Almaniya səfiri Gəncədə səfərdə olub Siyasət

Almaniya səfiri Gəncədə səfərdə olub

Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab 29-30 noyabr tarixlərində Gəncə şəhərində səfərdə olub.
Səfirlikdən verilən məlumata görə, səfərin əsas məqsədi bir vaxtlar Azərbaycanın paytaxtı olmuş şəhərin iqtisadi potensialı ilə tanışlıq, alman şirkətlərinin layihələrinə baxış və qaçqın və məcburi köçkünlərin həyat şəraiti ilə tanışlıq olub. Səfir Kindsqrab Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşüb və şəhərdə iqtisadi-siyasi proseslər haqqında müzakirə aparıb. O, şəhərin iki böyük iqtisadi obyekti hesab olunan şərab və avtomobil zavodlarına gedərək onların vəziyyəti və gələcək planları ilə tanış olub.
Səfir Gəncə Dövlət Aqrar Universitetində alman universitetləri və kənd təsərrüfatı müəssisələri ilə mübadilə proqramı çərçivəsində Almaniyada təhsil almış məzunlarla fikir mübadiləsi aparıb. GİZ və KFW təşkilatlarının nümayəndələri su təchizatı, kadastr sisteminin yaradılması və yerli özünüidarəetmə sahələrində Almaniya-Azərbaycan layihələrini təqdim ediblər.
M. Kindsqrab səfərin ikinci günündə 2013-cü ilin sonunda istifadəyə verilmiş, əsasən işğal olunmuş Kəlbəcər rayonundan gəlmiş 14000 qaçqının məskunlaşdığı düşərgəni ziyarət edib. Kəlbəcər rayon İH başçısı Aqil Məmmədovla görüşdən sonra səfir düşərgənin sakinləri ilə görüşüb. O, düşərgədə olan məktəbin şagirdlərinə Almaniya Futbol Federasiyasından göndərilmiş futbol topları hədiyyə edib. Balaca məktəblilər bu hədiyyəni sevinclə qarşılayıb.