QMİ-nin müraciəti necə qarşılanır? Siyasət

QMİ-nin müraciəti necə qarşılanır?

İlqar Altay: "hüquq mühafizə orqanlarının bu istiqamətdə addımlarını dəstəkləmək lazımdır"
Azər Həsrət: "Şeyxin çağırışına müsbət yanaşıram"
Rəsul Mirhəşimli: "Orta məktəblərdə din tarixi tədris olunmalıdır"

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) nurçuluq, vəhhabilik, xəvariclik, təkfirçilik cərəyanlarının Azəbaycanda qanunla qadağan olunması və onları təbliğ edənlərin hüquq-mühafizə orqanları qarşısında cavabdehlik daşıması barədə iddia qaldırıb. QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşovanın sözlərinə görə, məzhəb ayrı-seçkiliyinə şərait yaradan xəvariclik, təkfirçilik, vəhhabilik, sələfilik, nurçuluq və digər dini cərəyanları radikal şəkildə təbliğ edənlərin təsirinə düşərək həm dinə, həm də xalqa, dövlətçiliyə xələl gətirən addımlar QMİ tərəfindən qınanılır: "Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurası Azərbaycan dindarlarının çoxsaylı müraciətindəki iradəsini nəzərə alaraq, belələrinin müstəqil dövlətimizin qanunları qarşısında cavabdehlik daşımalarını tələb edir".
Onun sözlərinə görə, Qafqaz Müsəlmanları İdarəsi dini mərkəz olaraq, hər zaman dünyanın istənilən nöqtəsində baş verən terror, zorakılıq, ekstremizm, din pərdəsi altında radikalizm əleyhinə etiraz səsini ucaldır.
Qeyd edək ki, son günlər hüquq-mühafizə orqanları tərəfindən nurçu cərəyanı üzvlərinə qarşı əməliyyatlar aparır. Hətta bu dini təriqətin nümayəndələrindən saxlanılanlar da az deyil. Ölkəmizin qanunları əcnəbi vətəndaşlara dini təbliğat aparmağı qadağan edir.
Onu da bildirək ki, 1997-ci ildə Azərbaycan prezidentinin sərəncamı ilə xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə dini təbliğat aparmaq qadağan edilib. Əsas səbəb də qeyri-ənənəvi dini cərəyanların fəaliyyətinin bir sıra hallarda ciddi fəsadlar törətməsi idi. Azərbaycanda din dövlətdən ayrı olduğu üçün dövlət-din münasibətləri 2001-ci ildə yaradılan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən təmzimlənir. Dini qurumlar siyasi partiyaların fəaliyyətində iştirak etmir və onlara maliyyə yardımı ayrılmır. Dövlət orqanlarının tərkibinə seçildikdə və ya vəzifəyə keçdikdə isə din xadimləri dini fəaliyyəti həmin müddətdə dayandırmalıdırlar.
Son bir neçə ildə ölkədə qeyri-ənənəvi dinlərin nüfuzu güclənməyə başlayıb. Təhlükə, eyni zamanda, bəzi xarici ölkələr tərəfindən maliyyələşən radikal islamçı cərəyanlardan vəhhabilər və nurçulardan gəlir. Qeyd edək ki, vəhhabilik və nurçuluq Azərbaycanda ən çox yayılmış və təşkilatlanmış qeyri-ənənəvi dini cərəyan hesab olunur. Demək olar, Azərbaycanın bütün bölgələrində icmaları mövcuddur. Dünyanın bəzi ölkələrində terrorçuluq, dini ekstermizim yaydığına görə bəzi dini cərəyanlar qadağan olunub. Amma qeyri-ənənəvi dinlər sırasına aid olan nurçuluq və vəhhabilik qanunla qadağan olunmayıb.
