18:14
455
“Amerikalı şərhçi Taker Karlsonun ABŞ-ın İranın nüvə obyektlərinə yalnız nüvə silahı ilə zərbə endirə biləcəyi barədə səsləndirdiyi fikri tamamilə əsassız ehtimal kimi qiymətləndirmək olmaz. Lakin bunu Vaşinqtonun artıq belə bir qərar verməsi kimi təqdim etmək də doğru deyil”.
Bunu politoloq Elman Telmanoğlu Xalqcəbhəsi.aza açıqlamasında bildirib.
Onun sözlərinə görə, ABŞ və İsrailin İranın nüvə proqramına münasibətdə sərt mövqeyi məlumdur: “Ancaq Vaşinqtonun nüvə silahına əl atması tamamilə fərqli siyasi və hərbi məsuliyyət deməkdir. Belə bir addım ABŞ-ı təkcə İranla deyil, bütövlükdə beynəlxalq ictimaiyyətlə ciddi qarşıdurmaya gətirə bilər.Burada İsrail amilini də nəzərə almaq lazımdır. Netanyahu hökuməti İranın nüvə proqramını öz milli təhlükəsizliyi üçün əsas təhdid hesab edir və Vaşinqtonun daha sərt addımlar atmasında maraqlıdır. Lakin İsrailin istəyi ilə ABŞ-ın nüvə zərbəsi endirməsi arasında ciddi fərq var. Tramp administrasiyası belə bir qərarın siyasi, iqtisadi və hərbi nəticələrini nəzərə almadan hərəkət etməz”.
E.Telmanoğlunun fikrincə, daha real ssenari ABŞ-ın İran üzərində hərbi və siyasi təzyiqi artırması, zərurət yaranacağı təqdirdə isə yeraltı nüvə obyektlərinə qarşı adi silahlarla yeni əməliyyat keçirməsidir: “Nüvə silahından istifadə Vaşinqton üçün son dərəcə təhlükəli presedent yaradardı.Üstəlik, bu, Rusiyaya da Ukrayna müharibəsində nüvə silahından istifadəni əsaslandırmaq üçün əlavə arqument verə bilər”.
Politoloq Taker Karlsonun açıqlamasına daha çox xəbərdarlıq və ya mümkün ssenari kimi yanaşmağın vacibliyini qeyd edib: “Hazırda ABŞ-ın noyabrın 7-dək İrana nüvə zərbəsi endirmək barədə qərar verəcəyini təsdiqləyən etibarlı fakt yoxdur.Düşünürəm ki, bu cür məlumatlar bölgədəki gərginliyi daha da artırır. Lakin nüvə müharibəsi təhlükəsini qaçılmaz hadisə kimi təqdim etmək siyasi və analitik baxımdan doğru deyil”.
Günel Elxan