“Erməni və PKK terroru eynidir” Siyasət

“Erməni və PKK terroru eynidir”

Türkiyədə PKK terrorçuları ermənilərlə əlbir olub Azərbaycana qarşı bu cür fəaliyyət və təxribatlar törətməkdə maraqlıdırlar.
Türkiyədə erməni terrorçularının adını əbədiləşdirən abidənin qurulması ilə bağlı yayılan məlumatlara münasibət bildirən BQP sədri, millət vəkili Fazil Mustafa belə deyib.
Deputat bildirib ki, məsələ çox böyümədən Azərbaycan rəsmi səviyyədə Türkiyə hökuməti ilə əlaqələr qurmalı və bunun araşdırılmasını xahiş etməlidir:
"Əgər həqiqətən Türkiyədə erməni terrorçularının adını əbədiləşdirən bir abidə qoyulubsa, dərhal oranı partlatmaq lazımdır. Çünki erməni və PKK terroru eynidir. ASALA-nın fəaliyyəti bütövlükdə türklərə qarşı yönəlib və bu abidə Türkiyənin özü üçün də böyük bir təhqirdir. Ona görə də məsələni çox qabartmadan Türkiyə ilə qardaşlıq müstəvisində həll etməyimiz vacibdir. Ümid edirəm ki, bu problemi həll etmək mümkün olacaq, çünki burada mürəkkəb bir məsələ yoxdur. Türkiyədə PKK terrorçuları ermənilərlə əlbir olub Azərbaycana qarşı bu cür fəaliyyət və təxribatlar törətməkdə maraqlıdırlar. Bu prosesin qarşısını almaq üçün müəyyən addımlar atmalıyıq. Vaxtilə Qarsda da belə bir abidə ucaltmışdılar, onu necə sökdürdüksə, Tuncelidəkini də elə ləğv edə bilərik. Hesab edirəm ki, Türkiyə özü belə bir addım atar və heç bir izi-tozu da qalmaz".
Qeyd edək ki, Türkiyə mətbuatında Tunceli bölgəsinin Aşağıdoluca kəndində erməni terrorçularının adını əbədiləşdirən abidə qoyulması ilə bağlı məlumat yayılıb.
Abidənin üzərində ASALA terror təşkilatı üzvlərindən və radikal erməni millətçilərindən olmuş Armenak Bakırcıyan, Manuel Dəmir, Nubar Yanıkyan, Kevork Çavuş, hətta ötən əsrin 90-cı illərində Qarabağ və Xocalıda azərbaycanlılara qarşı vəhşiliklər törətmiş Monte Melkonyanın adı da var.