Qonşu Türkiyə cəmiyyətində kəskin rezonans yaradan nurçuluq dini təriqəti ölkəmizdə də təhdid mənbəyi hesab olunur. Görünür, bu səbəbdəndir ki, son günlər hüquq-mühafizə orqanlarının nurçulara qarşı keçirdiyi əməliyyatların sayı artıb. Xatırladaq ki, aprelin 12-də paytaxtın Xıdır Mustafayev küçəsində yaşayan Eldəniz Hacıyevin evində nurçuluq dini təriqətinin sunqurçular cərəyanı adı altında 41 nəfərin iştirakı ilə yığıncaq keçirildiyi müəyyən edilib. Polisin evə baxış zamanı təbliği və yayılması qanunla qadağan olunmuş dini ədəbiyyat, kompüter avadanlıqları, mobil telefonlar, 2200 ABŞ dolları, 286 manat və orada olan şəxslərə məxsus pasportlar aşkar edilərək götürülüb. Artıq Yasamal Rayon Polis İdarəsinin nurçulara qarşı keçirdiyi əməliyyat zamanı saxlanılanlardan iki nəfər barəsində həbs qərarı çıxarılıb.
Aprelin 11-də isə "Nurçu" dini təriqətinin üzvləri - Göyçay rayon sakinləri Şahin Həsənovun, İlham Həmidovun, Qəbələ rayon sakini Zəkəriyyə Məmmədovun dəvətləri əsasında Türkiyə vətəndaşları "Fırıncı abi" ləqəbli Gülec Mehmet Nuri, Koçoğlu Himmet Uyar Qadir, Uyar Mustafa Kemal, Karagözoğlu Nureddin, Ömer Güzəddəmirçi, həmçinin Bakı şəhər sakinləri Fəxrəddin Xanlayev, Yusif Dadaşov Zəkəriyyə Məmmədova məxsus Göyçay şəhəri Bakı küçəsindəki evdə Qəbələ, İsmayıllı, Ağdaş, Zaqatala və Ucar rayon sakinlərindən ibarət 60-70 nəfərlə toplantı keçiriblər. Göyçay RPŞ əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində Zəkəriyyə Məmmədovun evinə baxış zamanı "Nurçu" dini təriqətinə aid yayılması qadağan olunmuş 545 ədəd "Risaleyi Nur" kitabı, broşuralar, 61 ədəd disk, 1 ədəd silah üçün optik nişangah, 1 ədəd suvenir xəncər, 1 ədəd avtomat patronunun başlığı, 1 ədəd yaddaş kartı, 2 ədəd mobil telefon yaddaş kartı, 27 ədəd tir hədəfi, 1 dəst hərbi geyim və 1 ədəd dünyanın fiziki xəritəsi aşkar edilərək götürülüb. Aprelin 14-də İ. Həmidovun evinə baxış zamanı "Nurçu" dini təriqətinə aid yayılması qadağan olunmuş 20 ədəd "Risaleyi Nur" kitabı aşkar edilərək götürülüb. Onların izahatları alındıqdan sonra buraxılıblar.
Bütün bunlar həm də nurçu təhdidinin bir göstəricisi kimi çıxış etməkdədir.
Təhlükəsizlik Araşdırmaları Mərkəzinin rəhbəri, Milli Təhlükəsizlik Nazirliyinin sabiq polkovniki İlham İsmayıl bildirdi ki, nurçuluq hazırda Azərbaycan üçün təhdid deyil: "Nurçuluq Türkiyə cəmiyyətində yaranıb, orada inkişaf edib. Türkiyədə son anda onun "paralel dövlət" formasında inkişafını hiss etdilər. Qarşıdurma yarandı və qarşısı alındı. Ancaq perspektivdə nurçuluğun təhdidi ola bilər. Bu gün Azərbayanda nurçuluğun elə də geniş sirayəti yoxdur ki, sabah bizi hansısa məsələ ilə təhdid etsin. Onların perspektiv planı konstitusyon quruluşu dəyişib, şəriət dövləti yaratmaqdır. Amma bu gün onların belə gücü yoxdur. Yəni, bu gün Azərbaycan üçün nurçuluq təhdid deyil. Amma onu nəzarətsiz buraxsaq, yaxın perspektivdə təhdid ola bilər. Nurçuluğun əməllərində bir-birilərinə qarşı müəyyən məhduddiyyətlər var. Sabah bu məhdudiyyətləri bütün cəmiyyətə tətbiq edə bilərlər".
