Obama “böyük fəlakət”ə hazırlaşır Siyasət

Obama “böyük fəlakət”ə hazırlaşır

Arzu Şirinova

Ötən həftə ABŞ Senatının Xarici Əlaqələr Komitəsi qondarma erməni soyqırımı iddialarını dəstəkləyən qərar layihəsini qəbul edib. Bundan sonrakı proseslər güman ki, on gün ərzində bəlli olacaq. Gözləniləndir ki, ABŞ prezidenti Barak Obama da aprelin 24-də, qondarma soyqırımı anım günündə çıxış edəcək 99 il bundan əvvəl baş verənlərə ad verəcək. Məsələn, ötən il olduğu kimi bu il də deyə bilər ki, yaşananlar "böyük fəlakət"dir.
Hər il eyni proseslər baş verəndə, yəni ABŞ prezidenti qondarma soyqırımı hər hansı ad altında ifadə edəndə adamda belə bir təəssürat yaranır-Türkiyənin bütün məlumatlandırma yönündə çalışmalarına baxmayaraq hələ də Ağ ev rəhbəri 1915-ci ildə bu toraqlarda nələr olmasıyla bağlı tam bilgiyə malik deyil. Halbuki, 2005-ci ildə baş nazir Rəcəb Tayyib Ərdoğan Türkiyənin bütün arxivlərini açmağa hazır olduğunu və hər kəsi də arxivlərini açmağa çağırdığını söylədi. Anlaşılan budur ki, bu çağrışa heç kəsdən cavab gəlməyib, Türkiyənin arxivlərində sənədləri araşdırmaq üçün də kimsə müraciət etməyib.
Bir neçə il bundan öncə Türkiyə Tarix Qurumunun keçmiş sədri, professor Yusuf Halaçoğlu Osmanlı, Birləşmiş Millətlər Təşkilatı, ABŞ, Almaniya, Fransa, Rusiya ve İngiltərə dövlət arxivlərində araşdırmalar apardığını və keçən əsrin əvvəlindəki olaylarda ölən ermənilərin sayının 47 min olduğunu söyləyib. Onlardan 37 mini köçürülmə prosesi zamanı yollarda çəkdikləri sıxıntıdan, aclıq və xəstəlikdən ölüblər. 8 min 500 erməni keçdikləri bölgələrdə ərəb, kürd və türklərin hücumları sonucu həyatlarını itiriblər. 1500 nəfərin ölümü isə qeydə alınmayıb. Yusuf Halaçoğlu yollarda erməni köç dəstələrini qorumağa məsul olan, ancaq ehtiyatsızlıq göstərən 67 dövlət görəvlisinin dövlət tərəfindən mühakimə edilərək edam olunduğunu nəzərə çatdırıb. Professor I Dünya Müharibəsi başlayandan 1920-ci ilə qədər 532 min müsəlmanın erməni silahlı dəstələrinin öldürməsinin sənədlərdə qeyd olunduğunu vurğulayıb. I Dünya Müharibəsi başlayandan dərhal sonra Adanada müsəlmanlar yandırılıb, Qarsda, Digorda 3 nəfər xaric, bütün əhali qətlə yetirilib. O, ermənilərin konkret dövrlərdə öldürdükləri türk və Azərbaycan əhalisinin də sayını açıqlayıb: "Dünya Müharibəsinin başlamasından ermənilərin köçürülməsi qərarı verilənədək erməni dəstələrinin qətlə yetirdikləri müsəlmanların sayı 122 mindir. Osmanlı arxivlərində kimlərin harada, nə şəkildə öldürüldükləri, talan olunan mallarının siyahısı belə qeydə alınıb. 1915-ci ildən 1920-ci ilədək öldürülən müsəlmanların sayı 410 min civarındadır. Qafqazdan və İrəvandan sürgün olunan 1 milyondan çox müsəlmanın yalnız 700 mini sağ qalıb. Yolda erməni hücumlarından, aclıq və xəstəlikdən 300 mindən çox insan həyatını itirib. Bu rəqəm ölən 532 min müsəlman sırasına daxil deyil".
O da məlumdur ki, erməni lobbisinin çox ciddi fəaliyyəti nəticəsində dünyanın 40-dan artıq ölkəsi qondarma erməni soyqırımını tanıyıb. Dünyanın ən iri dövlətlərində bu məsələ müxtəlif səviyyələrdə müzakirə edilib və qondarma soyqırımdan Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə olunub. Qeyd edək ki, bu dövlətlərin ermənilərə böyük dəstək verməsi lobbinin fəaliyyətilə yanaşı "xristian təəssübkeşliyi" ilə də əlaqələndirilir. Ancaq o da maraqlıdır ki, qondarma erməni soyqırımını müxtəlif səviyyələrdə müzakirəyə çıxaran "xristian təəssübkeşlər"in özləri də zaman-zaman müxtəlif millətlərə qarşı soyqırım siyasəti həyata keçiriblər. Təsadüfü deyil ki, bu cür faktlar Avropa və Amerika ədəbiyyatında öz əksini tapıb, dəhşətli qırğınlardan bir xeyli film çəkilib.
Yaşanan tarixi proseslər də sübut edir ki, müharibə vaxtı Türkiyə vətəndaşı olan, bu ölkənin çörəyini yeyən, bu torpaqlarda böyüyən ermənilər türklərə arxadan zərbə vurublar. Onlar kütləvi şəkildə Rusiya və Fransa tərəfə keçib, Balkan və Qafqaz cəbhəsində türklərə qarşı vuruşmağa başlayıblar. Türkiyə hökuməti isə məcbur olub ki, 1915-ci il aprelin 24-də ermənilərin həmin ərazilərdən köçürülməsi, türklər əleyhinə təbliğat aparanların həbs edilməsi barədə qərar versin. Yəni heç bir soyqırımdan söhbət gedə bilməz. Ermənilər sadəcə baş verənlərdən qorxaraq bu hadisəni "soyqırım" kimi təqdim etməyə və bu barədə müxtəlif ölkələrə məktublar göndərməyə başlayıblar.
Bir faktı da qeyd etmək lazımdır. Baxmayaraq o zaman Türkiyənin özü çox çətin vəziyyətdə idi, amma bununla belə, köçürülən ermənilərin ərzaq təminatı, nəqliyyat və mühafizə problemi Osmanlı imperatoru tərəfindən həll edilmişdi. Həmin dövrlərdə Fransa, İngiltərə, ABŞ, İtaliya, Yunanıstanın Türkiyəyə böyük basqıları vardı. Türkiyənin ərazisi demək olar ki, parçalanmışdı və məhv olmaq təhlükəsində idi. Yəni belə bir dövrdə özlərinin əməllərinə haqq qazandırmaq üçün adıçəkilən dövlətlərin dəstəyilə "erməni soyqırımı" məsələsi gündəmə gətirildi. Səbəblərdən biri isə o idi ki, həmin dövlətlər Türkiyəyə qarşı daha böyük təpki ilə hücuma keçə bilsinlər. İndinin özündə də Qərb dövlətləri və ABŞ qondarma erməni soyqırımı məsələsindən Türkiyəyə qarşı istifadə edir. Özlərinə sərf eyləyən vaxtlarda, məsələn, Türkiyənin Avropa Birliyinə daxil olması məsələsi günmədə gətiriləndə, beynəlxalq təşkilatlarda Türkiyə ilə bağlı mühüm bir məsələnin müzakirə edildiyi vaxtda bu məsələdən təzyiq vasitəsi kimi yararlanırlar. Sanki bu dövlətlərin seyflərində qondarma soyqırım qovluğu gizlədilib, lazım olanda seyfi açıb Türkiyəyə hədə-qorxu gəlirlər. Mətbuatda bu məsələni şişirdir, öz parlamentlərində müzakirəyə çıxarırlar. Bir müddətdən sonra isə qovluğu yenə seyfə atıb, qovluğun lazım olacağı zamanı gözləyirlər.
