“Müsavat Partiyasında baş verən son olaylar partiyanın artıq uçuruma getdiyini göstərir” Siyasət

“Müsavat Partiyasında baş verən son olaylar partiyanın artıq uçuruma getdiyini göstərir”

Qubad İbadoğlu: "Arif Hacılı uğursuz siyasət aparır"

Müsavat Partiyasında baş verən son olaylar partiyanın artıq uçuruma getdiyini göstərir. Müsavat Partiyası başqanlığına keçmiş namizəd, ADR hərəkatının sədri, iqtisadçı ekspert Qubad İbadoğlu baş verən olaylarla bağlı məsələyə münasibət bildirək qeyd edib ki, Müsavat başqanı Arif Hacılı uğursuz siyasət aparır: "Müsavat partiyasının dağılması təhlükəsini biz Arif Hacılı başqan olduğu gündən görürdük. Bizim qurultay qabağı və qurultaydan sonra apardığımız mübarizənin əsas məqsədi ondan ibarət idi ki, partiyada təkbaşına hakimiyyətçilik olmasın, partiya demokratik və partiyanın nizamnaməsi ilə idarə olunsun. Biz bu mübarizəni aparan zaman bizə dəstəklər olmadı. Təbii ki, bunu başa düşürəm, hamı partiyanın bütövlüyü üçün çalışırdı. Biz özümüz də partiyanın bütövlüyü üçün çalışmışıq. Müsavat Partiyasından qeyri-qanuni məni çıxartmasaydılar yəqin ki, indiyə qədər Müsavat Partiyasında qalıb fəaliyyət göstərərdim".
Q.İbadoğlu onu da bildirib ki, Müsavat Partiyası bir qrupun, bir ailənin nəzarətindədir: "Müsavat Partiyası qocaman bir partiyadır və partiyanın çox şərəfli tarixi var, ancaq təəssüflər olsun ki, partiyanı idarə edənlər məsuliyyəti dərk etmədən, partiyanın xəttində, partiyanın siyasi kursunda öz maraqları çərçivəsində etdikləri dəyişiklik partiyanın zəifləməsinə, partiyanın boşalmasına, nüfuzunun itirilməsinə gətirib çıxardı. İndiki şərtlərlə partiyanı bərpa etmək, yenidən canlandırmaq çətindir. Bunun üçün çox böyük resurslar tələb olunur, bu isə Müsavatda yox dərəcəsindədir. Bütövlükdə Müsavat Partiyasında bir qrup adam qalıb. Onlar da Müsavat Partiyasının başqanını tərifləməklə məşğuldurlar. İndiki halda partiyanın əvvəlki nüfuzunu, reytinqini bərpa etmək olmaz. Təəssüf edirəm ki, Arif Hacılının səhv siyasət nəticəsində Müsavat Partiyasını bu vəziyyətə gətirib çıxardılar".