“BMT kimi nüfuzlu beynəlxalq təşkilatın qətnamələrinin yerinə yetirilməməsi...” Siyasət

“BMT kimi nüfuzlu beynəlxalq təşkilatın qətnamələrinin yerinə yetirilməməsi...”

Mübariz Qurbanlı:"Bu quruma olan etimada mənfi təsir göstərir"

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı BMT-nin ölkəmizdə yeni təyin olunmuş rezident əlaqələndiricisi Qulam İsakzaini qəbul edib.
Komitənin mətbuat xidmətindən verilən məlumata görə, Komitə sədri Q. İsakzaini yeni vəzifəyə təyin olunması və Ramazan ayının başlanması münasibətilə təbrik edib.
Azərbaycanda dövlət-din münasibətlərinin mükəmməl formada qurulduğunu deyən M. Qurbanlı bildirib ki, məzhəblər arasında heç bir ayrı-seçkilik yoxdur. Ölkəmizin dünyaya tolerantlıq nümunəsi olduğunu diqqətə çatdıran komitə sədri Azərbaycanın tarixi tolerantlıq ənənələrinə malik ölkə olduğunu, burada müxtəlif millətlərin nümayəndələrinin yaşadığını və onların respublikamızda fəaliyyət göstərən məscid, kilsə və sinaqoqlarda dini ayinlərini sərbəst icra etdiklərini qeyd edib.
"Biz bütövlükdə dini radikalizmin əleyhinəyik və ölkəmizdə radikal meyillərin yayılmasının qarşısının alınması üçün bütün tədbirlər görülür. Bu istiqamətdə tədbirlər "Dini ekstremizmə qarşı mübarizə haqqında" qanuna müvafiq formada həyata keçirilir, dini radikalizmlə mübarizə hüquqi, iqtisadi və ideoloji təbliğat olmaqla, üç istiqamətdə aparılır", - deyə o vurğulayıb.
Komitə sədri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə diqqət çəkərək bildirib ki, Azərbaycan ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğalı nəticəsində İslam dininə aid bütün tarixi abidələr, o cümlədən məscidlər, ziyarətgahlar dağıdılıb. M. Qurbanlı bildirib ki, BMT Təhlükəsizlik Şurası işğal olunmuş ərazilərin boşaldılmasına dair 4 qətnamə qəbul etsə də, onlara əməl edilmir. O qeyd edib ki, BMT kimi nüfuzlu beynəlxalq təşkilatın qətnamələrinin yerinə yetirilməməsi bu quruma olan etimada mənfi təsir göstərir.
Q. İsakzai isə ölkəmizdə mühüm dəyişikliklərin şahidi olduğunu, bu inkişafın Heydər Əliyevin əsasını qoyduğu siyasət nəticəsində baş verdiyini vurğulayıb. O bildirib ki, BMT baş katibi tərəfindən dini radikalizm və ekstremizmlə mübarizə istiqamətində tədbirlərin gücləndirilməsi ilə bağlı geniş işlər görülür. Onun sözlərinə görə, bu istiqamətdə BMT baş katibi tərəfindən "Zorakı Ekstremizmin Qarşısının alınması üzrə Fəaliyyət Planı" təsdiq edilib. Dünyada cərəyan edən gərgin siyasi proseslər və müsəlman dünyasında müşahidə edilən terror dalğası fonunda Azərbaycanda mövcud olan multikultural və tolerant mühiti yüksək dəyərləndirən Q. İsakzai Dövlət Komitəsi ilə sıx əməkdaşlıq etmək niyyətində olduqlarını da diqqətə çatdırıb.