“Milli Məclis mütəmadi olaraq bir çox qanunlara zərurət yarandıqca əlavə və dəyişikliklər edir” Siyasət

“Milli Məclis mütəmadi olaraq bir çox qanunlara zərurət yarandıqca əlavə və dəyişikliklər edir”

Mirzəcan Xəlilov: "Amma bir sıra mühüm məqamlar var ki, onlar ölkənin Konstitusiyasında öz əksini tapmalıdır"

"Azərbaycan dövlət müstəqilliyinin bərpa olunmasının 25 illiyini yaşayır. Ötən illər ərzində Azərbaycanın siyasi, iqtisadi, sosial, hərbi, demoqrafik, elmi, texnoloji, humanitar və digər sahələrdə əldə etdiyi uğurlar ölkənin əhəmiyyətli milli gücə sahib olduğunu deməyə əsas verir". Bunu millət vəklili Mirzəcan Xəlilov qeyd edib. O bildirib ki, Azərbaycanın bugünkü inkişafına nəzər saldıqda milli gücün kəmiyyət və keyfiyyət baxımından eyni vaxtda inkişafının şahidi oluruq: "Ölkənin milli gücü dedikdə, məhz bu amil nəzərdə tutulur. Dövlətin inkişafının əsasını təşkil edən bütün komponentlərin paralel və balanslı inkişafı daxili sabitliyi və irəliləyişi təmin edir, ölkənin beynəlxalq nüfuzunu möhkəmləndirir, dövləti regional güc mərkəzinə çevirir, tədricən onun qlobal miqyasdakı rolunu və təsir imkanlarını artırır. Bu gün Azərbaycan daxili sosial-iqtisadi inkişafa nail olub, hərbi cəhətdən güclənib, eləcə də, bütün göstəricilərinə görə Cənubi Qafqaz regionunda lider dövlətə çevrilib. Ərazisinin 20 faizi işğal altında olan bir dövlət kimi, Azərbaycan özünün hərtərəfli müdafiə imkanlarını genişləndirib. Bütün bunların əsasında isə ölkənin coğrafi, iqtisadi, sosial və digər resurslarından səmərəli və məqsədyönlü istifadə dayanır. Azərbaycan strateji əhəmiyyətli coğrafi məkanda, eyni zamanda, olduqca mürəkkəb geosiyasi mühitdə yerləşir. Qlobal və regional güclərin maraqlarının toqquşduğu regionda yerləşən Azərbaycan şimal-cənub və şərq-qərb dəhlizi üzərindəki əlverişli mövqeyindən, təbii resurslarından, iqlim və relyef şəraitindən milli mənafeləri naminə maksimum istifadə edir. Bunun nəticəsi olaraq, Azərbaycanın makroiqtisadiyyatının, eləcə də, xarici ticarət əlaqələrinin sürətli inkişafının şahidi oluruq. Azərbaycanın ümuminkişaf yolunu, eləcə də, iqtisadi prioritetlərini düzgün müəyyənləşdirən Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu inkişaf xəttinin davam etdirilməsi bu gün Azərbaycan iqtisadiyyatını inkişaf sürətinə görə dünyada ön sıralara çıxarıb. Bu gün Prezident İlham Əliyevin bu siyasəti böyük uğurla davam etdirməsi nəticəsində ölkəmiz möhtəşəm nailiyyətlər əldə edib. Bu nailiyyətlər bütün sahələri əhatə edir. Təbii ki, hər bir cəmiyyət inkişaf etdikcə yeni-yeni tələbatlar ortaya çıxır. Bütün bunlar qanunvericilikdə də öz əksini tapmalıdır. Siz bilirsiniz ki, Milli Məclis mütəmadi olaraq bir çox qanunlara zərurət yarandıqca əlavə və dəyişikliklər edir. Amma bir sıra mühüm məqamlar var ki, onlar ölkənin Konstitusiyasında öz əksini tapmalıdır. Ona görə də, bu mühüm məqamlar, əlavə və dəyişikliklər referendum vasitəsilə reallaşdırılır. Sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsinin də əsas mahiyyəti bundan ibarətdir". Onun sözlərinə görə, istənilən dövlətin milli gücə sahib olması üçün təbii resurslar, əhali, iqtisadi, hərbi güc faktorları ilə yanaşı, mənəvi-psixoloji və ideoloji amillər də həlledici rol oynayır: "Müasir dünyaya inteqrasiya edən Azərbaycan qloballaşma və inteqrasiya proseslərinin müsbət cəhətlərindən yararlanır. Bununla belə, Azərbaycan xalqı özünün əsrlərdən gələn milli-mənəvi dəyərlərini qoruyur, doğma vətənə, ölkənin maraqlarına münasibətdə vətənpərvər, azərbaycançı mövqedə dayanır. Milli-mənəvi dəyərlərə bağlılıq, eləcə də, azərbaycançılıq ideologiyası xalqın özünəməxsusluğunun qorunub saxlanması, son nəticədə isə yeni dünya nizamının formalaşdığı bir dövrdə milli dövlətin mövcudluğunu sürdürməsi üçün həyati əhəmiyyət daşıyır.