“Ermənistanda baş verənlər Serj Sərkisyan və çevrəsinin öz oyunudur” Siyasət

“Ermənistanda baş verənlər Serj Sərkisyan və çevrəsinin öz oyunudur”

Sahib Alıyev: "Sərkisyan status kvonun qorunub saxlanması üçün bu yolla manevr etməyə çalışır"

Ermənistanda bir neçə gündür ki, daxili siyasi vəziyyət gərgin olaraq qalır. Polis idarəsinə hücumla başlayan insdentin qarşısını almaq məqsədilə hökumətin nümayiş etdirdiyi güc xalq arasında ciddi narazılığa səbəb olub. Həftə sonundan paytaxt İrəvanda başlayan etiraz aksiyalarının regionlara da yayılma təhlükəsi da var. Bu məqsədlə prezident Serj Sərkisyan ölkədə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi barədə tapşırıq verib. Bu arada Ermənistanda fəaliyyət göstərən siyasətçilər və müstəqil ekspertlərin qənaəti isə ondan ibarətdir ki, son günlər Ermənistanda yaşananlar Sərkisyan hakimiyyətinin əvvəlcədən ustalıqla hazırladığı bir şoudur. Məqsəd prezidentlərin yaxın vaxtlarda nəzərdə tutulan növbəti görüşündən imtinadır. Belə ki, hələ Sankt-Peterburq görüşündən sonra Azərbaycan və Ermənistan dövlət başçılarının növbəti görüşü zamanı Dağlıq Qarabağ probleminin həlli ilə bağlı hansısa bir sənədin imzalanacağı ehtimal edilirdi. Hətta Ermənistanın ilkin mərhələdə işğal altında olan 5, daha sonra isə 2 rayonu boşaldacağı da bildirilirdi. Ancaq təbii ki, bu zaman Serj Sərkisyan erməni cəmiyyəti tərəfindən arzuedilməz biri kimi qəbul ediləcəkdi və onun qısa bir zamanda hakimiyyətdən uzaqlaşdırılacağı şübhə doğurmurdu. Məhz bütün bunları nəzərə alaraq Sərkisyanın prezidentlərin növbəti görüşü ərəfəsində ölkədə siyasi şou hazırladığı qeyd olunur. Yaxın tarixə nəzərə salsaq görərik ki, Ermənistanda həmişə bu ənənədən istifadə edilib. Xüsusilə, Dağlıq Qarabağ probleminin həlli yaxınlaşan ərəfədə işğalçı ölkədə bu cür siyasi şoular hazırlanıb və beləliklə də problemin həlli yenidən dalana dirənib. Elə Azərbaycan siyasətçiləri, ekspertlər də bu qənaətdədirlər.
Millət vəkili Sahib Alıyev də deyir ki, Ermənistanda baş verənlər Serj Sərkisyan və çevrəsinin öz oyunudur: "Xatırlayırsınızsa, Prezident İlham Əliyevlə Moskva görüşü öncəsi, forpostbaşı soyadı ölkəsinin və xalqının indiki durumunu dəqiqliklə əks etdirən Səfilyan deyilən birini başının dəstəsiylə tutdurmuşdu ki, guya onlar dövlət çevirilişi hazırlayırlarmış. Rusiya əleyhinə davamlı olaraq təşkil edilən aksiyalar və bu tutulma hadisəsi ona görə idi ki, həmsədrlər, özəlliklə də Moskva Serj Sərkisyanın Dağlıq Qarabağ məsələsində güzəştə getmək imkanının olmadığını və əgər gedərsə, bütün Ermənistanın ayağa qalxacağını anlasın. Növbəti görüşə hazırlıq getdiyi ərəfədə aralarında heç şübhəsiz ki, güc strukturlarına bağlı adamların da olduğu ekstremistlərin İrəvandakı polis idarələrindən birini ələ keçirərək Səfilyanın azadlğa çıxmasını tələb etmələrinin arxasında da eyni niyyət gizlənir". Millət vəkili deyib ki, əlində başqa təsir imkanları olmayan Serj Sərkisyan status kvonun qorunub saxlanması üçün bu yolla manevr etməyə çalışır: "Maraqlıdır ki, son bir neçə açıqlamasında ilin sonunadək Ermənistanın Azərbaycanın işğal altındakı 5 rayonunu boşaldacağını bildirən rusiyalı politoloq Sergey Markov indi də İrəvanda baş verənlərə dayanaraq bunun Qarabağla bağlı kompromis imkanlarını azaltdığını deyir. Rusiya da, digər həmsədr dövlətlər də anlamalıdrlar ki, onlar hayların nazıyla oynaya bilərlər. Ancaq torpağı işğal altında olan Azərbaycanı səfilyanların nə düşündüyü az maraqlandırır. Bir halda ki, bir qrup ekstremist güc tətbiq etməklə Markovun dediyi kimi Ermənistanın kompromis imkanlarını azaldırlar, onda həmsədr dövlətlər səslərini içlərinə salıb çəkilib dursunlar bir qıraqda, qoysunlar Azərbaycan ordusu eyni metodla bunun tərsini etsin. Yəni cəbhədə elə bir vəziyyət yaratsın ki, Sərkisyana kompromisə getmək üçün ağız açmaq lazım gəlməsin, o özü səfilyanlar da yanında həmsədrlər qarşısında diz çökərək istənilən şərti yerinə yetirməyə hazır olduqlarını bildirsin".
Azərbaycan Milli İstiqlal Partiyasının Siyasi Şurasının üzvü Əli Oruclu isə hesab edir ki, Ermənisatnada baş verən son hadisələr Sarksyan hökümətinin yürütdüyü ağılsız siyasətin məntiqidir: "İnsanları uzun illər ac-susuz, qorxu və süngü altınta saxlamq mümkün deyil. Eyni zamanda yalanların da bir sonu olmalıdır. Sarksiyanın apardığı siyasət, dövləti iflic edib, erməniləri cana yığıb. Xüsusən də Ermənistan-Azərbaycan münaqişəsinin illərlə uzanması, ən əsası da 2 apreldə başlanan qısa müddətli müharibə ermənı cəmiyyətində höküm sürən inamsızlıq və pessimiz əhval-ruhiyyəsini daha da artırdı. Ermənilər indi daha aydın başa düşməyə çalışırlar ki, sürətlə dəyişən və dinamizmi ilə seçilən müasir dünyamızda özünü tədric vəziyyətdə və hansısa havadara arxayın olub bel bağlamaq ağılsızlıqdır. Ona görə də hesab edirəm Ermənistandakı gərginlik bundan sonra da yüksələn xətlə inkişaf edəcək. Ola bilsin bu gərginlik vətəndaş qarşıdurmaları həddinə qədər gedib çıxsın". Əli Oruclu deyib ki, Ermənisatnın və onun indiki və gələcək hakimiyyətlərinin bir çıxış yolu var, işğqal ertdiyi Azərabaycan torpaqlarını boşaltmalı, vurduğu ziyanın əvəzini ödəməli, terror və nifrət siyasətindən əl çəkməli, qonşuları ilə dinc və sülh şəraitində yaşamalıdır.