18:16
455
“Azərbaycanda mina problemi çox ciddi problem olaraq qalır. Ona görə ki, Ermənistan silahlı birləşmələri Azərbaycan ərazisini tərk etdikdən sonra o ərazilərin xəritəsi bizə ya təqdim olunmayıb, ya tam şəkildə, yəni təhrif olunmuş bir formada təqdim olunub”.
Bunu xalqcebhesi.az-a hərbi ekspert İbrahim Rüstəmli söyləyib.
İ.Rüstəmli qeyd edib ki, ölkədə ANAMA-nın fəaliyyəti böyükdür: “ANAMA-nın işini mən həmişə yüksək qiymətləndirmişəm, bu gün də o fikirdəyəm. Ancaq ərazilərin minadan təmizlənməsi yalnız Azərbaycanın öhdəsindən gələ biləcəyi bir problem deyil. Onu xatırladım ki, Birinci dünya müharibəsi 1914-1918-ci illərdə baş vermişdi, amma bu günün özündə də o müharibənin getdiyi ölkələrin ərazilərində mina problemi real təhlükə olaraq qalır, məsələn, Fransada. Yəni bu günə kimi o problemin qalması mina təhlükəsizliyinin, yaxud minanın bir sursat kimi nə qədər böyük və nə qədər dağıdıcı xarakterə sahib olmasından qaynaqlanır. Bu, Azərbaycanın özünün öhdəsindən gələ biləcəyi bir problem deyil, amma bununla bağlı bizə yardım göstərən dövlətlər var”.
Ekspertin sözlərinə görə, başda Türkiyə dövləti olmaqla, Yaponiya, ABŞ, İngiltərə, Səudiyyə Ərəbistanı, Ərəb Əmirlikləri, Niderland, eyni zamanda, UNICEF, BMT-nin İnkişaf Çərçivəsi proqramında və həmçinin Avropa Birliyi səviyyəsində də bizə bu problemin həllində müəyyən yardımlar göstərilir: “Bu yardımların xarakteri də rəngarəngdir. Maliyyə dəstəyi göstərilir, minaların təmizlənməsi üçün vasitələrin Azərbaycana göndərilməsi, onların maliyyə probleminin xərclərinin çəkilməsi və s. bu kimi işlər var, amma bütövlükdə Azərbaycanın mina problemi hələ çox ciddi problem olaraq qalacaq. Ancaq biz bunu həll etməyə məhkumuq. Bizim başqa çıxış yolumuz yoxdur. Ona görə də düşünürəm ki, Azərbaycan bu sahədə səylərini daha da artırmalıdır”.
Röya İsrafilova