“Ermənistan dövləti nəfəslik axtarır” Siyasət

“Ermənistan dövləti nəfəslik axtarır”

Elşən Musayev: "İşğalçı ölkə elə kritik vəziyyətə düşüb ki, artıq Rusiya da Ermənistandan imtina edib"

"Ümumiyyətlə İranın Ermənistana münasibəti həmişə hər kəsə bəlli olub. Sadəcə olaraq Azərbaycanın o balanslı siyasəti, hakimiyyətin apardığı məqsədyönlü siyasət İrana heç zaman rəvac verməyib ki, onlar açıq mövqeyini bildirsinlər. Amma Qarabağ ərazisində silahlanmada, erməniyə mənəvi yardımda İran Avropa, Fransa və bir sıra dövlətlərdən üstün olub". Bunu millət vəkili Elşən Musayev deyib.
Millət vəkilinin sözlərinə görə, cənab Prezident İlham Əliyevin hər zaman apardığı düzgün qonşuluq siyasəti, qonşulara qarşı xüsusi həssaslıq onları bir növ məsələnin mahiyyətindən çəkindirməyə hesablanmış addım olub: "Bu gün Ermənistan dövləti bir nəfəslik axtarır. İşğalçı ölkə elə kritik vəziyyətə düşüb ki, artıq Rusiya da Ermənistandan imtina edib. Rəsmi Moskva Ermənistana təzyiq edir ki, Azərbaycanın torpaqlarını qaytar. Türkiyə, Qərb isə tamamilə işğalçı ölkəyə düşmən mövqedədir. Belə bir vəziyyətdə artıq onlar bilmirlər ki, nə etsinlər. Bu gün Ermənistan Dağlıq Qarabağ işğalı ilə bağlı bütün qlobal sahələrdən kənarda qalıb. Rəsmi İrəvan düşünürdü ki, bu vaxta kimi torpaqları işğal ediblər və vaxt qazanıblar. Amma son aprel döyüşləri sübut etdi ki, vaxtı qazanan və güclənən əslində Azərbaycan dövlətidir. Heç kimə sirri deyil ki, Ermənistan bütün beynəlxalq layihələrdən kənarda qaldığı üçün əhali də yoxsul vəziyyətdədir".