“ABŞ və Rusiya Qarabağ məsələsində necə əməkdaşlıq edə bilər?!” Siyasət

“ABŞ və Rusiya Qarabağ məsələsində necə əməkdaşlıq edə bilər?!”

Glen Hovard: "İstər Hillari Klinton, istərsə də Donald Tramp administrasiyası üçün Azərbaycan əhəmiyyətli ölkə olacaq"

"Azərbaycan bu ilin aprelində çox uğurlu müharibə aparıb və ərazisinin müəyyən hissəsini qaytarıb. Azərbaycan güclü ordu yaradıb və bu, apreldə özünü göstərdi. Apreldə ABŞ yuxudan ayıldı və dedi ki, Minsk prosesini bərpa etməliyik".
Bu sözləri ABŞ-ın Ceymstaun Fondunun prezidenti Glen Hovard Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin "Azərbaycanın qlobal və regional arenada rolu: Reallıqlar və perspektivlər" mövzusunda təşkil etdiyi beynəlxalq konfransın açılışında deyib. Konfrans Azərbaycanın dövlət müstəqilliyinin 25-ci ildönümünə həsr olunub.
Bir gün əvvəl təmas xəttində Azərbaycan əsgərinin həlak olduğunu xatırladan qonaq ABŞ-da keçiriləcək prezident seçkilərinin Azərbaycana mümkün təsirlərindən də danışıb: "Bill Klinton hakimiyyəti dövründə praqmatikliyi ilə seçilib. Barak Obama Azərbaycana münasibətində ideoloji yanaşmanı əsas götürürdü, Klintonlar isə praqmatik yanaşmanı əsas götürürlər. Əgər Hillari prezident seçilərsə, onun administrasiyası ilə Obama administrasiyası arasında ola biləcək əsas fərqi bunda görürəm. ABŞ və Rusiya Qarabağ məsələsində necə əməkdaşlıq edə bilər? Hillari Klintonun prezident seçilməsi Azərbaycan üçün uduş və müsbət hal olar. Donald Trampın seçilməsi də müəyyən amillərə görə Azərbaycan üçün müsbət sayılacaq".
G. Hovard bildirib ki, Ermənistanın Rusiyadan "İsgəndər" zenit-raket kompleksləri alması təhlükəlidir: "Bu, Cənubi Qafqazda yeni silahlanma yarışı yarada bilər. ABŞ administrasiyası bunu başa düşməli və Ermənistanın "İsgəndər" zenit-raket kompleksi almasına reaksiya verməlidir. Azərbaycan da Türkiyə, Pakistan və ya başqa bir ölkədən müdafiə üçün müvafiq silahlar ala bilər. Azərbaycan İsrail, Pakistan, Türkiyə və digər ölkələrlə gözəl münasibətlərə malikdir və 1990-cı illərin Azərbaycanı deyil. Ölkənizin siyasi önəmi getdikcə artacaq. Fərqi yoxdur, istər Hillari Klinton, istərsə də Donald Tramp administrasiyası üçün Azərbaycan əhəmiyyətli ölkə olacaq".