Hidayət Orucov baş nazirinin müavini ilə görüşüb Siyasət

Hidayət Orucov baş nazirinin müavini ilə görüşüb

2016-ci ilin avqust ayının 19-da Qırğız Respublikasının Baş nazirin müavini Gulmirə Kudayberdiyeva ilə Azərbaycan Respublikasının Qırğız Respublikasında Fövqəladə və Səlahiyyətli səfiri Hidayət Orucov arasında görüş keçirilib.
Baş nazirinin müavini deyib ki, tarixi dostluq əlaqələri olan Azərbaycan və Qırğız xalqlarının əlaqələrinin inkişafını görmək qürur verir.
Səfir Gulmirə Kudayberdiyevanı Baş nazirinin müavini təyin olunması ilə bağlı təbrik edib və bildirib ki, onun nəzarət etdiyi sahələr üzrə əlaqələrimiz yüksək templə inkişaf edir.
Gülmirə Kudayberdiyeva səfirə təşəkkür edib və Azərbaycan ilə Qırğızstan arasında surətlə böyüyən qarşılıqlı əməkdaşlıq əlaqələrinin daha da genişlənməsi üçün bütün səylərin göstəriləcəyini bildirib.
Səfir qeyd edib ki, ölkələrimiz arasında son vaxtlar bütün sahələrdə, xüsusilə humanitar sahədə əməkdaşlıq uğurla inkişaf edir. Son illər ərzində həm Bişkekdə, həm Bakıda çoxlu mühüm tədbirlər keçirilib, Azərbaycan həqiqətlərinin Qırğızstanda və Qırğızstan həqiqətlərinin Azərbaycanda daha yaxından tanıdılması üçün güclü iş aparılıb.
Səfir bu ilin oktyabr ayında qırğız şairi Jusub Balasaqının 1000 illiyi yubileyinin Azərbaycanda keçiriləcəyi haqqında məlumat verib. O, 2014-ci ilin dekabr ayında qırğız şairi Toktoqul Satılqanovun 150 illiyinə həsr olunan, həmçinin 2013-cü ildə dahi yazıçı Çingiz Aytmatovun 85 illiyinə həsr olunan yüksək səviyyəli tədbirlərin Bakıda keçirildiyini qeyd edib.
Baş nazirin müavini Azərbaycana göstərilən bu davamlı diqqət və sayğıya görə təşəkkür edib, Qırğızstanda Səfirlik tərəfindən keçirilən tədbirlərdən məlumatlı olduğunu vurğulayıb.
Görüşdə 2017-ci ilin yazında Azərbaycanın Qırğızstanda, payızında isə Qırğızstanın Azərbaycanda mədəniyyət günlərinin payızda keçirilməsi məsələləri müzakirə edilib.
Hidayət Orucov iki ölkə arasında mədəniyyət günlərinin keçirilməsini ilk dəfə baş tutacağını və bunun qardaş xalqları bir-birinə daha da yaxınlaşdıracağını qeyd edib.
Gulmirə Kudayberdiyeva mədəniyyət günlərinin keçirilməsi sevindirici hal olduğunu və bunun üçün hər bir hazırlığın gedəcəyini bildirib.
Baş nazirin müavini V Bakı Beynəlxalq Humanitar Forumuna dəvət edildiyi üçün təşəkkürünü bildirib edib və belə dünya miqyaslı möhtəşəm tədbirdə böyük məmnuniyyətlə iştirak edəcəyini deyib.
Səfir Bakı Beynəlxalq Humanitar Forumu və xanım Kudayberdiyevanın başçılıq edəcəyi nümayəndə heyətinin digər üzvləri haqqında geniş məlumat verib.
Gülmirə Kudayberdiyeva Azərbaycanda heç vaxt olmadığını, ancaq daimi olaraq Azərbaycanda gedən böyük inkişafdan məlumatlı olduğunu və Bakının gözəlləyini gedib görəcəyinə görə şad olduğunu vurğulayır.
Baş nazirin müavini qeyd edib ki, 2016-cı ilin sentyabr ayının 3-dən - 8-dək İssık-Kul vilayətinin Çolpon-Ata şəhərində "II Ümumdünya Köçərilər Oyunları" keçiriləcək.
Səfir isə bildirib ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, Azərbaycan Respublikasından "I Ümumdünya köçərilər oyunları"nda olduğu kimi, bu yarışlarda da Azərbaycan Respublikasının Gənclər və İdman naziri cənab Azad Rəhimovun başçılıq edəcəyi böyük nümayəndə heyəti iştirak edəcək.
Glmirə Kudayberdiyeva Azərbaycan Prezidentinə və xalqına Qırğızstana bu tədbirin baş tutmasında və keçirilməsində verdiyi böyük dəstəyə görə dərin təşəkkürünü bildirib.
Səfir vurğulayıb ki, Azərbaycan ilə Qırğızstan arasında əməkdaşlıq münasibətləri bütün sahələrdə inkişaf etməkdədir və bu xətt ölkə başçılarımızın siyasətinin prioritet istiqamətlərindəndir.
Baş nazirin müavini isə öz növbəsində qeyd edib ki, Azərbaycan və Qırğızstan xalqları qardaş xalqlardır və ölkələrimiz arasında münasibətlər daimi olaraq inkişaf etməkdədir.
Görüşdə digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.