“ATƏT-in Minsk qrupunun münaqişənin həllində heç bir fəaliyyəti olmayıb” Siyasət

“ATƏT-in Minsk qrupunun münaqişənin həllində heç bir fəaliyyəti olmayıb”

Flora Qasımova: "Əksinə onlar ermənilərə vaxt qazandırdılar"

"Milli Məclisdə Xocalı soyqırımının 25 illiyi ilə əlaqədar yeni qanun layihəsi hazırlanacaq. Yəqin ki, bu "etnik təmizləmək"lə bağlı olacaq. Çünki soyqırımı anlayışının hüquqi mənasının müəyyən edildiyi "Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyadan da göründüyü kimi orada etnik təmizləmə termini yoxdur. Halbuki, erməni millətçiləri Ermənistanın işğal etdikləri ərazilərdə qətllər, dağıntılar törətməklə yanaşı bütün azərbaycanlıları o torpaqlardan qovublar. Bu qanun heç bir ölkədə yoxdur və belə bir qanunun qəbulu presedent ola bilər". Bunu Milli Məclisin Xankəndidən seçilmiş deputatı Flora Qasımova bildirib. F.Qasımova, həmçinin deyib ki, ötən illər ərzində ATƏT-in Minsk qrupunun münaqişənin həllində heç bir fəaliyyəti olmayıb: "Əksinə onlar ermənilərə vaxt qazandırdılar ki, işğal etdikləri torpaqlarda möhkəmlənsinlər. Qeyri-qanuni məskunlaşdırma, azərbaycanlılara məxsus tarixi, mədəni abidələri məhv etmək, saxtalaşdırmaq, təbii sərvətlərimizi talan etmək, nəinki keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin rayonlarının, eyni zamanda Kəlbəcər, Laçın, Zəngilan, Qubadlı rayonlarının adlarını dəyişdirməklə, o torpaqları özününküləşdirməklə gələcəkdə Ermənistana qatmaq siyasəti aparmaqdadırlar. Minsk qrupunun məqsədi Azərbaycanın hərbi yolla öz torpaqlarını azad etməsinin qarşısını almaqdır. Təəssüf ki, Minsk qrupunun həmsədrlərindən biri olan Rusiya işğalçı dövləti silahlandırır. Ermənistan artıq bir növ Rusiyanın quberniyasıdır; silahla da təmin olunur, ordusunu da onun ordusuna qatır".

Deputat qeyd edib ki, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmasının görüşünün baş tutmamasına dair fikirlərini bölüşən F.Qasımova görüşün baş tutmamasının səbəbinin Ermənistanın torpaq iddialarından əl çəkməməsi olduğunu vurğulayıb: "Sərkisyan belə bir ifadə işlətmişdi. "Vətən doğulduğun yer deyil, qazandığın yerdir". Bununla onlar işğal etdikləri ərazini gənc nəsillərə vətən kimi təqdim edirlər. Biz də başa düşməliyik ki, Ermənistan müstəqil deyil və birbaşa Rusiyanın diqtəsi ilə hərəkət edir. Sərkisyanlar, Köçəryanlar Azərbaycan xalqının qisas hissindən qorxurlar və gec-tez törətdikləri cinayətlərə görə cavab verəcəklərini bilirlər".
İcmaların görüşünün, sadə insanların təmaslarının münaqişənin həllinə nə dərəcədə töhfə verə biləcəyinə dair fikirlərini bölüşən F.Qasımova deyib: "Nə qədər ki, azərbaycanlılarla birlikdə dinc şəraitdə yaşayan yaşlı insanlar sağdır, bu görüşün töhfəsi ola bilər. Azərbaycanda yaşayan ermənilər qorxusuz, hürküsüz ölkənin istənilən yerinə gedib gəlirdilər, onlarla erməni qızları azərbaycanlılarla ailə qurmuşdu. Qarabağ erməniləri bilirlər ki, o torpaqlar Azərbaycana məxsusdur və biz tezliklər öz yurdumuza qayıdacağıq. Onlar barışığın tərəfdarlarıdır".