“Kerri Qarabağ probleminin həll olunmasının zamanının çatmadığını bildirib” Siyasət

“Kerri Qarabağ probleminin həll olunmasının zamanının çatmadığını bildirib”

Cümşüd Nuriyev: "Fransa da, onların "quyruğunda sürünür"

"Türkiyə-Rusiya münasibətləri düzələndən sonra məntiqi olaraq erməni məsələsi gündəmə gəlməli idi. Türkiyə öz tələbini irəli sürdü və Rusiya qəbul etdi. Ankara 5 rayonun Azərbaycana qaytarılmasını təklif edib. Moskva da bunu qəbul edib. Rusiya da erməni-türk münasibətlərinin normallaşması şərtini irəli sürüb. Türkiyə şərtlərinin qəbul ediləcəyi halda, bu tələblə razılaşıb". Bu fikirlərlə erməni politoloq Manvel Sarkisyan çıxış edib. Erməni politoloq Rusiyanın istəkləri qarşılığında Bakının şərtlərinin olduğunu bildirib. Ancaq yerli siyasilər
Siyasi şərhçi Cümşüd Nuriyev hesab edir ki, ermənilər Rusiyaya təzyiq etmək istəyirlər ki, guya 5 rayon qaytarılsa, onlar münasibəti pozacaqlar: "Eyni zamanda Ermənistanda Serj Sarkisyanı sevməyən qüvvələr üçün siyasi addımdır. Onlar S.Sarkisyanın hakimiyyətdən uzaqlaşmasına çalışırlar. Yəni, erməni müxalifətinin gündəmə gətirdiyi məsələdir.
Ancaq 5 rayonun qaytarılması ilə bağlı Ermənistan rəhbərliyinin konkret mövqeyi yoxdur. Rusiya isə hələlik bu məsələlərdə ikili standartla fəaliyyət göstərir. ABŞ-ın dövlət Katibi Con Kerri də Qarabağ probleminin həll olunmasının zamanının çatmadığını bildirdi. Fransa da, onların "quyruğunda sürünür". Yəni, ATƏT 23 il ərzində heç bir iş görməyibsə, bundan sonra da nəsə edəcəyi inandırıcı görünmür. Eyni zamanda Türkiyənin də problemi həll edəcəyi inandırıcı deyil. Çünki, özünün hazırda kifayət qədər problemi var. PKK problemi ilə yanaşı, Suriya ərazisinə girib. Ona görə Türkiyə Qarabağ məsələsini gündəmindən çıxartmasa da, bu dəqiqə əsas öz maraqlarını müdafiə etməklə məşğuldur. O baxımdan 5 rayonun qaytarılma ehtimalı əllinin-əlliyədir. Düzdür, cənab Prezidentin "Dağlıq Qarabağa muxtar respublika verə bilər" anonsu müəyyən mənada hansısa danışıqlar getdiyinə işarə edir. Anlaşılandır ki, bu, nə vaxtsa baş verə bilər".
Digər siyasi təhlilçi İlqar Vəlizadə bildirdi ki, bu, erməni politoloqunun şəxsi fikridir: "Ancaq hadisələr elə inkişaf edib ki, regionda Rusiyanın da maraqları dəyişib. O cümlədən Dağlıq Qarabağla bağlı olan mövqeyi əvvəlkindən fərqlidir. 5 rayonun qaytarılması söhbətləri bunun təzahürüdür. Rusiya-Türkiyə ikitərəfli formatındakı danışıqlarda bu məsələ öz yerini alıb. Bu mövzunu müzakirə edərkən güman ki, Türkiyə Azərbaycanın mövqeyini ortalığa qoyub.
Azərbaycanın isə yalnız və yalnız bir tələbi var ki, rayonlar tədricən də olsa, azad edilməlidir. Eyni zamanda digər ərazilərlə bağlı danışıqlar aparılmalıdır. Türkiyə də bu mövqedən çıxış edir. Çünki, Qarabağ münaqişəsində Türkiyə Azərbaycanı dəstəkləyir. Türkiyə Ermənistana qarşı sərhədlərini bağlayıb. Yəni, münaqişənin dondurulmuş vəziyyətdən çıxmasında Türkiyənin də rolu böyük olacaq. Yaxşı ki, erməni cəmiyyəti bunu görür və dərk edir. Ancaq iş burasındadır ki, həmişəki kimi ermənilər yaranmış vəziyyətdən özlərinə uyğun istifadə etməyə çalışacaqlar. Ona görə də torpaqların qaytarılması məsələsini ancaq zaman göstərəcək".