Məlum olduğu kimi, iri dövlətlərdən Fransada, İngiltərədə, ABŞ-da, İspaniyada, Portuqaliyada müxtəlif səviyyələrdə bu məsələ müzakirə edilib. Rusiyanın Ermənistana münasibəti isə bəllidir. Amma bir məqam xüsusi qeyd edilməlidir ki, bu dövlətlər zaman-zaman müxtəlif millətlərə qarşı dəhşətli qırğınlar törədiblər. Hətta bu dövlətlərin tarixçiləri belə bu dəhşətli qırğınlar haqqında geniş yazıblar və bu o qədər də uzaq tarix deyil. Doğrudur uzaq keçmişdə də belə faktlar var. Məsələn, 15-ci əsrdə ispanlar Amerikada yerli əhalini kütləvi şəkildə qırmışdılar. Bu qırğınları törədənlər siyahısında fransızlar, ingilislər də vardı. Həmin qırğınlar nəticəsində əhalinin üçdə iki hissəsi azalmışdı. Hətta əhali o qədər azalıb ki, avropalılar Afrika qitəsinə üz tutub, afrikalıları heyvan kimi oğurlayıb, zəncirləyib Sakit okeandan keçirərək Amerika qitəsinə aparıblar. Sonralar isə qırğınların sərhədi təkcə Amerika qitəsi ilə məhdudlaşmayıb. Afrika qitəsində də bu qırğınlar törədilib. Fransanın Əlcəzairdə törətdikləri qırğınlar xüsusilə qeyd edilməlidir. Eyni zamanda, Fransanın hindi-çin ölkələrində, Hindistanın özündə törətdiyi qırğınlar da yaddan çıxmamalıdır. İngilislərin və hollandların Afrikada törətdiyi qırğınlar nəticəsində yerli əhali tamamilə məhv edilib. Yaxud ABŞ 1975-ci ildə Vyetnamda nə qədər qırğınlar törədib, indi də fimlərdə tamaşa edirik. Avstraliya kimi böyük bir qitəni məhv elədikləri diqqətdən qaçmamalıdır. Eləcə də Rusiya bizim və Orta Asiya xalqlarının başına azmı qırğınlar gətirib? Bu gün də İraqda belə qırğınlar davam edir. Çox təəssüf ki, məhz bu məqamlar bizim və osmanlı türklərinin mətbuatında gündəmə gətirilməyib. Doğrudur Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bu məsələyə bir dəfə toxundu və qeyd etdi ki, "sizin tarix ləkəlidir, bizimki isə təmiz. Bizim tariximizə şər atmayın". Amma təbii ki, bu azdır. Bu məsələ ciddi şəkildə gündəmə gətirilməlidir.
Bir təəssüfləndirici məqam da odur ki, heç vaxt biz və osmanlı türkləri ermənilər, eləcə də başqa millətlər tərəfindən kütləvi qırğına məruz qalmağımızı gündəmə gətirməmişik. Hər zaman belə yanaşılıb ki, zamanında baş vermiş hadisələrdən başqa millətlərə qarşı istifadə eləməyək. Çünki belə şeylər türk əxlaqına yad olub. Ancaq mübarizə mübarizədir. Türklər həm soyqırıma məruz qaldıqlarını faktlarla sübuta yetirməli, həm də adını çəkdiyimiz dövlətlərin başqa millətlərə qarşı törətdiklərini gündəmə gətirməli, bundan istifadə etməlidir. Biz vaxtında əlimizdə tutarlı sənədlər ola-ola düşməni yerində otuzdura bilməmişik. Hər zaman demişik ki, nə varsa tarixdə qalsın, mehriban qonşu münasibətlərimizi davam etdirək. Sənə qarşı çirkin vasitələrdən istifadə edənlərə, sən də doğru-dürüst silahlarla mübarizə aparmalısan. Düşmənin yalanı ayaq tutub yeriyir, biz isə bir çox hallarda geri çəkilmək məcburiyyətində qalırıq. Hə qədər ki, biz geri çəkilirik, təpkilər də davam edəcək. Əgər tutaq ki, Fransa qondarma bir şeyi türklərə qarşı istifadə edirsə, biz niyə Fransanın Əlcəzairdə törətdiklərini gündəmə gətirməyək?
Yaxşı olardı ki, Əlcəzair, Mərakeş, Hindi-Çin ölkələri, Hindistan bu məsələləri qaldıraydılar. Eyni zamanda, türklər həmin dövlətlərlə əlaqələr yaradıb, arxiv materialları ilə işləyib, müəyyən həqiqətləri üzə çıxarmalıdırlar. Yəni bütün imkanlardan istifadə edib adıçəkilən dövlətlərin iç üzünü açmaq və elədiklərini üzlərinə vurmaq lazımdır. Biz isə bu işə çoxdan başlamalı idik, ancaq indi də gec deyil. Faktlarla, sənədlərlə bizə qarşı olanların üstünə yeriməliyik. Biz və qardaşlarımız əks hücuma başlamasaq, təpkilər qorxulu həddə qədər artacaq. Çünki ermənilər qondaroma soyqırımlarının 100 illiyinə hazırlaşırlar.