“Yunanıstanın energetika naziri Azərbaycana qarşı hörmətsizlik edib” Siyasət

“Yunanıstanın energetika naziri Azərbaycana qarşı hörmətsizlik edib”

Azərbaycanın Afinadakı səfiri Rəhman Mustafayev Yunanıstanın energetika naziri Panos Skurletisin "Azərbaycan tərəfi iqtisadiyyatdakı durğunluq səbəbindən DESFA-nın özəlləşdirilməsindən imtina etmək istəyir" açıqlamasına münasibət bildirib.
Səfir qeyd edib ki, bu cür bəyanatlar qəbulolunmazdır və təəccüb doğurur: "Bu açıqlama bizdə təəccüb doğurdu. Bu bəyanat qəbulolunmazdır. Nazir Azərbaycana qarşı hörmətsizlik etməməli idi. İki dost ölkənin rəsmiləri özünü bu cür aparmamalıdır. Bəyanatın mahiyyətinə gəldikdə, səslənən fikirlər həqiqəti əks etdirmir. Azərbaycan, o cümlədən SOCAR bir çox ölkələrə, məsələn, Rusiya, Türkiyə, İran, Gürcüstan, İsveçrə, Malta, Bolqarıstan, Çernoqoriya, Serbiya və sair ölkələrə iri investisiyalar yatırıb və etibarlı tərəfdaş olduğunu sübut edib. İctimaiyyətin diqqətinə bir məqamı da çatdırmaq istərdim. 2013-cü ildə SOCAR DESFA-nın özəlləşdirilməsi ilə bağlı tenderi udub. Qiyməti 325 mln. avro idi. Lakin o zaman baş nazir Azərbaycan prezidentinə müraciət edərək bildirdi ki, ölkənin iqtisadi durumu çətindir və DESFA-nın bazar dəyəri 400 mln. avroyadək artırılıb. Biz tərəfdaşlarımızın təklifinə müsbət reaksiya verdik, onlarla həmrəyliyimizi göstərdik. Hər hansı bir ölkə və ya investor göstərin ki, bir məhsulu bazar dəyərindən 20% artıq qiymətə alsın. Halbuki, DESFA-nın özəlləşdirilməsinə heç bir Avropa şirkəti maraq göstərməyib".
Diplomat qeyd edib ki, anlaşılmazlığa baxmayaraq, Azərbaycan tərəfi DESFA-nın özəlləşdirilməsində maraqlıdır və proseduru yekunlaşdırmaq istəyir: "Şirkətin bazar dəyəri azalıb, risklər artıb. Potensial investor olan SOCAR-a hörmətlə yanaşmaq lazımdır".