Sanksiyaların əhəmiyyəti daxili siyasətə hesablanıb Siyasət

Sanksiyaların əhəmiyyəti daxili siyasətə hesablanıb

Avropa İttifaqına daxil olmayan 5 ölkə Rusiyaya qarşı tətbiq edilən və 15 mart 2017-c ilə qədər vaxtı uzadılan sanksiyalara qoşulublar. Rusiyaya qarşı tətbiq edilən sanksiyalara Ukrayna, Monteneqro, Albaniya, Norveç və Lixtenşteyn kimi dövlətlər qoşulub. Bir neçə gün öncə ABŞ rəsmiləri özləri etiraf etdi ki, Rusiyaya qarşı tətbiq etdiyimiz sanksiyalardan nəticə əldə edə bilmədik. Bu etirafa baxmayaraq, ABŞ yenidən Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazırlaşır.
Rusiyaya qarşı tətbiq edilən sanksiyalar və bunun nəticəsi barədə fikirlərini politoloq Zərdüşt Əlizadə bölüşüb: "Ukrayna, Monteneqro, Albaniya, Norveç və Lixtenşteynin Rusiyaya qarşı tətbiq edilən sanksiyalara qoşulması Rusiyaya təzyiqi 0,1% artıra bilər. Bu ölkələrin iqtisadi, siyasi, hərbi, mənəvi gücü 0,1% edər.
Rusiyaya tətbiq edilən sanksiyalar rəsmi Moskvaya heç bir təsir etməyəcək. ABŞ Kubaya qarşı 1960-cı ildən sanksiyalar tətbiq edirdi, təsiri sıfır oldu. Şimali Koreyaya 60 ildir sanksiyalar tətbiq edirlər, SSRİ-yə qarşı da sanksiyalar tətbiq edirdilər, onun da təsiri sıfır oldu. SSRİ sanksiyalara görə dağılmadı. SSRİ hakimiyyətin, hakim elitanın xəyanətinə, səfehliyinə görə dağıldı. Sanksiyaların əhəmiyyəti daxili siyasətə hesablanıb. Xalqa göstərirlər ki, guya nə isə edirlər. Əllərindən heç bir şey gəlməyəndə sanksiya tətbiq edirlər. Sanksiyalar tətbiq edən tərəfin faktiki gücsüzlüyünü pərdələmək üçün atılan addımdır".