Millət vəkilləri Avstraliyada Qarabağdan danışıb Siyasət

Millət vəkilləri Avstraliyada Qarabağdan danışıb

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, millət vəkili Asim Mollazadə, Azərbaycanın Avstraliyadakı səfiri Rövşən Cəmşidov, Avstraliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Xanlar Fətiyev, Qərbi Avstraliyadakı fəxri konsulumuz Aydan Rzayevanın iştirakı ilə Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə əlaqədar Avstraliyanın Pert şəhərində keçirilən təntənəli mərasim başa çatıb.
Nümayəndə heyəti tədbirdə Azərbaycanın 25 il əvvəl bərpa edilən müstəqilliyinin möhkəmləndirilməsi, ötən müddətdə ölkəmizin beynəlxalq aləmdəki rolu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında geniş məlumat verib.
Tədbirdə Avstraliya parlamentinin parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun sabiq sədri Lyuk Simpkins, Avstraliya-Azərbaycan Dostluq Cəmiyyətinin prezidenti Con Hammond, Qərbi Avstraliya parlamentinin deputati Elizabet Behjat çıxış edərək Azərbaycan nümayəndə heyətini dövlət müstəqilliyimizin bərpasının 25 illiyi ilə əlaqədar təbrik ediblər və ölkəmiz haqqında xoş sözlər deyiblər.
Səfər çərçivəsində Azərbaycanın millət vəkilləri Qərbi Avstraliya Evinin və Qərbi Avstraliya Senatının spikerləri ilə görüşüblər.
Asim Mollazadə həmkarları ilə birlikdə Avstraliya Senatının və Nümayəndələr Palatasının spikerləri Barri Haus və Maykl Sazerlendin başçılıq etdikləri nümayəndə heyəti, həmçinin bu ölkənin ticarət və investisiya naziri Stiv Siobo, xarici işlər naziri Culia Bişop, immiqrasiya nazirinin köməkçisi Hon Aleks Hokla ilə görüşdə iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi, siyasi, iqtisadi əlaqələrin inkişafı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı vəziyyət, turizm, kənd təsərrüfatı və humanitar sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub.