ABŞ-dan Qarabağ mesajı Siyasət

ABŞ-dan Qarabağ mesajı

Riçard Morninqstar: "Ukraynada baş verənlər Dağlıq Qarabağ münaqişəsinin artıq birdəfəlik həllini tələb edir"
"Ukrayna hadisələri Azərbaycanı enerji resurslarının mənbəyi kimi bir daha diqqət mərkəzinə gətirir"

"Ukraynada baş verənlər Dağlıq Qarabağ münaqişəsinin artıq birdəfəlik həllini tələb edir". APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar deyib.
Səfir qeyd edib ki, Krım hadisələri Dağlıq Qarabağ münaqişəsinin birdəfəlik həllini zəruri edir: "Dağlıq Qarabağ münaqişəsi Qafqaz bölgəsində qeyri-sabitlik mənbəyidir. Bu, bir ocaqdır. Münaqişəsinin həlli bütün region üçün faydalıdır".
Səfir ABŞ dövlət katibi Con Kerrinin Bakıya səfərilə bağlı məlumatlara da aydınlıq gətirib: "Con Kerri özü də istərdi ki, Azərbaycana səfər etsin. Amma belə bir səfərin vaxtı hələ dəqiqləşməyib.
R. Morninqstar ABŞ-ın Minsk Qrupunun həmsədri olaraq Dağlıq Qarabağ münaqişəsinin həllində çox fəal olduğunu söyləyib: "Hər iki ölkənin prezidentləri münaqişənin həlli üçün konkret addımlar atılması məqsədilə müntəzəm şəkildə görüşməlidirlər. Bu, çox vacibdir. Görüşlər həm rəsmi, həm də qeyri-rəsmi formada keçirilə bilər".
Səfir əlavə edib ki, "Ukraynada baş verən hadisələr Azərbaycanı enerji resurslarının mənbəyi kimi bir daha diqqət mərkəzinə gətirir". O bildirib ki, Azərbaycanın enerji ehtiyatları Avropa və digər ölkələr üçün əhəmiyyət kəsb edir: "Ötən il "Şahdəniz" investisiya layihəsinə dair yekun qərarın verilməsi Cənub dəhlizi ilə bağlı xeyli irəliləyişin əldə olunmasına zəmin yaradıb".
R. Morninqstar qeyd edib ki, ABŞ Azərbaycan və digər tərəfdaş ölkələrlə öz işini davam etdirəcək ki, "Şahdəniz" layihəsi irəliyə getsin: "Obama administrasiyası maye qazın Avropaya lazım olan qədər ixrac edilməsi məsələsini dəstəkləyib. Bu, Azərbaycanın Avropaya qaz ixracına mənfi təsir göstərməyəcək".
Morninqstar ABŞ-ın Əfqanıstan məsələsi ilə əlaqədar Azərbaycanla gələcək əməkdaşlığına aydınlıq gətirib. Səfir bildirib ki, ABŞ Əfqanıstanla bağlı Azərbaycanın etdiyi hər bir köməyi yüksək qiymətləndirir: "Azərbaycanın öz ərazisindən Əfqanıstana ərzaq və digər lazımı ləvazimatların daşınmasında göstərdiyi xidmətləri yüksək qiymətləndiririk. 2014-cü ildə Əfqanıstandan beynəlxalq qüvvələrin çıxarılmasından sonra Azərbaycanın bu ölkənin inkişafı ilə bağlı üzərinə götürdüyü öhdəliyi xüsusilə yüksək dəyərləndiririk".