“Azərbaycan bir etalondur” Siyasət

“Azərbaycan bir etalondur”

"Bu gün dünya Azərbaycanı artıq çoxdandır ki, ən müsbət istiqamətdə, inkişaf etmiş demokratik bir dövlət kimi tanıyır və qəbul edir. Ölkəmizdə keçirilən V Bakı Beynəlxalq Humanitar Forumu da növbəti uğur idi". Bunu millət vəkili Elman Məmmədov deyib. Onun sözlərinə görə, forum iştirakçılarının keyfiyyət tərkibinə nəzər salmaq kifayətdir ki, bu forumun nə demək olduğunu hər kəs anlasın: "Baxın görün bu forumda xeyli sayda dövlətdən, dünyanın sayılıb-seçilmiş elm adamları, ictimai xadimlər, Nobel mükafatçıları və s. təmsil olunurdu. Bir sözlə ölkəmizdə dünyanın hər bir yerinin təmsilçiləri var idi. Onlar Azərbaycana gəlib inkişaf etmiş hüquqi demokratik Şərq dövləti gördülər. Bunlar Şərqdə belə şeylər görməyə vərdiş etməmişdilər. Artıq onlar Azərbaycana gəldikcə Şərqi qəbul edirlər. Bu gün Azərbaycan hər kəsə simvoldur, etalondur. Multikulturalizm, tolerantlıq sahəsində bütün dinlərin, dillərin, millətlərin, mədəniyyətlərin birgə yaşayışı olan dövlət kimi, Azərbaycan bir etalondur. V Bakı Beynəlxalq Humanitar Forumu Azərbaycan üçün çox vacib, önəmli tədbir olduğu kimi, eyni zamanda bu, bütün beynəlxalq aləmə də bir nümunə və mesaj idi. Hesab edirəm ki, tək biz yox, başa düşən hər kəs bu tədbiri ən yüksək səviyyədə qəbul etməlidir".