsi, əhalisinin 35 faizinin kasıbçılıq həddindən aşağı yaşaması birbaşa onun məsuliyyətidir". Millət vəkilinin sözlərinə görə, Sərkisyanın və sərkisyanların "Böyük Ermənistan" nağılına tək sadə ermənilər deyil, elə özünün yaratdığı elitası da inanmır: "Bir neçə ilə əvvəl Ermənistanın Milli Təhlikəsizlik Xidmətinin kadrlar idarəsinin keçmiş rəisinin birdən –birə ABŞ vətəndaşlığı alaraq ölkəni tərk etməsi, ötən il isə Yerevan polisi rəisinin "yaşıl kart" udaraq vəzifəsindən imtina edərək Amerikaya köçməsi Sərkissyan siyasətinin real nəticələrdir. Bir faktı yada salaq ki, Sərkisyan məhz Qorbaçıvun SSRİ rəhbəri olduğu dövrlərdə , 1989-cu ildə Azərbaycanın Dağlıq Qarabağ vilayətində hərbiləşdirlimiş dəstələr yaradaraq gələcək işğala hazırlaşırdı. Həm Qorbaçov, həm Sərkisyan tarixin ədalətli olduğunu heç cürə dərk etmək istəmirlər. Ancaq ədalətin bərpa edilməsi məsələsində tarix heç də bu siyasət dəllallarından və cəlladlarından icazə almaq fikrində deyil".