“Ukrayna ictimaiyyəti Azərbaycanın tərəfindədir” Siyasət

“Ukrayna ictimaiyyəti Azərbaycanın tərəfindədir”

Mənə belə gəlir ki, Dağlıq Qarabağ münaqişəsi zonasında tammiqyaslı müharibənin baş verməsi ehtimalı ən yüksək səviyyədədir.
Ukraynlı general-leytenant, Ukrayna Müdafiə Nazirliyinin Hərbi Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi Aleksandr Skipalskiy belə deyib.
Generalın fikrincə, sürətlə dəyişən dünyada kəşfiyyatın rolu həlledici xarakter daşıyır: "Tammiqyaslı hərbi əməliyyatlardan əvvəl kəşfiyyatın qarşısında qoyulan vəzifələr ikilidir. Əgər siz hücum etməyi planlaşdırırsızsa, bu, işğalın qarşısını almaq üçün qoyulan vəzifələrdən fərqlidir və daha mürəkkəbdir. Hər iki halda uğurla inkişaf etmək istəyən ölkə texniki cəhətdən və intellektual kadr potesialı təmin edilmiş, ehtimal edilən düşmənin istənilən, ilk növbədə isə, siyasi qərarların qəbul olunduğu və hərbi əməliyyatlara təşkilati hazırlıq görən strukturuna nüfuz edə bilən güclü kəşfiyyata malik olmalıdır".
Aleksandr Skipalskiy hesab edir ki, aprelin əvvəlində Dağlıq Qarabağ münaqişəsi zonasındakı cəbhə xəttində Azərbaycan etməli olduğunu eləyib: "Sizin ölkəniz öz torpaqlarının bir hissəsini azad elədi ki, bu da tərifə layiqdir. Strateji əhəmiyyət daşıyan yüksəkliklərin geri qaytarılması bir daha sübut etdi ki, Azərbaycan ordusu ermənilərinkindən daha döyüş qabiliyyətlidir, Azərbaycan hərbçiləri arasında döyüş ruhu yüksək səviyyədədir, xalq öz torpaqlarının geri qaytarılmasında əskərlərini dəstəkləməyə hazırdır. Mən Azərbaycan tərəfinin narahatlığını başa düşürəm, çünki mənim ölkəm Ukrayna da Azərbaycanınkına bənzər vəziyyətdədir. Mənim Qarabağ münaqişəsi ilə bağlı şəxsi fikrim Azərbaycanın ərazi bötüvlüyünə əsaslanır".
O, Ermənistan Müdafiə Nazirliyinin yüksək rütbəli və vəzifəli şəxslərinin vəzifədən kənarlaşdırılmasına da münasibət bildirib. Onun fikrincə, Ermənistanın hərbi rəhbərliyinin 3 vacib şəxsinin vəzifədən qovulması aprelin əvvəlində Dağlıq Qarabağ münaqişəsi zonasındakı hərbi əməliyyatlarla bağlıdır: "İstisna deyil ki, döyüş əməliyyatları zamanı onların taleyini müəyyən edən hansısa səhvlərə yol verilib. Fikrimcə, müdafiə nazirinin müavini və rabitə rəisinin qovulması erməni qoşunlarının texnika və rabitə təminatının pis olması, kəşfiyyat rəisinin qovulması isə Azərbaycan qoşunlarının silah potensialının düzgün qiymətləndirilməsi və əsas zərbələrin istiqamətlərinin müəyyən edilməsində yol verilmiş səhvlər səbəbindən baş verib.
Hərbi Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi qeyd edib ki, hələlik Dağlıq Qarabağ ətrafındakı vəziyyət sülh danışıqlarının xeyrinə dəyişmir: "Cəbhə xəttində hələ də gərginlik var. Prezident Serj Sarkisyanın Ermənistanın onun təhlükəsizliyi üçün zəmanət təmin edilməyincə, sülh danışıqları aparmasından imtina etməsi haqqında bəyanatını xatırlamaq yetər. Ermənistan danışıqlar masası arxasında oturmalıdır. Hər şeyə rəğmən, müxalifət cəbhəsindən olan erməni deputatları qondarma rejimin müstəqilliyinin tanınması təklifi ilə çıxış ediblər. Əlbəttə ki, bütün bu mənfi hadisələr fonunda tərəflər danışıqlar masası arxasında oturmayacaqlar. Mənə belə gəlir ki, tammiqyaslı müharibənin baş verməsi ehtimalı ən yüksək səviyyədədir. Risk səviyyəsi regiondakı geosiyasi dəyişikliklərlə və xarici siyasəti müəyyən edən dünya dövlətləri arasındakı gərginliyin səviyyəsi ilə sıx əlaqədə dəyişəcək. Bizim ölkələrimizin müdafiəsinin və təhlükəsizliyinin möhkəmləndirilməsi dinc inkişafın yeganə zəmanətidir".
General Ukraynın Azərbaycanın mövqeyini dəstəklədiyini deyib: "Ukrayna Azərbaycanı Dağlıq Qarabağ məsələsində dəstəkləyib. Aprelin əvvəlində hərbi eskalasiya baş verən vaxt da Ukrayna XİN bəyanatla çıxış edərək bildirdi ki, Ukrayna tərəfi Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində, onun suverenliyi və ərazi bütövlüyünün qorunması əsasında uzunmüddətli siyasi həllinin tərəfdarıdır. Bu gün Ukrayna ictimaiyyəti Azərbaycanın tərəfindədir".