İctimai Tədqiqatlar Mərkəzinin sədri İlqar Altay bildirdi ki, Azərbaycanda dini torentlıq var: "Amma din azadlığı gərək fəliyyətini o səviyyəyə çatdırmasın ki, Azərbaycan dövlətçiliyinin, ictimai asayişinin mənafeyinə xələl gətirsin. Ona görə Azərbayan xalqı da istəməz ki, normal, sabit inkişafına hansısa təriqətlər tərəfindən xələl gəlsin. Nurçuluq söhbəti Azərbaycanda çoxdan var. Amma biz cəmiyyət olaraq nurçuluğa o qədər əhəmiyyət verməmişik. Nurçuluğun Azərbaycanda hakimiyyət əldə etmək istiqamətində, cəmiyyəti özünə cəlbetmə mənasında, təriqətçilikdən siyasi tərəfə yön almasını düşünməmişdik. Amma son zamanlar Türkiyədə baş verən hadisələrin bir hissəsinin Azərbaycana gəlməsi onların məqsədlərini, hədəflərini hiss etdirdi. Türkiyədə açıq göründü ki, humanist mövqe tutumuş, dindar insanlar gəlib hüquq mühafizə orqanlarına dolurlar. Bəşəri mövqe tutan bu təriqətin nümayəndələrinin hüquq mühafizə orqanlarında özlərinə yer tapmaları təzad təşkil edir. Ona görə də Azərbaycanda bu məsələnin geniş yayılması, insanların bu istiqamətə cəlb olunması yolverilməzdir. Biz yeni müstəqillik qazanmışıq. Bu müstəqilliyi möhkəmləndirməliyik. Onsuz da müstəqilliyimizə qəsd edən, xaricdən təsirlər göstərən çoxdur. Bu təhlükələr olduğu bir zamanda daxildən toplumun müəyyən qismini özünə cəlb edib öz məqsədlərinə yönəldən təriqətlərin Azərbaycanda vüsət almasına imkan verməməliyik. Ona görə də bizim hüquq mühafizə orqanlarının bu istiqamətdə addımlarını dəstəkləmək lazımdır. Bu, bizim dövlətçiliyin qorunmasına xidmət edir".
Siyasi şərhçi Azər Həsrət bildirdi ki, istənilən zərərli dini cərəyan, təriqət mütləq şəkildə nəzarət altında olmalıdır: "Adı çəkilən təriqətlər də Azərbaycan dövləti üçün təhlükə təşkil edirsə, əlbəttə ki, yasaqlamaq dövlətimizin ən təbii haqqıdır. Bu baxımdan hörmətli şeyxin çağırışına müsbət yanaşıram. Və əlavə edirəm ki, nəinki adı çəkilən, adı çəkilməyən bir çox təriqət və cərəyanlar da var ki, onları da yaxşıca araşdırıb əl-qollarını bağlamaq lazımdır. Azərbaycanda ictimai çalxantı yarada biləcək istənilən dini cərəyan zərərlidir və yasaqlanmasında heç bir qəbahət görmürəm".
İlahiyyatçı Rəsul Mirhəşimli isə dedi ki, QMİ-nin bu təşəbbüsündən məlumatlıdır: "Amma qadağalar çıxış yolu deyil. Radikal dini cərəyanların aradan qaldırılmasının yolu hüquq-mühafizə orqanlarına müraciət etməklə problemin həllinə nail olmaq çətin məsələdi. Bu problemin həllinə yardım edən əsas vasitə dinə intellektual yanaşma tərzini ortaya qoymaqdır. Azərbaycan telekanallarında dinin öyrənilməsi və vətəndaşların məlumatlandırılması üçün verilişlər hazırlanmalıdır. Orta məktəblərdə din tarixi tədris olunmalıdır. Dini inanclı kəsimin fəaliyyətinə normal şərait yaradımalı, Bakı İslam Universitetinin intellektual potensialının gücləndirilməsi üçün gərəkli işlər görülməlidir. Bunlar olmadıqca dini məlumatları zəif olan insanlar radikal dini cərəyanların təsiri altına düşəcək və bu cərəyanlar da ölkədə din təbliği adı ilə başqa ölkələrin missioner siyasətini həyata keçirməkdə imkanlar əldə edəcək".

Əli